34 saniyəyə əldə olunan qələbə "Qəbələ”nin işinə yaradı
Ötən həftə Topaz Premyer Liqasında XXI tura yekun vurulub. Təşkil olunan 6 qarşılaşmadan cəmi birində hesab açılmayıb. Digər qarşılaşmalarda 3 dəfə meydan sahibləri, 2 dəfə isə qonaqlar seviniblər. 3 gün ərzində keçirilən tur ilk "altılığ”a yüksələn 5-ci "xoşbəxtin” müəyyənləşməsi ilə əlamətdar olub.
Turun açılış matçında "Qarabağ” səfərdə "Rəvan” klubu ilə qarşılaşıb. Özünü qonaq kimi aparmayan Ağdam təmsilçisi matçın ilk 19 dəqiqəsində 2 qol vurmağa müvəffəq olub. Buna baxmayaraq, ağdamlılar matçın gedişində işini çətinə salıb. Belə ki, bakılılar buraxılan qolların əvəzini çıxa biliblər. "Rəvan” klubu rəqib qapısından 2 top vurub. Üstünlüyü əldən verən qonaqların psixoloji cəhətdən də işi çətinləşib. Hətta meydan sahiblərinin azlıqda qalması da "Qarabağ”a kömək etməyib. Amma çempionluq uğrunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri, son saniyələrdə də olsa, qələbə qolunu vurublar. Qazanılan qələbə sayəsində "Qarabağ” liderlərlə xal fərqinin artmasına imkan verməyib.
Turun maraqlı görüşlərindən biri Zaqatalada keçirilib. İlk "altılığ”a düşmək uğrunda mübarizə aparan "Bakı” səfərdə "Simurq”la qarşılaşıb. Qonaqların qələbə qazanmaqdan başqa çıxış yolu yox idi. Amma 90 dəqiqə ərzində tərəflərdən heç biri qapılara yol tapa bilməyib. Baxmayaraq ki, "zolaqlılar” son saniyələrdə 11 metrlik cərimə zərbəsi vurmaq şansı qazanmaqla hesabı açmağa yaxın olublar. Lakin "zolaqlılar” bundan lazımınca istifadə edə bilməyiblər. Beləliklə, paytaxt təmsilçisi çətin səfərdən cəmi 1 xalla qayıdıb. Bu nəticə ilə "Bakı” cari mövsümdə 12-ci dəfə meydanı heç-heçə tərk edib. Amma Bojidar Bandoviçin yetirmələri hələ ilk "altılığ”a düşmək şanslarını saxlayırlar.
Daha bir prinsipial görüş Qəbələdə eyni adlı komanda ilə "Xəzər Lənkəran” arasında keçirilib. Bu görüş, demək olar ki, hər iki komandanın ilk "altılığ”a düşmək şanslarına böyük ölçüdə aydınlıq gətirmiş olacaqdı. 90 dəqiqəlik gərgin mübarizənin sonunda sevinən tərəf "Qəbələ” olub. Yerli azarkeşlər stadionda yerini rahatlamamış qonaq komandanın qapısına vurulan qola seviniblər: komanda yoldaşının ötürdüyü topu Yannik Kamanan başla qapıdan keçirib. Afrikalı futbolçu bir də matçın sonlarına yaxın diqqət mərkəzinə düşüb. Kamananın rəqib qapısına vurduğu iki cavabsız qol "Qəbələ”ni rəsmən ilk "altılığ”a yüksəldib. Beləliklə, "İnter”, "Simurq”, "Neftçi” və "Qarabağ”ın ardından "Qəbələ” də medallar uğrunda mübarizə aparacaq. "Xəzər Lənkəran” isə işini daha da çətinə salıb. Lənkəranlılar bütün ümidləri ilk mərhələnin sonuncu turuna saxlayıblar.
