Ötən əsrdə Azərbaycan futbolunun yetişdirdiyi ən böyük istedadlardan biri Anatoli Banişevski idi. Azarkeşlərin sevimlisi, "Neftçi”nin əvəzolunmaz futbolçusunun həyatı ağır məhrumiyyətlərdən keçib. O, böyük istedada malik olsa da, enişli-yoxuşlu karyera yaşayıb. "Neftçi”yə sadiq hücumçu müxtəlif illərdə futboldan uzaq düşsə də, həmişə sevimli idman növü ilə nəfəs alıb. Dostları onu ürəyiaçıq, səxavətli, mehriban bir insan kimi xatırlayırlar.
Bu yazıda Banışevskinin keçdiyi həyat yoluna bir daha nəzər yetirəcəyik.
Banışevski futbolda ilk addımlarını "Lokomotiv” idman cəmiyyətində atmağa başlayıb. Hələ kiçik yaşlarında həmkarlarından fərqlənən hücumçu 1962-ci ildə təcrübəli mütəxəssis Boris Arkadyev tərəfindən "Neftçi”yə dəvət edilib. O vaxt 16 yaşlı yeniyetmə futbolçunun "Neftçi”nin əvəzedici heyətinə cəlb olunmasına nadir hallarda təsadüf olunurdu. Banişevski əvəzedici heyətlərin birinciliyində göstərdiyi məzmunlu oyun sayəsində tezliklə SSRİ-nin yeniyetmələrdən ibarət yığmasına dəvət alıb. Günü-gündən ustalığını artıran hücumçunun "Neftçi”nin əsas heyətində yer alması özünü çox gözlətmir. 1964-cü ildə gənc futbolçu Minsk "Dinamo”su ilə matçda ilk dəfə sevimli komandasının formasını geyinib. O vaxtlar heç kimin tanımadağı Anatoli Banişevski artıq növbəti oyunda "ağ-qara” formada qol hesabını açıb. Bakılı hücumçu SSKA ilə matçda fərqlənib.
Bakılı oğlanın SSRİ çempionatında göstərdiyi oyun çoxlarının diqqətini cəlb etmişdi. Artıq Moskva klubları Banişevskini heyətə daxil etmək üçün müxtəlif yollara əl atırdılar. Paytaxt komandalarına keçidi onun SSRİ yığmasının heyətində oynaması üçün göydəndüşmə idi. Amma Anatoli doğma "Neftçi”ni tərk etmək niyyətində deyildi. Qısa müddət keçdikdən sonra SSRİ yığmasının baş məşqçisi Nikolay Morozov gənc hücumçuya dəvət göndərib. O vaxt bu addımına görə Morozovu çox tənqid ediblər. Bu tənqidlərə baxmayaraq, təcrübəli məşqçi 1965-ci ildə 19 yaşlı futbolçunu Braziliya komandası ilə görüşdə meydana buraxıb. Ona bəslənən ümidləri doğruldan Banişevski "Marakana” stadionunda "top sehrbazları”nın qapısına qol vuran ilk sovet futbolçusu kimi tarixə düşüb. Həmin qolun təsaduf nəticəsində vurulması haqqında danışılır. Amma həmin anda Banişevskinin qol hissiyatı və əzmkarlığını xüsusi qeyd etmək lazımdır. Braziliya yığmasının qapıçısı topu əli ilə irəli atarkən, hücumçu cəld reaksiya göstərək onu başı ilə qapıdan keçirib. Bu, bir daha onun ustalığından xəbər verirdi.
Anatoli 1966-cı ildə keçirilən dünya çempionatında iştirak edib. Hücumçu İngiltərədə keçirilən ən böyük futbol bayramında bürünc medalları qazanan futbolçular arasında olub. Həmin il Banişevski "Neftçi”nin SSRİ çempionatlarında ən böyük uğur əldə etməsində aparıcı rollardan birini oynayıb. Yığmada çıxış etdiyi üçün doğma komandanın cəmi 14 matçında meydana çıxan hücumçu 12 dəfə fərqlənib.
