Messinin qeyri-adi geyimləri

Messinin qeyri-adi geyimləri


"Qızıl top” mükafatının təqdimat mərasimində iştirak edən və bu mükafata əsas namizədlərdən olan Lionel Messi öz qeyri-adi geyimi ilə yenidən mətbuatın diqqət mərkəzinə düşüb.
2013-cü ildə 4-cü dəfə "Qızıl top” mükafatının ardınca Sürixə gələn Messi qara, ağ damaları olan kostyumda və eyni rənglərə malik "kəpənək” (baboçka) qalstukda olub. "Barselona”lı hücumçunun bu geyimi Sürixdə ən çox müzakirə olunan məsələyə çevrilib. Onu da deyək ki, "Qızıl top” mükafatının təqdimetmə mərasiminə qatılan Messinin geyimi Milan şəhərinin məhşur dizaynerləri Domeniko Dolçe və Stefano Qabbana tərəfindən hazırlanıb. Argentinalı hücumçunun 2013-cü ildə geyindiyi kostyum onu kumiri olan Dieqo Maradonaya bənzədib. Qeyd edək ki, əfsanəvi Maradona ağ damalı kostyum geyinməyi çox sevirdi. Maraqlıdır ki, "Mançester Siti” klubunun qapıçısı Co Hart da belə geyimlərə üstünlük verir.

Co Hart müsahibələrinin birində "Qızıl top” mükafatı və qeyri-adi geyimi ilə bağlı belə deyib: "Mən mükafatlandırma mərasimində iştirak etmədim. Çünki həmin mərasimdə İngiltərə Premyer Liqası barədə az danışılır. Amma bu mərasimdə yeniliklər olacağını gözləyirdim. Messinin geyindiyi pençək barədə eşitmişəm. Argentinalı elə bir futbolçudur ki, o, mərasimə istənilən geyimdə, hətta çılpaq da gələ bilər. Deyirlər ki, mən də Messi kimi geyinirəm. Hesab edirəm ki, burada heç bir qəbahət yoxdur”.
Ötən il "Qızıl buts” mükafatının təqdimetmə mərasimində də Messi öz geyimi ilə diqqət çəkib. O, qara rəngli və üzərində ağ güllər çəkilmiş pençək geyib. Mərasimə Messi lə birgə gələnlər - onun komanda yoldaşları Pike, Fabreqas, Puyol, Alba və Xavi argentinalının bu geyimini təəccüblə qarşılayıblar. Maraqlıdır ki, Ukraynada bu məsələyə başqa cür münasibət bildirilib. Ukraynalılar hesab edirlər ki, argentinalı hücumçunun kostyumu onların milli ruhda işlənmiş əl işlərinə bənzəyir.
"Qızıl top” mükafatının yanvarın 13-də keçirilən təqdimat mərasimində Messi qara geyimlərini qırmızı rəngli kostyumla əvəz edib. Maraqlıdır ki, Messinin bu kostyumu 90-cı illərdə dəbdə olan "yeni ruslar”ın geyiminə bənzədilib. Rusiya saytlarının birinin yazdığına görə, qırmızı rəngli geyim SSRİ-nin dağılması ərəfəsində daha çox dəbdə olub. "Belə kostyumları geyinənlər diqqəti daha çox özlərinə çəkirdilər. Əhali arasında belə bir rəy formalaşmışdı ki, qırmızı rəngli kostyumun sahibləri özlərinin hər şeyə qadir olduqlarını nümayiş etdirirdilər”, - deyə sayt qeyd edir.
Maraqlıdır ki, Messi tədbirdən bir neçə gün əvvəl Sürixə başqa geyimdə gəlib. O, idman köynəyi, cins şalvar və idman ayaqqabısında olub.
Dünyanın ən məşhur hücumçusu klassik geyimləri də kənara qoymur. Məsələn, argentinalı futbolçu 2012-ci ildə komanda yoldaşı İnyestanın toy mərasiminə klassik geyimdə gəlib: boz kostyum, ağ köynək və boz qalstuk.
Ötən il Lionel Messi və onun atası vergidən yayınmaqda günahlandırılaraq istintaqa cəlb olunmuşdular. Polis bölməsinə ifadə vermək üçün gələn Messi, diqqəti cəlb etməməkdən ötrü adi qara kostyumda olub.
Argentina mətbuatı Messinin öz sevgilisi Antonella Rokutso ilə birgə iştirak etdiyi karnavalda geyindiyi paltarı diqqətdən qaçırmayıb. Məşhur futbolçu karnavala dənizçilərin (matros) istifadə etdiyi geyimlə gəlib.
Hazırladılar:
Hürrü Abdullayev,
Rahib Səmədov