Mətbuat xidməti əməkdaşları üçün seminar

Mətbuat xidməti əməkdaşları üçün seminar


"Bakcell Arena”da Lisenziyalaşdırma prosesi çərçivəsində mətbuat xidməti əməkdaşları üçün seminar keçirilib. UEFA-nın mətbuat üzrə nümayəndəsi Martins Hartmanisin rəhbərliyi ilə keçirilən məşğələlərdə Topaz Premyer Liqasında, I Divizionda mübarizə aparan klubların, həmçinin AFFA və Peşəkar Futbol Liqasının mətbuat xidmətinin əməkdaşları iştirak edib.
Seminarda ilk olaraq AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov çıxış edib. Futbolun inkişafında və təbliğində mətbuatın böyük rolunun olduğunu qeyd edən E. Məmmədov seminarın proqramını iştirakçıların diqqətinə çatdırıb.
Martin Hartmanis əsasən UEFA Çempionlar Liqası və Avropa Liqası oyunlarının nümunəsində mətbuat xidməti əməkdaşlarının öhdəsinə düşən vəzifələr barədə danışıb, mövzu ilə bağlı maraqlı videoçarxlar və fotolar nümayiş etdirilib.
Fasilədən sonra praktiki məşğələ təşkil olunub. Topaz Premyer Liqasının XVII turunun "Neftçi” - "Qəbələ” oyunundan əvvəl seminar iştirakçıları mətbuat sektoruna, MİX zonaya baxış keçirib, qeyd olunmuş qarşılaşmanı izləyiblər.