Türkiyə EURO-2020-nin oyunlarını qəbul etmək niyyətində deyil. Qardaş ölkə qitə çempionatının final mərhələsinin görüşlərini keçirməyə namizədliyini irəli sürməyəcək.
UEFA prezidenti Mişel Platini yarımfinal və final matçlarını qəbul etməyə ən yüksək şansların Türkiyədə olduğunu açıqlasa da, bu ölkənin Futbol Federasiyası eyni fikirdə deyil. Buna səbəb isə Türkiyənin Olimpiada-2020-yə namizədliyini irəli sürməsidir.
Yarışı qəbul edəcək şəhərin adı isə bu ilin sentyabrında açıqlanacaq. Türkiyə həm olimpiada, həm də qitə çempionatına ev sahibliyi etməyi çətin saydığından sonuncu turnirdən imtina edib.
Qeyd edək ki, 2020-ci ildəki qitə çempionatının final mərhələsini qəbul etməyə Azərbaycan və Ukrayna da namizədliyini verəcəyini açıqlayıb. Ölkəmizin namizəd şəhəri Bakı olacaq. Həlledici mərhələ isə 13 şəhərdə keçiriləcək. Bunlardan 12-si qrup mərhələsinin 3 oyununu və pley-offda (1/8 və 1/4) 1 görüşü qəbul edəcək. 13-cü şəhər isə yarımfinal və finala ev sahibliyi edəcək.