Sürixdəki "Kongresshaus”da keçirilən qala-gecədə 2013-cü ilin "FIFA Ballon d’Or” mükafatının sahibinin kimliyi bəlli olub. FIFA-nın üzvü olan bütün ölkələrin hərəsindən bir KİV nümayəndəsi, həmçinin milli komandaların baş məşqçi və kapitanlarının səsverməsi nəticəsində dünyanın ən yaxşı futbolçusu seçilən "Real”ın və Portuqaliya milli komandasının hücumçusu Kriştianu Ronaldo (səslərin 27,99 %-ni qazanıb) "Qızıl top”a layiq görülüb. O, FIFA və "France Football” jurnalının keçirdiyi sorğuda "Barselona” və Argentina milli komandasının hücumçusu Lionel Messi (24,72 %), "Bavariya” və Fransa milli komandasının yarımmüdafiəçisi Frank Riberi (23,36 %) və daha 20 namizədi qabaqlayıb. Ronaldonun 2008-ci ildə də "Qızıl top”a sahib çıxdığını xatırladaq.
Yeganə 3 qat dünya çempionu 73 yaşlı braziliyalı Pele fəxri "Qızıl top”la mükafatlandırılıb.
Bundan başqa, KİV nümayəndələri, həmçinin milli komandaların baş məşqçi və kapitanları arasında keçirilən sorğu nəticəsində "Bavariya”nın sabiq çalışdırıçısı alman Yupp Heynkes 2013-cü ildə dünyanın ən yaxşı məşqçisi üçün nəzərdə tutulan mükafata layiq görülüb. O, səsvermədə şotlandiyalı Aleks Ferqyuson, alman Yürgen Klopp və daha yeddi namizədi qabaqlayıb.
Almaniya qadınlar milli komandasının 35 yaşlı qapıçısı Nadine Angerer 2013-cü ilin ən yaxşı qadın futbolçusu, 2005-ci ildən Almaniya milli komandasını çalışdıran Silvia Neyd isə ilin ən yaxşı qadın məşqçisi seçilib. 49 yaşlı alman mütəxəssisin 2010-cu ildə də bu mükafatı qazandığını xatırladaq.
İlin ən yaxşı qolu üçün nəzərdə tutulan FIFA Puşkaş mükafatı azarkeşlər arasında keçirilən sorğu nəticəsində isveçli Zlatan İbrahimoviçə qismət olub (maraqlıdır ki, əslində bu qol İngiltərə milli komandası ilə 2012-ci ildə keçirilən oyunda vurulub). O, səsvermədə finala yüksəlmiş digər namizədlər - serb Nemanya Matiç və braziliyalı Neymarı qabaqlayıb.
Peşəkar Futbolçuların Beynəlxalq Federasiyası olan FIFPro-nun təxminən 52 min üzvü 4-3-3 sistemi üzrə ilin rəmzi komandasını seçib və seçilənlər - qapıçı Manuel Noyer (Almaniya), müdafiəçilər Filipp Lam (Almaniya), Serxio Ramos (İspaniya), Tyaqo Silva (Braziliya), Daniel Alves (Braziliya), yarımmüdafiəçilər Andres İnyesta (İspaniya), Xavi (İspaniya), Frank Riberi (Fransa), hücumçular Kriştianu Ronaldo (Portuqaliya), Zlatan İbrahimoviç (İsveç) və Lionel Messi (Argentina) FIFA FIFPro World XI mükafatına sahib çıxıblar.
FIFA Prezidentinin mükafatı Beynəlxalq Olimpiya Komitəsinin keçmiş prezidenti Jak Roqq, FIFA Fair Play mükafatı isə Əfqanıstan Futbol Federasiyasına təqdim olunub.
Qeyd edək ki, "Qızıl top”un sorğusunda KİV nümayəndəsi olaraq Azərbaycanı "Futbol dünyası”nın əməkdaşı Rasim Mövsümzadə təmsil edir. O, 2000-ci ildən sözügedən mükafatın, 2011-ci ildən isə "UEFA Best Player in Europe” mükafatının münsiflər heyətinin üzvüdür.
Rasim Mövsümzadə 2013-cü ildə belə səs verib:
"Qızıl top”
1. Frank Riberi
2. Kriştianu Ronaldo
3. Zlatan İbrahimoviç
Dünyanın ən yaxşı
məşqçisi
1. Yupp Heynkes
2. Yürgen Klopp
3. Rafael Benitez