Millimiz Dubaya püşkatmadan sonra gedəcək

Millimiz Dubaya püşkatmadan sonra gedəcək


Azərbaycan yığmasının növbəti təlim-məşq toplanışının məkanı müəyyənləşib. Berti Foqts hazırlıq üçün komandanı yenə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) aparmağı planlaşdırır.
Artıq neçə ildir yanvarda Dubayda toplanış keçən millimiz bu dəfə Ərəbistan yarımadasına fevralın sonlarında gedəcək. Bu isə o deməkdir ki, Topaz Premyer Liqasının təqvimində müəyyən dəyişikliklər edilməlidir. Çünki çempionatın təqvimində fevral ayına 5 tur təsadüf edir. Bundan başqa, toplanış FİFA təqvimində ayrılan vaxta düşmədiyindən ölkə xaricində çıxış edən futbolçularımız hazırlıqlara qatıla bilməyəcək.
Komandamızın fevralın 23-də təşkil olunacaq EURO-2016-nın seçmə mərhələsinin püşkündən sonra vətəni tərk etməsi də mümkündür. Belə ki, məhz bundan sonra AFFA hansısa rəqiblə yoxlama oyunu keçirməyin mümkünlüyünə baxa bilər. Həm də FİFA-nın yoxlama oyunları üçün müəyyənləşdirdiyi tarix martın 5-dir. Bu səbəbdən də yığmanın fevralın sonunda ölkəni tərk edəcəyi, martın 5-dəki qarşılaşmadan sonra geri dönəcəyi istisna deyil.
Belə olan halda, Topaz Premyer Liqasının XXIV, bəlkə də XXIII turu də təxirə düşəcək.
Qeyd edək ki, yanvarda bir araya gəlməyəcək yığmadan fərqli, Foqts 2014-cü ilin ilk ayını da iş başında olacaq. Almaniyalının klubların hazırlıqlarına baş çəkərək, futbolçuların durumu ilə maraqlanacaq.