Yüksək Liqa: "Azərreyl" liderliyini davam etdirir

Yüksək Liqa: "Azərreyl" liderliyini davam etdirir

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 19-cu tur çərçivəsində paytaxtda iki, Gəncədə isə bir görüş təşkil olunub. 

Bakıda Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən oyunda “Azərreyl" və “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gəlib. Matça daha yaxşı başlayan “Azərreyl” üstünlüyünü sonadək qoruyub və 3:0 hesablı qələbə qazanıb.

Günün növbəti oyununda “Gəncə” doğma meydanda “Abşeron”u qəbul edib. Meydan sahibləri ilk setdən təşəbbüsü ələ alaraq yekunda 3:0 hesabı ilə qalib gəliblər.

Tura UNEC - “Murov Az Terminal” qarşılaşması ilə yekun vurulub. UNEC-in idman zalında baş tutan görüş “Murov Az Terminal”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Beləliklə, qadınların turnir cədvəlinə 48 xalla (16 qələbə) “Azərreyl” komandası liderlik edir. “Murov Az Terminal” 40 xalla (14 qələbə) ikinci, “Abşeron” 39 xalla (13 qələbə) üçüncü, “Gəncə” 30 xalla (10 qələbə) dördüncüdür. Aktivində 14 xalı (4 qələbə) olan “Milli Aviasiya Akademiyası” beşincidir. Xalı olmayan UNEC isə sonuncu pillədədir.