Rövnəq Abdullayev: “Əsas məqsəd EURO-2020-nin Bakıda keçirilməsinə nail olmaqdır”

Rövnəq Abdullayev: “Əsas məqsəd EURO-2020-nin Bakıda keçirilməsinə nail olmaqdır”

AFFA tərəfindən Bakının Nizami rayonu ərazisində tikilən "8 KM” stadionu bundan sonra "Bakcell Arena” adlanacaq. Fevralın 23-də "Bakcell Arena”nın adını əks etdirən lövhənin açılış mərasimi keçirildi. Mərasimdə AFFA-nın prezidenti Rövnəq Abdullayev və "Bakcell”in baş icraçı direktoru Riçard Şirer iştirak etdilər.
Rövnəq Abdullayev öz çıxışında bu stadionun müasir tələblərə cavab verdiyini qeyd etdi:
- Bildiyiniz kimi, bu stadion 2012-ci ilin yayında cənab Prezidentimizin iştirakı ilə açıldı. Mən deyərdim ki, bura Azərbaycanın futbol stadionlarının içində infrastruktur baxımından ən hazır stadionlardan biridir. Ötən il FIFA U-17 qadınlararası dünya çempionatının bir neçə oyunu bu stadionda keçirildi. "Bakcell Arena” uğurlu infrastruktur layihələrindən biridir. Sevindirici haldır ki, artıq yerli şirkətlər futbol sahəsinə maraq göstərirlər. Bildiyiniz kimi, bu stadionun adı üçün AFFA tender elan etdi və tenderin qalibi "Bakcell” şirkəti oldu. İnanırıq ki, bu əməkdaşlıq hər iki tərəf üçün səmərəli olacaq. Gələcəkdə başqa şirkətlər də futbol sahəsinə sərmayə qoymağa çalışacaqlar.
"Bakcell” şirkətinin baş icraçı direktoru AFFA ilə əməkdaşlıqdan məmnun olduqlarını vurğuladı:
- Şadıq ki, AFFA ilə əməkdaşlıq edirik. Biz bunun bəhrəsini ötən il gördük. Xatırlayırsınızsa, Azərbaycanda keçirilmiş mundialda AFFA-nın tərəfdaşlarından biri də biz idik. Bu stadionda ölkə çempionatının oyunları da təşkil olunur. Hazırda Azərbaycanın ən güclü klublarından biri olan "Neftçi” məhz bu komanda bizim şirkətin adını daşıyan stadionda ev oyunlarını keçirir.
Çıxışlardan sonra Rövnəq Abdullayev və Riçard Şirer "Bakcell Arena”nın adını əks etdirən lövhənin üzərindən ağ örtüyü götürdülər.

Mərasimdən sonda AFFA-nın prezidenti jurnalistlərin suallarını cavablandırdı.

