Noyabrın 28-də 17 yaşınadək futbolçular arasında Avropa çempionatının 2014/15-ci illər mövsümünün seçmə mərhələsinin püşkü atılıb. UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə Azərbaycan millisinin rəqibləri də müəyyənləşib.
Püşkün nəticələrinə, əsasən, yığmamız X qrupa düşüb. Komandamız Belçika, İsveçrə, Bosniya və Herseqovina ilə mübarizə aparacaq. Artıq oyunların harada keçiriləcəyi dəqiqləşib. Oyunlar 2014-cü ilin oktyabrın 23-28-i aralığında Belçikada olacaq.
Yeri gəlmişkən, həmin gün 19 yaşınadək futbolçular arasında növbəti Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. 2014/15-ci illər mövsümünün püşkü Azərbaycan millisinin rəqiblərinin də adlarına aydınlıq gətirib. Yığmamız gələn ilin payızında keçiriləcək mərhələdə Slovakiya, Ermənistan və Macarıstan komandaları ilə mübarizə aparacaq. 4-cü qrupda yer alan təmsilçimizin qarşılaşmaları Macarıstanda təşkil olunacaq. Matçlar 2014-cü il noyabrın 10-dan 15-dək keçiriləcək.
Qeyd edək ki, ümumilikdə 52 komanda 13 qrupa bölünüb. Hər qrupdan ilk 2 yeri tutanlar, həmçinin ən yaxşı nəticəyə malik 3-cü yer sahibi elit-raunda yüksələcək.