Azərbaycan Voleybol Federasiyası (AVF) və "Sea Breeze Resort"un birgə təşkilatçılığı ilə keçirilən çimərlik voleybolu üzrə "Sea Breeze Cup" turnirinin qalibləri bəlli olub.
Bu barədə Olimpnews.az-a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumata verilib.
Yarışda 6 kişi və 6 qadın komandası mübarizə aparıb. Olimpiya sistemi üzrə keçirilən turnirdə günün birinci yarısında ilkin mərhələ, ikinci yarısında isə mükafatlar uğrunda oyunlar baş tutub.
Qadınların yarışında bürünc medal uğrunda "Milli U-18" (Xədicə Hadızadə/Cəmilə Bəşirova) və "Azərreyl" (Nərmin Səmədzadə/ Feyza Bolat), finalda isə "Milli" (Fidan Əhmədxanova/Səbinə Əlizadə) və Larisa Smeltsova/Lizi Latsabitze cütü üz-üzə gəliblər.
Kişilərin yarışında isə bürünc medal uğrunda "Djevo Team" (Heydər Məmmədli/Fərda Dəryayev) və "Alışar" (Məhəmməd Qurbanov/ Samir İbrahimov) komandaları, qızıl medal uğrunda isə "Azərreyl" (Tural Əsgərov/Nəriman Bayramlı) və "Milli" (Məhəmməd Aslanlı/İbrahim Məmmədov) komandaları qarşılaşıblar.
Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunların nəticəsinə əsasən, qadınların yarışında "Milli U-18" (Xədicə Hadızadə/Cəmilə Bəşirova) komandası bürünc, Larisa Smeltsova/Lizi Latsabitze cütü gümüş, "Milli" (Fidan Əhmədxanova/Səbinə Əlizadə) komandası isə qızıl medalların sahibi olub.
Kişilərin yarışında isə bürünc medalı "Djevo Team" (Heydər Məmmədli/Fərda Dəryayev), gümüş medalı "Azərreyl" (Tural Əsgərov/Nəriman Bayramlı), qızıl medalı isə "Milli" (Məhəmməd Aslanlı/İbrahim Məmmədov) komandası qazanıb.
Oyunlardan sonra mükafatlandırma və bağlanış mərasimi keçirilib. Qalib və mükafatçılara kuboklar, medallar təqdim olunub.
Mükafatları AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezident Bəhruz Quliyev, baş katib Faiq Orucov və İdarə Heyətinin üzvü Elqar Bağırov təqdim ediblər.
Qeyd edək ki, turnir müddətində azarkeşlər arasında viktorinalar keçirilib, qaliblərə müxtəlif hədiyyələr verilib.