"Real” hücumçusu Kriştianu Ronaldunu zədələrdən sığortalayıb. "Economia Negocios” nəşriyyatının məlumatına görə, sığortanın məbləği 103 milyon avro olub ki, bu da ötən ildəkindən 3 faiz çoxdur.
Ümumiyyətlə, Madrid klubunun rəhbərliyi bir çox oyunçularıyla bağlı ehtiyat tədbirləri görür. Məsələn, qapıçı İker Kasilyas 7 milyon avro, yarımmüdafiəçi Qaret Beyl isə 1 milyon avro məbləğində sığortalanıblar.
Yeri gəlmişkən, Kriştianu Ronaldu "dünyanın ən yaxşı futbolçusu” adına münasibətini də bildirib. O, bu titulu əldə edə bilməyəcəyindən narahat olmadığını deyib: ""Qızıl top” mükafatı mənim üçün xüsusi əhəmiyyət daşımır. Sadəcə, həm "Real”da, həm də milli komandada öz işimi layiqincə görməyə çalışıram”.
Qeyd edək ki, Portuqaliyanın Madeyra adasında Kriştianu Ronaldonun muzeyi fəaliyyət göstərəcək. Muzey "Real”ın forvardının anadan olduğu Funşal şəhərində açılacaq. Ronaldonun doğma şəhərində muzey açmaq ideyası futbolçunun özünə və anasına məxsusdur. Burada onun formaları, şəkilləri, topları və bütün mükafatları yer alacaq. Hazırda muzeyin inşası gedir.