Çempionluq son saniyələrdə əldən verildi

Çempionluq son saniyələrdə əldən verildi

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə futbol üzrə dörd yaş qrupunda keçirilən Bakı birinciliyinə yekun vurulub. Xatırladaq ki, 1997, 1998, 1999 və 2000-ci illər təvəllüdlü futbolçular arasında təşkil olunan Bakı şəhər klub komanda birinciliyinə aprel ayında start verilmişdi.

«Neftçi» İdman-Sağlamlıq Mərkəzi paytaxt yarışında bütün yaş qrupları üzrə təmsil olunub. Uğurla çıxış edən komandalardan 1998-ci il təvəllüdlülərdən ibarət futbolçular daha baxımlı oyun göstəriblər. Otello Xəlilovun rəhbərliyi altında çıxış edən bu komanda, 11 klubun mübarizə apardığı birincilikdə 3-cü yeri tutaraq bürünc medala layiq görülüb. Qeyd edək ki, «Neftçi» İSM-in komandası çempionluqdan son saniyələrdə məhrum olub. Belə ki, sonuncu görüşdə «RİOGEM-1» komandası ilə üz-üzə gələn «neftçilər» 1:0 hesabı ilə irəlidə olduqları bir vaxt, son saniyələrdə əks tərəfdən gələn təsadüfi bir qolu onların qələbəsini əlindən alıb. Hesab bərabərləşəndən sonra isə ümumi vəziyyət rəqibin xeyrinə dəyişib. Nəticədə «RİOGEM-1» komandası 52 xalla çempion titulunu qazanıb. «Neftçi» İSM-in komandası isə 50 xalla üçüncü olub.