“32-lər” qruplara bölündülər

“32-lər” qruplara bölündülər



Son finalçılar bu dəfə qrupda qarşılaşacaqlar

Dekabrın 6-da 2014-cü ildə Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib. Mötəbər yarışın püşkü Kosta-du-Sauipe şəhərində təşkil olunan təntənəli tədbirdə atılıb.
Gecənin aparıcıları Fernanda Lima və Rodriqo İlbertin təqdimatı ilə keçirilən tədbirin startı bədii hissədən ibarət olub. Ardınca səhnəyə FİFA prezidenti Yozef Blatterlə Braziliyadan olan həmkarı Dilma Russeff çıxıb, qonaqları salamlayaraq, ürək sözlərini deyiblər. Sonra Nelson Mandelanın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbir əvvəlki mundialların yaddaqalan epizodlarının videoçarxı ilə davam etdirilib. Səhnəyə çıxan son dünya çempionu İspaniyanın baş məşqçisi Visente del Boske Dünya kubokunu təşkilatçı ölkə Braziliyaya təqdim edib və onu yenidən qazanmağa çalışacaqlarını bildirib. Tədbir cənubi amerikalı musiqiçilərin ifası ilə davam edib.
Sonra videogörüntülərlə iştirakçı yığmaların təqdimatı keçirilib. Dünya çempionatlarında ən çox qol vuran braziliyalı Ronaldo isə budəfəki yarışda oynanılacaq Brazuka topunu bir daha səhnədə nümayiş etdirib.
Bundan sonra XX dünya çempionatının püşkatmasının əsas hissəsinə start verilib. Növbə çempionatın talismanı Fulekoya da çatıb. Növbəti musiqi parçasından sonra çıxış edən "Futbol kralı” Pelenin ardınca isə mundialın keçiriləcəyi stadionların təqdimatı olub.

FİFA-nın baş katibi Jerom Valkenin səhnəyə çıxması ilə tədbirin rəsmi hissəsi başlayıb. Xatırladaq ki, hələ tədbir ərəfəsində millilər 4 səbətə bölünmüşdü. 1-ci səbətdə ən güclülər yer almışdısa, digər səbətlər konfederasiyalar prinsipinə görə qurulmuşdu.
Səbətlərdən komandaları çıxarmaq üçün futbol əfsanələri - Alsides Qicca (Uruqvay), Cefri Herst (İngiltərə), Kafu (Braziliya), Fabio Kannavaro (İtaliya), Mario Kempes (Argentina), Fernando Yerro (İspaniya), Zinədin Zidan (Fransa) və Lotar Matteusdur (Almaniya) səhnəyə dəvət ediliblər. Mərasimdə planetin ən güclü 32 komandası 8 qrupa bölünüb.
Dünya çempionu olmuş 3 yığma - Uruqvay, İtaliya və İngiltərə komandaları eyni qrupa düşüb. Onlar D qrupunda mübarizə aparacaqlar. Son mundialın finalçıları - İspaniya ilə Hollandiya yığmaları da eyni qrupda yer alıblar. Özü də onlar elə ilk turda qarşılaşacaqlar. Çempionların qrupunda İngiltərə ilə İtaliya milliləri arasında qarşılaşma da I tura təsadüf edəcək.
Millimizlə eyni qrupda mübarizə aparmış Rusiya yığması nisbətən asan qrupa düşüb. "Şimal qonşularımız” H qrupunda Belçika, Əlcəzair və Cənubi Koreya yığmaları ilə mübarizə aparacaqlar. Portuqaliya millisinin işi isə bir qədər çətin olacaq. Priney təmsilçisi G qrupunda Almaniya, Qana və ABŞ millilərindən güclü olmağa çalışacaq.
Qeyd edək ki, dünya çempionatının final mərhələsi gələn il iyunun 12-dən start götürəcək. Çempionatın açılış oyununda Braziliya ilə Xorvatiya komandaları üz-üzə gələcəklər.

DÇ-2014-ün final mərhələsi
A qrupu: Braziliya, Xorvatiya, Meksika, Kamerun;
B qrupu: İspaniya, Hollandiya, Çili, Avstraliya;
C qrupu: Kolumbiya, Yunanıstan, Kot-D İvuar, Yaponiya;
D qrupu: Uruqvay, Kosta-Rika, İngiltərə, İtaliya;
E qrupu: İsveçrə, Ekvador, Fransa, Honduras;
F qrupu: Argentina, Bosniya və Herseqovina, İran, Nigeriya;
G qrupu: Almaniya, Portuqaliya, Qana, ABŞ;
H qrupu: Belçika, Əlcəzair, Rusiya, Cənubi Koreya.