Azərbaycan parataekvondo millisi Serbiyanın paytaxtı Belqradda keçirilmiş Avropa çempionatında tarixi uğura imza atıb.
Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, yığmamızın heyətində İmaməddin Xəlilov (70 kq) qızıl, Əbülfəz Abuzərli (80 kq) gümüş medal qazanıblar. Yığma bu nəticə ilə medal əyarına görə komanda hesabında birinci yeri tutub.
İkinci pillədə Türkiyə, üçüncü sırada isə neytral statusda çıxış edən idmançıların komandası (AIN) qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi qitə birinciliyində baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında mübarizə aparıb. Yığma yarışda 3 parataekvondoçu ilə təmsil olunub.