İlk "altılıq” şansını saxlayan AZAL doğma azarkeşlər önündə "Kəpəz” klubunu sınağa çəkib. Gözlənildiyi kimi, "təyyarəçilər” çempionatın aşkar autsayderi üzərində asan qələbə qazanıblar. Nəticədə, ilk "altılığ”a düşməyə üç şanslı klubdan biri də AZAL olub. Amma Vaqif Sadıqovun yetirmələrinin bu istəyinə nə dərəcədə nail olacağını zaman göstərəcək.
Turun mərkəzi qarşılaşmasında lider "İnter” əsas izləyicilərindən olan "Neftçi”nin qonağı olub. Qarşılaşma çox prinsipial xarakter daşısa da, əslində, derbiyə layiq mübarizə aparılmayıb. Meydan sahibləri "bankçılar”a nisbətən daha fəal oyun nümayiş etdirməklə layiqli qələbə qazanıb. "İnter” isə öz oyununu göstərə bilməyib və bunun məntiqi nəticəsi kimi, zirvəni əsas rəqibinə təhvil vermək məcburiyyətində qalıb. Tərəflərin səyinə baxmayaraq, fasiləyədək hesab açılmayıb. İkinci hissəyə fəal başlayan "ağ-qaralar” Nikolos Kanalesin sayəsində hesabda önə keçiblər. Qoldan sonra hücumlarını davam etdirən meydan sahibləri növbəti dəfə azarkeşlərini ayağa qaldırıblar. Baş hakimin matçın əsas vaxtına əlavə etdiyi 2-ci dəqiqədə "Neftçi”nin keçmiş futbolçusu Valeri Abramidze öz qapısına yol tapmaqla, məğlubiyyətdən qaçmaq arzusunu ürəyində qoyub. Beləliklə, "Neftçi” uzun fasilədən sonra liderliyə yüksəlib.
Turun son matçında da iki autsayder - "Sumqayıt”la "Turan” klubları münasibətlərinə aydınlıq gətiriblər. Futbol mütəxəssisləri bu görüşdə meydan sahiblərinin qalib gələcəyini düşünsə də, bunun əksi baş verib. Cari mövsümün əsas tapıntılarından birinə çevrilən Ballo növbəti qolunu vurmaqla tovuzlulara vacib 3 xal qazandırıb. Nəticədə, "Turan” nəinki "Sumqayıt”ı, hətta "Rəvan”ı da qabaqlamağı bacarıb.
Topaz Premyer Liqası
XXI tur
"Rəvan” - "Qarabağ” - 2:3 (1:2)
Qollar: X.M.Varea, 26, M.Kalonas, 59 - R.Almeyda, 6, A.Aqolli, 19, A.Teli, 90+1.
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev Ömər Paşayev.
22 fevral. Bakı. "Bayıl Arena” stadionu. 600 tamaşaçı
"Simurq” - "Bakı” - 0:0 (0:0)
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Zeynal Zeynalov, Namiq Bəkirov.
22 fevral. Zaqatala. Şəhər stadionu. 2500 tamaşaçı.
"Qəbələ” - "Xəzər Lənkəran” - 2:0 (1:0)
Qollar: Y.Kamanan, 1, 88.
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vaqif Musayev, Vüsal Əliyev.
23 fevral. Qəbələ. Şəhər stadionu. 1700 tamaşaçı.
AZAL - "Kəpəz” - 3:0 (2:0)
Qollar: Cavid Tağıyev, 26, Orxan Səfiyaroğlu, 37, V.İbekoyi, 81.
Hakimlər: Rauf Cabbarov, Ramiz Əsədov, Elşən Acalov, Ramil Diniyev.
23 fevral. Bakı. AZAL Arena. 200 tamaşaçı.
"Neftçi” - "İnter” - 2:0 (0:0)
Qollar: N.Kanales, 49, V.Abramidze, 90+2 (öz qapısına).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov.
23 fevral. Bakı. "Bakcell Arena” stadionu. 5000 tamaşaçı.
"Sumqayıt” - "Turan” - 0:1 (0:1)
Qol: S.Ballo, 45.
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rza Məmmədov, Feyzulla Feyzullayev.
24 fevral. Bakı. "Bayıl Arena” stadionu. 200 tamaşaçı.