"Qarabağ” və "Qəbələ” klubları isə keçmiş lideri geridə qoydular
Dekabrın 8-də Topaz Premyer Liqasında XVI turun oyunları keçirilib. 5 oyundan 3-ü paytaxtda olub. Tur liderlər qrupunda dəyişikliklə yadda qalıb.
Turun açılış matçı Qəbələdə keçirilib. Yerli "Qəbələ” klubu digər bölgə təmsilçisi "Simurq” komandası ilə qarşılaşıb. Zaqatala təmsilçisi bir neçə gün əvvəl Azərbaycan kubokunda gözlənilmədən "Araz Naxçıvan”a uduzduğuna görə, bu dəfə, ən azı, xal qazanmağa çalışacaqdı. Yuri Syominin yetirmələri isə liderlər qrupundakı mövqeyini möhkəmləndirmək üçün mütləq qalib gəlməli idi. Hesabı meydan sahibləri açsa da, Georgi Çixradzenin yetirmələri bu qola cavab verə biliblər. Hamı görüşün heç-heçə başa çatacağını gözlədiyi an "səhnə”yə ilk qolun müəllifi Daniel Subotiç çıxıb. O, matçın əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə komandasına qələbə qazandıran qola imza atıb. Beləliklə, Yuri Syominin komandası çox vacib qələbə qazanaraq ilk "üçlük”dəki mövqeyini bir qədər də yaxşılaşdırıb.
AZAL autsayderlər qrupunda qərarlaşan "Rəvan” klubu ilə münasibətlərinə Şüvəlanda aydınlıq gətirib. İki təcrübəli yerli mütəxəssisin - Vaqif Sadıqovla Şahin Diniyevin komandası uğursuz seriyalara son qoymaq ümidində idi. Vaqif Sadıqovun komandası 10 tur idi ki, qələbə qazana bilmirdi. "Aslanlar” isə Şahin Diniyevin gəlişindən sonra çempionatda qələbə sevinci dadmamışdı. Düzdür, əvvəlki günlərdə kubok çərçivəsində "Rəvan” yeni baş məşqçisi ilə qələbə qazanaraq mərhələ adlasa da, çempionat görüşlərində eyni uğuru qazanmaq, hələ ki, mümkün olmamışdı. Yeri gəlmişkən, AZAL kubokda "Qarabağ”a uduzaraq mübarizəni dayandırdığından azarkeşlərinin qarşısında yalnız qələbə qazanmaqla bəraət əldə edə bilərdi. Amma görüşdə hesabı qonaqlar açıblar.

Vaxtilə AZAL-da çıxış etmiş Hüseyn Axundov keçmiş komandasının qapısına yol tapıb. Görüşün əsas vaxtının başa çatmasına saniyələr qalarkən, "təyyarəçilər”in futbolçusu Şəhriyar Rəhimov "qəhrəman” rolunu oynayıb. H. Axundov kimi, Ş. Rəhimov da keçmiş komandasına qol vurub. Özü də 1 yox, 2 qol. Məhz Şəhriyarın vurduğu 2 qol AZAL-a uzun fasilədən sonra 3 xal sevinci yaşadıb. "Aslanlar”ın qələbəsizlik günləri isə hələ də davam edir.
Son turlarda yüksəlişdə olan "İnter” doğma azarkeşlər önündə "Xəzər Lənkəran” klubunu qəbul ediğ. Mustafa Dənizli ilə ilk Premyer Liqa matçına çıxan cənub təmsilçisi türkiyəli mütəxəssisin debütünü qələbə ilə qeyd etmək istəyirdi. Amma nə "ağ-yaşıllar”ın bu istəyi reallaşıb, nə də "bankçılar” son turlardakı qələbə seriyasını davam etdirə bilib. 90 dəqiqə ərzində tərəflər qol vurmadan 1 xalla kifayətləniblər.
"Sumqayıt” evdə "Bakı” klubunu sınağa çəkib. Meydan sahibləri bir neçə gün əvvəl kubokda uduzduğu bu rəqibindən çempionatda xal almaq istəyirdi. Amma Milinko Pantiçin yetirmələri, kubok görüşündə olduğu kimi, yenə 2:1 hesablı qələbə qazanıblar. Amma qolları eyni komandanın futbolçuları vurublar. Belə ki, "Bakı”nın üzvü Mario Alvares həm öz qapısına, həm də rəqib qapısına yol tapıb. Digər qolu isə Mindauqas Kalonas vurub.
Turun mərkəzi oyunu Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunub. Lider "Neftçi” səfərdə əsas və əzəli rəqibi "Qarabağ” klubunun qonağı olub. Azərbaycan derbisinə rəng qatan əsas məqamlardan biri qələbə qazanacaq komandanın zirvədə qərarlaşacağı idi. Bu mənada "neftçilər”ə heç-heçə də kifayət edirdi. Amma Ağdam klubuna bunun üçün mütləq qələbə lazım idi. Qurban Qurbanovun yetirmələri bu istəyə 3 qolla nail olublar. Xüsusilə də, Reynaldonun uğurlu çıxışı "Qarabağ”ın liderliyi ələ keçirməsində önəmli rol oynayıb. Braziliyalı futbolçu rəqib qapısından 2 top keçirib.
Topaz Premyer Liqası
XVI tur
8 dekabr ( bazar)
"Qəbələ” - "Simurq” - 2:1
Qollar: Daniel Subotiç, 52; 90+3 - Amid Quluzadə, 65 (öz qapısına).
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Munis Abdullayev, Nail Nağıyev.
Qəbələ. Şəhər stadionu.
I dövrədəki oyun - 0:0
AZAL - "Rəvan” - 2:1
Qollar: Şəhriyar Rəhimov, 90; 90+3 - Hüseyn Axundov, 50.
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Sərxan İsmayılov.
Bakı. "AZAL Arena” stadionu.
I dövrədəki oyun - 0:0
"İnter” - "Xəzər Lənkəran” - 0:0
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ömər Paşayev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, İnqilab Məmmədov.
Bakı. "Şəfa” stadionu.
I dövrədəki oyun - 1:0
"Sumqayıt” - "Bakı” - 1:2
Qollar: Mario Alvares, 5; Mindauqas Kalonas, 50 (pen.) - Mario Alvares, 64 (öz qapısına).
Qırmızı vərəqə: Ruslan Qurbanov, 90.
Hakimlər: Rauf Cabbarov, Rza Məmmədov, Nahid Əliyev, Tahir Əhmədov.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu, süni örtüklü meydança.
I dövrədəki oyun - 0:1
"Qarabağ” - "Neftçi” - 3:1
Qollar: Reynaldo Silva, 6; 57, Marinaldo da Silva, 74 (pen.) - Karlos Kardozo, 56.
Hakimlər: Vüsal Əliyev, Namiq Hüseynov, Vaqif Musayev, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ramil Diniyev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
I dövrədəki oyun - 0:0