Naxçıvanda sensasiya qeydə alındı

Naxçıvanda sensasiya qeydə alındı


Dekabrın 4-də Azərbaycan kubokunda 1/8 final mərhələsinin görüşləri keçirilib. Növbəti mərhələyə vəsiqələrin sahibləri 1 oyundan ibarət qarşılaşmada müəyyənləşib.
Topaz Premyer Liqasında çıxış edən 10 klubun mübarizəyə başladığı 1/8 final oyunlarından 6-da güclülər aşağı dəstə təmsilçisi ilə görüşüb. Bu matçların favoriti olan elita klublarından yalnız "Simurq” büdrəyib. Zaqatala təmsilçisi Naxçıvanda I divizionun lideri ilə bacarmayıb. "Araz Naxçıvan” rəqibini 11 metrlik cərimə zərbələri seriyasında məğlub edib - 4:2.
"Kəpəz” "Neftçi”, "Mil-Muğan” isə "Qəbələ” ilə oyundan məğlub ayrılıb. Aşağı dəstə təmsilçilərinin hər ikisi Premyer Liqanın liderlərindən biri ilə görüşdə minimum fərqlə uduzub. Əvəzində digər 3 klub Premyer Liqa klubu ilə qarşılaşmağa peşman olub. "Qaradağ-Lökbatan” 2 qol vursa da, "Rəvan”la matçda böyük hesablı məğlubiyyətdən qaça bilməyib.
Çempionatın növbəti turunda üz-üzə gələcək "İnter” və "Xəzər Lənkəran” klubları oyunun taleyini birinci hissədə həll edib. Onların hər ikisi artıq fasiləyədək 4 qol vurmaqla cütün taleyini həll edib. "Bankçılar” günün ən böyük hesabına imza atmaqla mərhələni rekordla başa vurub. Baş məşqçi vəzifəsinə yeni gətirilən Mustafa Dənizlinin rəhbərliyi altında ilk matçına çıxan lənkəranlılar isə cənub derbisini ilk hissədə vurduğu qollarla tamamlayıb.


Premyer Liqa klublarının iştirakı ilə təşkil olunan 2 qarşılaşma isə daha gərgin alınıb. "Bakı” "Sumqayıt”ı yalnız matça əlavə olunmuş 3-cü dəqiqədə məğlub edə bilib - 2:1. "Qarabağ” da rəqibini minimum fərqlə üstələyib. Lakin bu oyunda cəmi 1 qol vurulub.
Beləliklə, Azərbaycan kubokunun 1/4 final mərhələsinin komandaları müəyyənləşib. İlk oyunları martın 12-13-də, cavab görüşləri 1 həftə sonra təşkil olunacaq mərhələdə 4 paytaxt və 4 əyalət klubu mübarizə aparacaq. Maraqlıdır ki, artıq 1/4 finalda 2 paytaxt derbisi gerçəkləşəcək. Həmin cütlərin qalibi isə yarımfinalda görüşəcək. Bu isə o deməkdir ki, 4 paytaxt klubundan 1-i finalda olacaq. Onun rəqibinin əyalət təmsilçisi olacağı artıq dəqiqdir.

Azərbaycan kuboku

1/8 final mərhələsi

4 dekabr (çərşənbə)
"İnter” - "Şuşa” - 7:0
Qollar: Aleksandr İaşvili, 27, 33, 62; Ruslan Əmircanov, 36; Asif Məmmədov, 45, 57; Abdulla Abatsiyev, 90+1.
Qırmızı vərəqə: İsrafil Qarayev, 84.
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Cavanşir Yusifov, Elgün Hüseynov.
Bakı. "Şəfa” stadionu.

"Xəzər Lənkəran” - "Neftçala” - 4:0
Qollar: Sadio Tounkara, 8, 45; Etame Mbilla, 22, 43.
Hakimlər: Ramil Əhmədov, Azər Əsgərov, Mübariz Haşımov, Ramiz Məhərrəmov.
Lənkəran. Mərkəzi şəhər stadio
nu.

"Qaradağ Lökbatan” - "Rəvan” - 2:5
Qollar: Rüfət Məmmədov, 24; Anar Həsənov, 59 (pen.) - İvan Pexa, 21, Vüsal Qarayev, 29, 90; Elnur Abdulov, 42 (pen.); Rəşad Abdullayev, 64.
Qırmızı vərəqə: Elçin Cəfərov, 42.
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vaqif Musayev, Hacıəli Ağayev.
Bakı. "Bayıl Arena” stadionu.
"Bakı” - "Sumqayıt” - 2:1
Qollar: Aleksandr Şoliç, 59 (pen.); Risto Ristoviç, 90+3 - Slavik Alxasov, 85.
Hakimlər: Vüsal Əliyev, Elşən Acalov, Namiq Hüseynov, Ziya Nəsirov.
Bakı. "Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

"Mil-Muğan” - "Qəbələ” - 1:2
Qollar: Elnur Məmmədov, 3 - Leonardo da Silva, 18 (pen.); Abdulvahid Afolabi, 20.
Qırmızı vərəqə: Çərkəz Həsənov, 17.
Hakimlər: Elvin Əsgərov, Vüsal Qənbərov, Rahil Ramazanov, Tahir Əhmədov.
Qəbələ. Şəhər stadionu.

"Neftçi” - "Kəpəz” - 1:0
Qol: Ernest Nfor, 57.
Hakimlər: Alik Yunusov, Nahid Əliyev, Rasim Əhmədov, Venera Kahriç.
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

"Araz Naxçıvan” - "Simurq” - 2:2 (pen. - 4:2)
Qollar: David Janalidze, 45 (pen.); Bəxtiyar Soltanov, 88 - Rəşad Eyyubov, 17 (pen.); 80.
Qırmızı vərəqə: Tural Axundov, 90.
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, İsgəndər Əliyev, Fərid Məmmədov.
Naxçıvan. Muxtar Respublika stadionu.

"Qarabağ” - AZAL - 1:0
Qol: Reynaldo Silva, 79.
Qırmızı vərəqə: Aleksandr Şemonayev, 62.
Hakimlər: Ramil Diniyev, Rza Məmmədov, Elman Musayev, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Feyzulla Feyzullayev, Əliyar Ağayev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

1/4 final mərhələsi

12-13 mart
"İnter” - "Neftçi”
"Rəvan” - "Bakı”
"Qəbələ” - "Qarabağ”
"Araz Naxçıvan” - "Xəzər Lənkəran”