Qış fasiləsinə kim necə yollanacaq?
Ötən həftəsonu Topaz Premyer Liqasında XVII turun oyunları keçirilib. Ölkə çempionatının 5 oyunundan 3-ü paytaxtda təşkil olunub. Tur liderin növbəti dəfə dəyişməsi ilə yadda qalıb.
İlk oyun günündə 2 görüş keçirilib. Paytaxtda təşkil olunan oyunda son vaxtlar uğurlu çıxışı ilə yadda qalan "İnter” doğma meydanda autsayder "Sumqayıt” klubunu qəbul edib. Paytaxt təmsilçisinin heç vaxt uduzmadığı bu rəqibinə qalib gələcəyi, demək olar ki, şübhə doğurmurdu. Elə də olub. İki cavabsız qolla qalib gələn "bankçılar” növbəti 3 xala sevinərkən "Sumqayıt”ın uğursuz seriyası da davam edib.

Zaqatalada isə "Simurq” AZAL klubu ilə münasibətlərinə aydınlıq gətirib. "Təyyarəçilər” bundan əvvəlki turda "Rəvan”a qalib gəlməklə 10 oyunluq qələbəsizlik seriyasına son qoymuşdu. Onlar bu görüşdə də, ən azı, uduzmamağa çalışacaqdı. "Simurq” isə əksinə, son oyunlardakı uğursuzluqları unutdurmaq üçün doğma azarkeşləri qarşısında mütləq qələbə qazanmağa borclu idi. Georgi Çixradzenin yetirmələri bu vəzifənin öhdəsindən gəliblər. Vaqif Sadıqovun komandasındakı heyətlə bağlı problemlərdən maksimum yararlanan bölgə təmsilçisi heç kimin gözləmədiyi halda, 3 xalı 3 qolla qazanıb. Bu qələbə həm də "Simurq”un turnir cədvəlində AZAL-ı qabaqlaması ilə nəticələnib.
Turun digər oyunları son oyun günü olub. "Xəzər Lənkəran” doğma meydanda "Rəvan” klubu ilə üz-üzə gəlib. Mustafa Dənizlinin rəhbərliyi altında ilk çempionat oyununda səfərdə "İnter”lə heç-heçə edən cənub təmsilçisi evdə qələbə qazanmağa nail olub. Etame Mbillanın vurduğu qol matçda yeganə olub. Beləliklə, 1 kubok, 2 çempionat oyununda da məğlub olmayan Mustafa Dənizlinin komandası qələbəsizlik seriyasına son qoyub. Lakin qazanılan 3 xal "ağ-yaşıllar”ın turnir cədvəlindəki mövqeyini dəyişməyib. "Rəvan”ın Şahin Diniyevlə qələbəsizlik seriyası isə hələ də davam edir.
Lider "Qarabağ” bu tur səfərdə "Bakı” klubu ilə üz-üzə gəlib. İlk dövrədə böyük hesabla uduzan Milinko Pantiçin komandası bu görüşə ciddi hazırlaşmışdı. Elə bunun məntiqi nəticəsidir ki, payaxt klubu budəfəki qarşılaşmadan qalib ayrılıb. Düzdür, rəqib komandanın heyətindəki çoxsaylı itkilər bu görüşün nəticəsinə təsir göstərib. Amma "zolaqlılar”ın da bu qarşılaşmada qələbəyəlayiq futbol göstərdiyini demək olar. İstənilən halda, "Bakı” bu qələbə sayəsində "Qarabağ”ı liderlikdən məhrum edib. Çünki günün digər oyunda "Neftçi” qələbə qazanmaqla zirvəni ələ keçirib.
Nazim Süleymanovun komandası doğma meydanda əsas rəqibi "Qəbələ” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Artıq "Qarabağ”ın məğlubiyyətindən xəbərdar olan paytaxt təmsilçisi bu görüşdə qələbə qazanmaqla, liderliyə yüksələ bilərdi. Belə ki, həm "Qarabağ”dan, həm də "Qəbələ”dən geridə olan "ağ-qaralar” növbəti 3 xalla hər iki rəqibini qabaqlayacaqdı. Bakılılar bu çətin vəzifənin öhdəsindən gəliblər. Mahir Şükürovun son saniyələrdə vurduğu qələbə qolu təkcə Yuri Syominin komandasını yox, həm də "Qarabağ”ı məyus edib.
Beləliklə, qələbə sayəsində "Neftçi” klubu liderliyə yüksəlib. "Qarabağ” 1 pillə geriləyərək, 2-ci pillədə qərarlaşıb. "Qəbələ” klubu isə ilk "üçlüy”ü qapayıb.
Topaz Premyer Liqası
XVII tur
14 dekabr (şənbə)
"Simurq” - AZAL - 3:0
Qollar: Draqan Çeran, 25; Raul Kostin, 45; Ruslan Poladov, 85.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
"İnter” - "Sumqayıt” - 2:0
Qol: Abdulla Abatsiyev, 32; Vaqif Cavadov, 88.
Bakı. "Şəfa” stadionu.
15 dekabr (bazar)
"Bakı” - "Qarabağ” - 2:1
Qollar: Deyvidas Çesnauskis, 56, Rauf Əliyev, 73 - Ulrix Kapolonqo, 76.
Bakı. "Bakı” FK-nın təlim məşq bazasının stadionu.
"Xəzər Lənkəran” - "Rəvan” - 1:0
Qol: Etame Mbilla 27.
Lənkəran. Mərkəzi şəhər stadionu.
"Neftçi” - "Qəbələ” - 2:1
Qollar: Araz Abdullayev, 13 (pen.), Mahir Şükürov, 90+3 - Leonardo da Silva, 45+2 (pen.).
Bakı. "Bakcell Arena” stadionu.
XVIII tur
20 dekabr (cümə)
"Qəbələ” - "Bakı”
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Coşqun Həsənov, Fərid Məmmədov.
Qəbələ. Şəhər stadionu. Saat 13:00.
"Xəzər Lənkəran” - "Sumqayıt”
Hakimlər: Ramil Əhmədov, Yaşar Abbasov, Vaqif Musayev, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Feyzulla Feyzullayev.
Lənkəran. Mərkəzi şəhər stadionu. Saat 15:00.
AZAL - "Neftçi”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov.
Bakı. "AZAL Arena” stadionu. Saat 15:00.
"Rəvan” - "Simurq”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Nahid Əliyev, Sərxan İsmayılov.
Bakı. "Bayıl Arena” stadionu. Saat 16:00.
"Qarabağ” - "İnter”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Diniyev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 17:00.