- Buyaxınlarda yayılan məlumatlara görə, "Bakı” klubunun prezidenti Hafiz Məmmədov AFFA prezidenti vəzifəsinə gətiriləcək. Bununla bağlı fikrinizi bilmək istərdik...
- Mən hara gedirəm ki? (gülür). Bunlar boş söhbətlərdir. Ötən ilin martında AFFA-da prezident seçkisi olub və 2016-cı ilə kimi bu vəzifəyə seçilmişəm. Mən də bu işimi davam etdirirəm. Böyük planlar var və biz bunu yerinə yetirməliyik. Bildiyiniz kimi, Azərbaycanda futbolun inkişafı üçün cənab Prezidentimiz bizə yaxından kömək edir. Biz də onun etimadını doğrultmalıyıq. 2016-cı ildə 17 yaşadək oğlanlar arasında Avropa çempionatının final mərhələsi Azərbaycanda keçiriləcək. Əsas məqsəd EURO-2020-nin Bakıda keçirilməsinə nail olmaqdır. Bildiyiniz kimi, həmin çempionat 12 şəhərdə keçiriləcək və biz də öz namizədliyimizi irəli sürmüşük. Biz həmin 12 şəhər sırasında Bakının da olması üçün əlimizdən gələni edəcəyik və buna nail olacağımıza inanıram. Qarşımızda bu planlar var.
- Ümumiyyətlə, Hafiz Məmmədovun belə bir vəzifədə çalışmağına münasibətiniz necədir?
- O, ilk növbədə, futbolu sevən bir insandır. Hafiz Məmmədov prezidenti olduğu "Bakı” klubunda böyüş işlər görür. İndi klubda müəyyən problemlər yaranıb ki, onların həllinə çalışır. İnanmıram ki, AFFA prezidenti olmaq Hafiz müəllimin ağlından keçsin.
- Gələn ay AFFA-nın növbəti hesabat konfransı keçiriləcək. Bu barədə nə deyə bilərsiniz?
- Konfrans martın 15-nə təyin olunub. Biz çempionatda müəyyən dəyişiklik etmək fikrindəyik. Bu da klubların heyətində gənc azərbaycanlı futbolçuların meydana daha çox çıxması ilə bağlı olacaq. Onların Topaz Premyer Liqasında və I divizionda oynaması üçün hər bir şərait yaratmağa çalışırıq. Bildiyiniz kimi, hər bir klubun matçın protokoluna, ən azı, iki nəfər 21 yaşadək futbolçunu daxil etməsi haqda qərar qəbul etdik. Bu, artıq gözəl nəticələr verib. İndi bizim yeni fikirlərimiz var. Yəqin ki, onu konfrans vaxtı biləcəksiniz.
- Rövnəq müəllim, ölkə çempionatının hazırkı səviyyəsindən razısınızmı?
- Bəli, oyunlar çox yaxşı keçir. Klublarımız heç də pis nəticələr qazanmırlar. Cari mövsümdə çempionluq mübarizəsi ilə bağlı heç bir proqnoz verə bilmərəm. Bu haqda danışmaq hələ tezdir. Hər şeyi zaman göstərəcək. Ümumiyyətlə, futbolda proqnoz vermək çox çətindir, məncə, mümkün deyil.
- Bəs milli komandamızın rəsmi oyunlarından hansı nəticəni gözləyirsiniz?
- Yığmamız dünya çempionatının seçmə mərhələsinin qarşıdakı oyunlarına hazırlaşır. Bildiyiniz kimi, baş məşqçinin qarşısına məqsəd qoyulub. Biz millimizdən 2014-cü il dünya çempionatının seçmə mərhələsində böyük nəticələr gözləmirik. Əsas məqsədimiz 2016-cı il Avropa çempionatına hazırlıq görməkdir. Bunun üçün baş məşqçinin qarşısına gənc futbolçuların milliyə cəlb olunması məqsədi qoyulub. 20-21 yaşlı futbolçularımızın 2016-cı ildə artıq gözəl bir dövrü başlayacaq. Həmin final mərhələsində 24 komanda iştirak edəcək və bizim şanslarımız var. Ora düşmək şansımız 50-nin 50-yədir. Çalışıb bundan istifadə etməliyik. Hesab edirik ki, 2020-ci ildə milli komandamız da Avropa çempionatının final mərhələsində iştirak etməlidir. Biz həmin çempionata namizədlər arasında Bakı da olsa, deməli, millimiz öz meydanında oynaya bilər. Bu, yaxşı imkandır. Azərbaycan futbolunun qarşısında qoyulan məqsədlərə nail olmağa çalışacağıq.
- "Neftçi”nin futbolçusu Araz Abdullayev "Everton”a transfer olunduğu zaman, millidə lazımınca oynamadığına görə işçi vizası ala bilmədi. AFFA prezidenti kimi, Berti Foqtsa hər hansı göstəriş verə bilməzdiniz?
- Bilirsiniz, mən baş məşqçiyə fərdi şəxslər haqda neçə illərdir heç nə deməmişəm, indi də deməyəcəyəm. Biz yalnız ümumi göstərişlər veririk ki, millidə gənclər olsun. Ancaq kimi isə bu oyuna burax, belə şey yoxdur. AFFA-da birbaşa məsələ qoyulub ki, baş məşqçinin işinə heç kim qarışmır.
- Eşitdiyimizə görə, AFFA daha bir dünya çempionatını ölkəmizdə keçirmək istəyir...
- Artıq biz U-20 FİFA dünya çempionatının 2017-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı müraciət etmişik. İndi FİFA-da bu məsələyə baxılır. Tez bir zamanda nəticə əldə edəcəyik.