Bu həftə Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Təşkil edilən 4 oyundan 3-ü heç-heçə ilə yekunlaşıb. Yeganə qələbəni səfərdə əzmkarlıq sayəsində qazanan "Xəzər Lənkəran" mərhələ adlamaq vəzifəsini böyük ölçüdə həll edib. Hər halda, "Rəvan"ın Lənkəranda 2 top fərqi ilə qalib gələcəyi inandırıcı görünmür.

Topaz Premyer Liqasında ilk "altılığ"a vəsiqə qazanan iki komanda - "Qəbələ" və "Qarabağ" Qəbələdə üz-üzə gəliblər. Maraqlı məqamdır ki, bu komandalar ötən mövsümdə də kubokun 1/4 final mərhələsində qarşılaşmışdılar. Həmin oyunda olduğu kimi, bu dəfə də heç-heçə qeydə alınıb. "Qarabağ" ötən il yalnız ilk oyundakı səfər qolları sayəsində yarımfinala yüksəlmişdi (2:2, 0:0). Bu dəfə oyunun necə olacağı maraqla gözlənilirdi. Hesabı meydan sahibləri açıblar. Amma Ağdam təmsilçisi fasilədən sonra buraxılan qolun əvəzini çıxmağı bacarıb - 1:1. Xatırladaq ki, "Qarabağ" Topaz Premyer Liqasının 19-cu turuna təsadüf edən səfər oyununda da bu rəqibi ilə 1:1 hesablı heç-heçə ilə kifayətlənmişdi. Kubokda isə hər şeyə Bakıda keçiriləcək cavab görüşündə aydınlıq gələcək. Ağdamlılar bu dəfə də qolsuz heç-heçə sayəsində mərhələ adlaya bilərlər. Amma istənilən hesablı qələbə də Qurban Qurbanovun yetirmələri üçün kifayətdir.
Digər görüşündə iki paytaxt klubu - "Bakı" və "İnter" qarşılaşıb. Maraqlı məqamdır ki, bu komandalar bundan əvvəl daha 2 mövsümdə üz-üzə gəlmişdilər. Hər 2 paytaxt derbisində sevinən tərəf "Bakı" olmuşdu. Tərəflər arasındakı bu dəfə keçirilən ilk oyun heç-heçə ilə başa çatıb. Oyunda hesabı qonaq komanda açıb. Bojidar Bandoviçin yetirmələri məğlubiyyətdən son saniyələrdə qaçıblar. Aqil Nəbiyev bərabərlik qolunun müəllifi olub. Qeyd edək ki, çempionatın cari mövsümünün birinci dövrəsində bu komandalar arasında məhz "Bakı"nın meydanında keçirilən ilk görüşü də qolsuz heç-heçə ilə başa çatmışdı. "İnter"in meydanında keçirilən ikinci qarşılaşmada isə "bankçılar" 1:0 hesabı ilə üstün olmuşdular.
"Simurq" Topaz Premyer Liqasının lideri "Neftçi"ni qonaq edib. Ötən mövsüm 1/8 finalda üz-üzə gələn komandalar Zaqatalada münasibətlərinə aydınlıq gətiriblər. Həmin vaxt cütün taleyini yalnız 1 qol həll etmişdi və "Neftçi" minimum hesablı qələbə sayəsində mərhələ adlamışdı. Bu mövsüm isə Zaqatala klubu doğma meydandakı oyunda uduzmayıb. Tərəflərin 90 dəqiqəlik mübarizəsindən "qol” səsi eşidilməyib. Baxmayaraq ki, cəmi bir neçə gün əvvəl keçirilən çempionat oyununda "Simurq" bu rəqibinə evdə 2 cavabsız qolla məğlub olmuşdu. İndi zaqatalalıların çempionatın lideri, son iki mövsümün çempionu ilə səfər matçında necə oynayacağı maraqla gözlənilir. Qeyd edək ki, "Simurq"a həlledici qarşılaşmada istənilən hesablı qollu heç-heçə də növbəti mərhələyə keçmək üçün yetərli olacaq.
"Rəvan" doğma azarkeşlər önündə "Xəzər Lənkəran" klubunu sınağa çəkib. İndiyədək kubokda yolları "kəsişməyən" tərəflərin hər ikisinə bu turnirdə mübarizəni davam etdirmək çox vacibdir. Məsələ burasındadır ki, "Rəvan" artıq ilk "altılıq"dan kənarda qalacağını "rəsmiləşdirib”. "Xəzər Lənkəran" da ikinci "altılıq"da oynamağa əsas namizədlərdəndir. Bu oyunda tərəflərin mübarizəsinin gərgin keçəcəyi şübhəsiz idi. Bu görüş ərəfəsində Lənkəran komandasının baş məşqçisinin istefa vermişdi. Ramil Əliyevin yetirmələri bundan maksimum yararlanıb, səfər matçı öncəsi sərfəli nəticə qazanmaq ümidində idilər. Əks halda, Lənkəranda keçiriləcək növbəti görüşdə "aslanlar"ın işi çox çətin olacaqdı. Lakin paytaxt klubu istədiyi nəticəyə nail ola bilməyib. Baxmayaraq ki, "aslanlar" erkən qol vurmaqla yaxşı şans qazanmışdılar. Amma cənub təmsilçisi fasilədən sonra böyük əzmkarlıq göstərərək, qələbə qazanmağı bacarıb. Bu qələbə sayəsində cənubluların yarımfinala vəsiqə qazanmaq şansı artıb. Hər halda, "Rəvan"ın Lənkəranda sensasiyaya imza atması çox çətin görünür.
Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları martın 7-də keçiriləcək.
Azərbaycan kuboku
1/4 final mərhələsi,
ilk oyunlar
27 fevral
"Qəbələ" - "Qarabağ" - 1:1
Qollar: Dodo, 33 - Vüqar Nadirov, 56.
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov.
Qəbələ. Şəhər stadionu.
"Bakı" - "İnter" - 1:1
Qollar: Aqil Nəbiyev, 90+2 - İlya Kandelaki, 81.
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Orxan Məmmədov.
Bakı. "Bakı"nın təlim-məşq bazasının stadionu.
"Simurq" - "Neftçi" - 0:0
Hakimlər: Fariz Yusifov, Elman Musayev, İsgəndər Əliyev, Ömər Paşayev.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
"Rəvan" - "Xəzər Lənkəran" - 1:2
Qollar: Miloş Zeçeviç, 5 - Rahid Əmirquliyev, 73, Uğur Pamuk, 80.
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Coşqun Həsənov, Ramil Diniyev.
Bakı. "Bayıl Arena" stadionu.