Andrey Popoviç"Sumqayıt”a qayıdır
Topaz Premyer Liqasında qış fasiləsinə sonuncu pillədə yollanan "Sumqayıt” növbəti transferini reallaşdırıb. "Gənclik şəhəri” təmsilçisi millimizin üzvü Andrey Popoviçlə razılığa gəlib.
"Sumqayıt” Ukrayna əsilli qapıçı ilə yaxın günlərdə rəsmi müqavilə imzalayacaq. O, klubun qış fasiləsində 3-cü transferi olacaq. Qeyd edək ki, bir müddət bundan əvvəl Ramil Mansurovla Tərzin Cahangirov Sumqayıt təmsilçisi ilə münasibətləri rəsmiləşdiriblər.
Qeyd edək ki, 2011/2012-ci illər mövsümündə də "Sumqayıt”ın şərəfini qoruyan Andrey Popoviç daha sonra "Turan”da çıxış edib. O, cari mövsümün ilk hissəsini Türkiyədə I dəstə təmsilçisi "Tavşanlı Linyitspor”da keçirib. Lakin komandasının yarım mövsümdə keçirdiyi 21 görüşün yalnız birində meydan üzü görən Popoviçin qardaş ölkədən ayrılmalı olub.
Yığmamızın keçmiş futbolçusu klubsuz qaldı
Türkiyə təmsilçisi "Tavşanlı Linyitspor” millimizin keçmiş üzvü Usim Nduka ilə yolları ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 1-ci dəstə təmsilçisi nigeriyalı müdafiəçi ilə müqaviləni qarşılıqlı olaraq ləğv edib.
Qeyd edək ki, Nduka türk klubu ilə ötən ilin iyul ayında müqavilə bağlamışdı.
Ronaldinyo son qərarını verdi
"Beşiktaş”ın uzun müddətdir transfer etmək istədiyi "Atletiko Mineyro”nun futbolçusu Ronaldinyo klubu ilə müqaviləni yeniləyib. Klubun rəsmi saytının yaydığı məlumata görə, braziliyalı hücumçu ilə bir illik yeni müqavilə imzalanıb. Xatırladaq ki, Ronaldinyo 2012-ci ildən "Atletiko Mineyro”da oynayır.
Qeyd edək ki, "Beşiktaş”ın təcrübəli futbolçu ilə razılığa gəldiyi iddia edilirdi.
Ruslan Abışovun yeni baş məşqçisi müəyyənləşdi
Rusiyanın "Rubin” klubunun yeni baş məşqçisinin adı məlum olub. Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun da şərəfini qoruduğu Kazan təmsilçisini Rinat Bilyaletdinov çalışdıracaq.
57 yaşlı çalışdırıcı klubun keçmiş baş məşqçisi Kurban Berdıyevin istefasından sonra boş qalan baş məşqçi vəzifəsinə təyin olunub. 2002-ci ildən "Lokomotiv”in gənclərdən ibarət komandasına rəhbərlik edən Bilyaletdinov bir müddət əsas komandada da baş məşqçi əvəzi kimi fəaliyyət göstərib. 2011-12-ci illərdə isə Rusiyanın 2-ci yığmasında çalışıb.
Qeyd edək ki, "Rubin”in yeni baş məşqçisi tanınmış rusiyalı futbolçu Diniyar Bilyaletdinovun atasıdır.
Millinin futbolçusu
"Qalatasaray”ı seçdi
Transfer mövsümünə sürətli başlayan "Qalatasaray” növbəti futbolçu ilə heyətini gücləndirib. Türkiyə mətbuatının yaydığı məlumata görə, İstanbul klubu "Əskişəhərspor”un gənc müdafiəçisi Veysəl Sarını transfer edib.
Futbolçu ilə razılığa gələn "Cim-Bom” yaxın günlərdə bu transferi rəsmiləşdirəcək. Bu keçid üçün "sarı-qırmızılar” Necati Şaşmaz və Erman Kılıcın transferlərinə görə "Əskişəhərspor”un 400 min avroluq borcunu silib və Veysəl də klubdan alacağından imtina edib. Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan 25 yaşlı sağ cinah müdafiəçisi 2009-cu ildən "Əskişəhərspor”da çıxış edirdi. O, "Beşiktaş” və "Fənərbaxça” kimi digər İstanbul "nəhənglər”inin də hədəfində idi.
Xatırladaq ki, "Qalatasaray” Aleks Telyes və Umut Gündoğan transferlərini reallaşdırıb. İzzət Hayroviçi isə artıq Türkiyəyə gətirib.