Millimizin futbolçusu yeni klubunda ilk oyuna çıxıb

Millimizin futbolçusu yeni klubunda ilk oyuna çıxıb

Azərbaycan yığmasının sol cinah müdafiəçisi Ufuk Budakın "Əskişəhərspor”dan ayrılması təsdiqlənib. Almaniya doğumlu futbolçu Superliqa klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozub.
O, karyerasını bundan sonra Türkiyənin I dəstəsində davam etdirəcək. Ufuk "Qaziantep BB” klubuna keçib. Qaziantep təmsilçisi onunla 1,5 illik müqavilə bağlayıb.
Yeri gəlmişkən, millimizin üzvü artıq yeni komandasında debüt edib. Budak Türkiyə PTT liqasının hesabat turunda meydanda olub. Təvəllüdünə uyğun "90” nömrəli forma ilə meydana çıxan futbolçu "Qaziantep BB” - "Adana Dəmirspor” matçında birincilərin start heyətində yer alıb və 90 dəqiqə mübarizə aparıb. Ancaq onun da yer aldığı müdafiə xəttinin oyuna əlavə olunmuş dəqiqələrdə diqqətsizliyi Qaziantep təmsilçisinin son dəqiqədə qapısından top buraxması və doğma meydanda məğlub olması ilə nəticələnib - 1:2. Bu nəticədən sonra "Qaziantep BB” 24 xalla 13-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Budak "Frayburq”dan "Əskişəhərspor”a 2012-ci ilin iyununda keçib. Bu klubla 3 illik müqavilə bağlayan futbolçu əsas komandada rəsmi debütünü gerçəkləşdirə bilməyib. Ərtuğrul Sağlamın gəlişindən sonra isə Budak əvəzedici komandaya göndərilmişdi.