"Barcastuff”un məlumatına görə, 2013-cü ilin "Qızıl top”una "Real”ın hücumçusu Kriştianu Ronaldo layiq görüləcək. Belə ki, əvvəlcə mükafatlandırma mərasiminə getmək istəməyən Portuqaliya milli komandasının kapitanı FIFA tərəfindən mükafatın məhz ona təqdim olunacağı barədə məlumat aldıqdan sonra fikrini dəyişib.
Ronaldo özü də la Liqanın 18-ci turu çərçivəsində "Selta” ilə oyundan sonra "Qızıl top”un mükafatlandırma mərasiminə gedəcəyini təsdiqləyib.
Xatırladaq ki, Ronaldo FİFA-nın prezidenti Yozef Blatterin Lionel Messini ondan üstün tutmasını deməsindən sonra "Qızıl top”un mükafatlandırma mərasiminə qatılmaqdan imtina etmək fikrinə düşmüşdü.
Yeri gəlmişkən, hazırda La Liqanın bombardiri olmaq uğrunda Ronaldo ilə mübarizə aparan və rəqibindən 1 top geri qalan "Atletiko”nun hücumçusu Dieqo Kosta kimin 2013-cü ilin "Qızıl top”una layiq olmasıyla bağlı sualı cavablandırıb. Braziliyalı futbolçu mükafata üç namizəddən birini seçmək xahişinə "Kriştianu Ronaldo”, - deyə cavab verib.
"Bavariya”nın və Fransa milli komandasının yarımmüdafiəçisi Frank Riberi də "Qızıl top”u qazanmaq şansları barədə danışıb. "Çox da həyəcanlı deyiləm. Fikrimcə, bu mükafatı qazanmaq şansım yüksəkdir. Biz 2013-cü il boyunca çox yaxşı oynamışıq. Az qalıb, baxaq, necə olacaq”, - deyə fransalı futbolçu bildirib.
"Bavariya”nın baş məşqçisi Xosep Qvardiola da Almaniya mətbuatına "Qızıl top”un namizədləri barədə danışıb. "Hər üç namizəd çox güclü futbolçudur. Riberi Sürixə gedib "Qızıl top”un mükafatlandırma mərasimindən zövq almalıdır. Mən indiyədək Riberi kimi xarakterə malik futbolçu görməmişəm. Onun öz komandası üçün necə mübarizə aparması heyrətamizdir. Onun məşqçisi olmaq mənim üçün şərəfdir. Ümid edirəm ki, öz qabiliyyətini daha da təkmilləşdirməkdə ona yardımçı ola biləcəyəm”, - deyə ispaniyalı mütəxəssis bildirib.
"Qızıl top”un sorğusunda iştirak edən İtaliya milli komandasının baş məşqçisi Çezare Prandelli isə öz anketində həmyerlisi, "Yuventus”un yarımmüdafiəçisi Andrea Pirlonun adını birinci yazdığını etiraf edib. İtaliya mətbuatı 56 yaşlı mütəxəssisin sözlərini belə təqdim edib: "Pirloya səs vermişəm, 2-ci yerdə Kriştianu Ronaldo, 3-cüdə isə Lionel Messini yazmışam”.
Xatırladaq ki, FIFA və "France Football” jurnalının təsis etdiyi "Qızıl top” dünyanın ən yaxşı futbolçusu üçün nəzərdə tutulub. 2013-cü ildə bu mükafatı qazanmağa namizəd üç futbolçunun adı açıqlanıb: Kriştianu Ronaldo, Lionel Messi və Frank Riberi.