2013-cü il artıq geridə qalıb. "Qarabağ” klubu geridə qalan ilin ən yaxşılarını seçib. Ənənəvi olaraq keçirilən sorğuda klubun idarə, texniki və inzibati heyəti qatılıb. Sorğu iştirakçıları 2013-cü ildə meydana çıxan 20 futbolçu arasında seçim ediblər. Əvvəlcədən müəyyənləşmiş 20 futbolçu 20 ballıq şkala ilə qiymətləndirilib. Yəni, 20-ə qədər xal 20 futbolçu arasında paylaşdırılmalı idi. Klubun direktoru Emrah Çelikel və baş məşqçi Qurban Qurbanovun da iştirak etdiyi sorğu olduqca maraqlı alınıb. Maraqlıdır ki, ötən illərə müqayisədə bu dəfə qalib böyük fərqlə qələbə qazanıb. Gözlənildiyi kimi, "Qarabağ”ın braziliyalı hücumçusu Reynaldo klubda çalışanlarının rəğbətini qazanaraq ilin ən yaxşısı seçilib. Rekord səslə birinci olan 24 yaşlı hücumçu 1 nəfərdən fərqli olaraq, hər kəsdən maksimum xal alıb.
Qeyd edək ki, Reynaldo 2013-cü ilin əvvəlində komandaya qoşulub. "Anderlext”dən transfer edilən ön xətt oyunçusu ilin ilk hissəsində cəmi 2 qol vursa da, həm kubok, həm də çempionatda hücum xəttində inamlı çıxışı ilə komandaya böyük fayda vermişdi. Bu mövsüm isə Reynaldo avrokuboklarda 5, Premyer Liqada 7, kubokda isə komandanın 1/4 finala yüksəlməyinə səbəb olan yeganə qola imza atıb. Braziliyalı futbolçu 2008-ci ildən keçirilməyə başlayan sorğuda Admir Teliden sonra ilin sonunda klub çalışanlarının rəğbətini qazanan 2-ci əcnəbi olub.
Məlumat üçün bildirək ki, 2-ci və 3-cü yerlər arasında isə ciddi mübarizə qeydə alınıb. Ötən sorğuda 3-cü olan Riçard Almeyda bu dəfə 2-ci olub. 3-cü pillədə komandanın kapitanı Rəşad Sadıqov qərarlaşıb. İlk "5-liy”i isə ötən ilin qalibi Vüqar Nadirovla Qara Qarayev tamamlayıb.
Bütün qaliblər
2008 - Maksim Medvedev
2009 - Vaqif Cavadov
2010 - Rauf Əliyev
2011 - Admir Teli
2012 - Vüqar Nadirov
2013 - Reynaldo