Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI turnirə yekun vurulub. 1996-97-ci illər təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması, qrup sonuncusu olduğu üçün, 13-16-cı yerlər uğrunda mübarzə aparıb.
Təmsilçimiz əvvəlcə Latviya millisi ilə münasibətlərinə aydınlıq gətirib. Matçda hesabı Baltikyanı ölkə təmsilçisi açsa da, yığmamız hesabı bərabərləşdirməyə müvəffəq olub. Oyun 1:1 hesabı ilə başa çatıb. Buna görə də, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Penaltilər seriyasında qapıçımızın inamlı çıxışı yığmamızın qələbəsi ilə nəticələnib - 3:0.
Komandamız qələbə qazandığına görə 13-cü yer uğrunda mübarizəyə qoşulub. Həmyerlilərimiz bu yer uğrunda Belarus millisi ilə üz-üzə gəlib. Oyunun əsas və əlavə vaxtında heç-heçə qeydə alındığından, qalib penalti seriyasında müəyyənləşib. Zərbələri dəqiqliklə yerinə yetirən millimiz qələbəni bayram edib - 4:2. Nəticədə, həmyerlilərimiz turniri 13-cü yerdə başa vurublar.
Qeyd edək ki, millimiz qrup mərhələsinin ilk oyununda Yunanıstan komandası ilə 1:1 hesablı heç-heçə etmişdi. Təmsilçilərimiz növbəti matçlarda Çexiyaya (0:2) və Yaponiyaya (1:4) məğlub olmuşdu.
13-16-cı yerlər uğrunda
9 yanvar
Azərbaycan - Latviya - 1:1 (pen. - 3:0)
Qollar: Bəhlul Mustafazadə, 76 - Andris Kruşatins, 16.
11 yanvar
Belarus - Azərbaycan - 1:1 (pen. - 2:4)
Qollar: Aleksey Tarakanov, 48 - Fəhmin Muradbəyli, 57.
Qırmızı vərəqə: Aleksey Nosko, 76 - Elnur Cəfərov, 76.