1972-ci ildə keçirilən Avropa çempionatının finalında Banişevskinin çıxış etdiyi SSRİ yığması finalda uduzub. Həmin görüşdə məğlubiyyətin əsas günahkarlarından biri kimi məhz "Neftçi”nin hücumçusu göstərilib. Bu, bakılı futbolçuya ağır təsir göstərir və o, bir daha yığma komandanın formasını geyinməyir.
Banışevski "Neftçi”yə sadiqliyini 1972-ci ildə bir daha nümayiş etdirib. O, güclülər dəstəsini tərk edən komandanın heyətində qalmağa üstünlük verib. Amma bəzi problemlər üzündən 1974-cü ildə futbolla vidalaşmaq qərarına gəlib. Bir il sevimli idman növündən uzaq qalan hücumçu yenidən yaşıl sahələrə dönüb. O, əvvəlki idman formasından uzaq olsa da, bir çox matçlarda vurduğu qollarla "Neftçi”yə köməklik edib. 1978-ci ildə isə gözlənilən an gəlib çatıb. "Dnepr”lə matçda vurulan qol sayəsində Banişevski "Fedotov klubu”na üzv olub. O vaxt SSRİ çempionatlarında 100 qol həddini aşan futbolçular bu klubun üzvünə çevrilirdilər. Amma sonradan statistiklər bakılı futbolçunun 100-dən çox qol vurduğunu müəyyənləşdiriblər. Ümumilikdə, Banişevski "Neftçi”nin heyətində SSRİ çempionatlarında 228 matçda 121, kubokda isə 30 matçda 15 qol vurub. Unudulmaz futbolçu 1978-ci ildə böyük futbolla həmiqəlik vidalaşıb.
1987-ci ildə Banişevski, mütəxəssis kimi Afrikada işləyib. O, Burkina-Faso yığmasının gənclərdən ibarət yığmasına rəhbərlik edib. Amma ölkədə baş verən siyasi proseslər üzündən həmyerlimiz Afrikanı erkən tərk etməli olub. Banişevski ağır xəstəliyə məhz "Qara qitə”də mübtəla olub. Şəkər xəstəliyinə tutulan əfsanəvi futbolçu uzun sürən xəstəlikdən sonra 1997-ci ilin dekabrında vəfat edib. Həyatla vidalaşmazdan bir il əvvəl Anatoli Banişevski Azərbaycan futbolunda göstərdiyi xidmətlərə görə "Şöhrət” ordeni ilə təltif olunub. Bu, bəlkə də, sağlığında ona verilən ən böyük qiymət idi. Məşhur hücumçu, UEFA-nın versiyasına görə, XX əsrdə Azərbaycanın ən yaxşı futbolçusu hesab edilib.
Fevralın 23-də Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, uzun illər "Neftçi” komandasında çıxış etmiş mərhum Anatoli Banişevskinin anadan olmasının 67-ci ildönümü idi. Bu münasibətlə AFFA-nın əməkdaşları, "Neftçi” klubunun nümayəndələri, klubun yeniyetmələrdən ibarət komandasının oyunçuları, vetaran futbolçular, futbol ictimaiyyətinin nümayəndələri A. Banişevskinin məzarını ziyarət edib, abidəsinin önünə əklil və gül dəstələri qoyublar. Veteran futbolçu Banişevski ilə bağlı xatirələrini yada salıblar. AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədov və futbol veteranı Rüstəm Rəhimov çıxış edərək Anatoli Banişevskinin Azərbaycan futbolunun inkişafı üçün xidmətlərini qeyd edib, onun futbol tariximizdə özünəməxsus yeri olduğunu bildirib, xatirəsini hər zaman əziz tutduqlarını deyiblər.