Beynəlxalq Olimpiya Komitəsi (BOK) Azərbaycanda qadınlar arasında futbolun inkişafına görə AFFA-nı mükafatlandırıb. UEFA-nın rəsmi saytına əsasən, BOK "Qadınlar arasında idmanın inkişafına və qızların məşğələlərə cəlb edilməsinə böyük töhfəsinə görə” assosiasiyaya nüfuzlu "Qadınlar və idman” diplomunu təqdim edib.
AFFA-nın qadınlar arasında futbol üzrə əlaqələndiricisi Zaur Hacıməhərrəmov demişdir: "Bu mükafat bizim üçün çox əhəmiyyətlidir. O, hər federasiyaya verilmir, deməli, biz düzgün yoldayıq və beynəlxalq idman strukturları əməyimizi yüksək qiymətləndirir. Düzü, belə bir diplom alacağımızı gözləmirdik. İndi başladığımız işi davam etdirərək ikiqat səylə çalışmalı, göstərilən etimadı doğrultmalıyıq”.
Azərbaycanda qadınlar arasında futbol həyatında ən mühüm hadisələrdən biri 2010-cu il martın 19-da ölkənin 17 yaşınadək olan qızlar arasında 2012-ci ilin dünya çempionatını keçirmək hüququnu qazanması idi. Ölkəmizdə keçirilən çempionata hazırlıq məqsədi ilə azərbaycanlı qızlar UEFA-nın qonağı oldular, Nyonda bir həftəlik toplantılar keçirdilər, iki yoldaşlıq oyununda iştirak etdilər. O vaxt qazanılmış təcrübə planetin aparıcı komandalarının iştirak etdikləri dünya çempionatında yığma komandamızın ölkəmizi layiqincə təmsil etməsinə imkan verdi.
Azərbaycanda hələlik qadınlar arasında yüksək səviyyədə çempionat keçirilmir, lakin qızlar arasında bu idmanın coşğun inkişafı göz qabağındadır. 13, 16 və 19 yaşınadək futbolçu qızlar arasında liqalar fəaliyyət göstərir. Bu liqalarda 50 kollektiv mübarizə aparır. Həmçinin 15, 17 və 19 yaşınadək olan qızların yığma komandaları fəaliyyət göstərir. Onlardan birincisi 2014-cü ilin yeniyetmələr arasında yay Olimpiya oyunları ərəfəsində keçiriləcək seçmə raundda iştirak etmək məqsədi ilə bu yaxınlarda yaradılıb. Oktyabr ayında Nyonda təsnifat turniri keçirilmiş və Azərbaycan finala çıxaraq son mərhələdə Slovakiyaya uduzub.
İndi AFFA qadın yığmalarının səviyyəsinin yüksəldilməsi üzərində çalışır. Ən yaxın vaxtlarda 21 yaşınadək olan qızların yığma komandasının yaradılması nəzərdə tutulur.