Transfer xəbərləri

Transfer xəbərləri



"Arsenal”ın futbolçusu "Qəbələ”də

Antalyada hazırlıqlarına bu həftə start verən "Qəbələ” klubu sıralarını yeni futbolçu ilə gücləndirib. Klubun rəsmi saytının yaydığı məlumata görə, ötən mövsüm Kiyev "Arsenal”ında çıxış etmiş Rafael Santos karyerasını "Qəbələ”də davam etdirəcək.
Braziliyalı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. 29 yaşlı futbolçu artıq "qırmızı-qaralar”ın Antalya düşərgəsində məşqlərə başlayıb.
Qeyd edək ki, karyerasına Braziliyanın "Ponte-Preta” (2003-2006) klubunda başlayan Rafael Santos ölkəsində daha sonra "İnternasional” (2006-2007) və "Atletiko Paranaense”nin (2007-2011) şərəfini qoruyub. Sonuncu klubda olarkən Salvadorun "Vitoriya” (2008) və İtaliyanın "Bolonya” (2009/10) komandalarında icarə əsasında çıxış edib.
Rafael ötən il qısa müddət ölkəsinin "XV de Pirasisaba” klubunda oynayıb. Sonra Kiyev "Arsenal”ı ilə müqavilə bağlayan futbolçu sözügedən komandada 1 il çıxış edib.


"Xəzər Lənkəran”dan daha bir transfer

Transferlərini davam etdirən "Xəzər Lənkəran” klubu gənc futbolçu Orxan Əliyevi heyətinə cəlb edib. Bu barədə xəbəri klubun rəsmi saytı yayıb. Lerik rayonunda dünyaya gələn Orxan futbol karyerasına Rusiya Federasiyasında başlayıb. 2011-ci ildə Azərbaycanın U-17 millisinə dəvət alan hücumçu həmin il "Sumqayıt”a transfer olunub.
Qeyd edək ki, 2,5 il ərzində bu klubun formasını geyinmiş Orxan "Xəzər Lənkəran”la 2 illik müqaviləyə imza atıb. Futbolçu artıq bu həftədən etibarən komandanın Antalyadakı təlim-məşq toplanışına qoşulub.


Murad Səttarlı yenidən "Simurq”a qayıtdı

Ötən mövsüm "Simurq”un heyətində icarə əsasında forma geyən Murad Səttarlı artıq Zaqatala təmsilçisinin futbolçusudur. Klubun rəsmi saytının yaydığı məlumata görə, bu həftə ilyarımlıq müqavilə imzalayan gənc futbolçu "Simurq”un heyətində 21 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Murad Səttarlı 2012/13-cü illər mövsümündə əyalət təmsilçisinin heyətində 30 rəsmi qarşılaşmada iki dəfə rəqib qapıçılarını məyus etmişdi.

Nikolas Kanales
icarəyə verildi

"Neftçi” klubunun keçmiş futbolçusu Nikolas Kanales yenidən klubunu dəyişib. 29 yaşlı hücumçu Çilinin "Kolo-Kolo” komandasından "Santyaqo Vanderers”ə icarəyə verilib.
Təqdimat mərasimində çilili hücumçu bildirib ki, yeni klubu kiçik şəhəri təmsil etsə də, böyük azarkeş kütləsinə malikdir. O, oynadığı bütün komandalarda çoxlu qol vurmağa çalışdığını açıqlayıb. Kanales yarım ilədək çıxış etdiyi "Kolo-Kolo”da son ayyarımda zədə səbəbindən oynamadığını söyləyib.
Qeyd edək ki, Nikolas Kanales 2012-2013-cü illər mövsümündə "Neftçi”də çıxış edib. O, Azərbaycan Premyer Liqasında 31 oyunda 26 qolla bombardir olub. UEFA Avropa Liqasında isə Kanales İtaliya "İnter”ini həm ev, həm də səfər matçlarında məyus edərək, 2 qolla komandasının ən məhsuldar oyunçusu sayılıb.

"Rubin”in yeni baş
məşqçisi müəyyənləşdi
Azərbaycan milli komandasının üzvü Ruslan Abışovun şərəfini qoruduğu "Rubin” klubunun yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.
Rusiya mətbuatının yaydığı məlumata görə, Kazan təmsilçisini Stanislav Çerçesov çalışdıracaq. Təcrübəli mütəxəssis hazırda Rusiya Premyer Liqa təmsilçisi "Amkar” klubunda işləyir. Lakin 50 yaşlı mütəxəssis Perm klubunu tərk edərək "Rubin”də çalışmağa razılıq verib.
Qeyd edək ki, Çerçesov "Rubin”in baş məşqçi vəzifəsində Kurban Berdıyevi əvəzləyəcək. 2001-ci ildən "Rubin”i çalışdıran K. Berdıyev bir müddət öncə istefaya göndərilib.


Avropa təmsilçisi üçün yeni baş məşqçi

Macarıstan milli komandasının yeni baş məşqçisinin adı məlum olub. Bu vəzifəyə Attila Pinter təyin olunub.
10 illik məşqçilik fəaliyyətində Macarıstanın "Ferensvaroş”, "Sopron”, "Vaşaş” və "Qyor” klublarında çalışmış 47 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Pinter bu vəzifədə Şandor Eqervarini əvəzləyib. Sonuncu DÇ-2014-ün seçmə mərhələsinin Hollandiya ilə oyunundakı 1:8 hesablı məğlubiyyətdən sonra istefa vermişdi.
Qeyd edək ki, Macarıstan yığması EURO-2016-nın bu il fevralın
23-də təşkil olunacaq püşkatması zamanı 2-ci səbətdə yer alacaq. Bu isə o deməkdir ki, Pinterin yetirmələri
5-ci səbətdə yer alan Azərbaycan millisinin mümkün rəqiblərindən biridir.