Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq cədvəlini açıqlayıb. Qurumun prezidenti Alfredo Pojenin ölümü ilə əlaqədar federasiyanın fəaliyyətində müvəqqəti durğunluğun yaranması səbəbindən siyahı 10 aylıq fasilədən sonra dərc olunub.
2013-cü il üçün 12 ayının nəticələrini özündə əks etdirən siyahıda planetin 200 ən güclü komandası yer alıb. Siyahıda Azərbaycanın 1 təmsilçisi də var. Daxili arenada titul qazana bilməsə də, UEFA Avropa Liqasında 3 mərhələ keçən "Qarabağ” dünyanın 111-ci komandasıdır. Hesabında 119,50 xal olan Qurban Qurbanovun yetirmələri "River Pleyt” (Argentina), "Marsel” (Fransa), MOİK (Rusiya), "Udineze” (İtaliya), "Anderlext” (Belçika), "Malaqa” (İspaniya), "Penyarol” (Uruqvay), "Flamenqo”, "Botofoqo” (hər ikisi Braziliya), "Nyukasl”, "Everton”, "Liverpul”, "Uiqan” (hamısı İngiltərə), "Volfsburq”, "Ştutqart” (hər ikisi Almaniya) kimi klubları geridə qoyub.
Siyahının ilk pilləsində isə "Bavariya” klubu qərarlaşıb. Almaniya klubunun 370 xalı var. İspaniya "Real”ı 290 xalla 2-ci, İngiltərə "Çelsi”si 273 xalla 3-cüdür.