Komandalarımız Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının çempionatındakı çıxışlarını başa vurublar

Komandalarımız Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının çempionatındakı çıxışlarını başa vurublar

20 yaşadək qız və oğlanlar arasında keçirilən çimərlik voleybolu üzrə Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatı başa çatıb.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Litvanın Vilnüs şəhərində təşkil olunan yarışada Azərbaycan, Litva, Latviya, Polşa, Estoniya, Ukrayna, Ermənistan və Gürcüstandan ümumilikdə 15 qız və 15 oğlan komandası mübarizə aparıb.
Təmsilçilərimiz İbrahim Məmmədov və Muhəmməd Aslanlı, Xədicə Hadızadə və Cəmilə Bəşirova yarışı 8-ci pillədə başa vurublar.
Yarışda komandalarımız iki dəfə Ermənistan və Gürcüstan milliləri ilə qarşılaşıb və hər iki görüşdə qalib gəliblər.
Qeyd edək ki, çimərlik voleybolu üzrə 18 yaşadək qızlardan və oğlanlardan ibarət komandalarımız Latviyanın Cesis şəhərində təşkil olunacaq Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.