Ötən həftəsonu Misirin İsgəndəriyyə şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçirilib. Yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Azərbaycanın 3 güləşçisi mübarizə aparıb.
80 kq çəki dərəcəsində Sahib Dadaşov misirli Adham Abdelzaherə (4:1), Vüsal Əliyev isə gürcüstanlı Diego Maxaradzeyə (3:2) qalib gələrək qrup mərhələsinə vəsiqə qazanıblar. A qrupunda yer alan Sahib gürcüstanlı Ramaz Zoidze (2:2) və moldovalı Vasile Diakonu (1:1) sonuncu xal prinsipinə əsasən üstələyib. O, serbiyalı Milyan Rayiçə də heç bir şans verməyib -3:0.
B qrupunda qərarlaşan Vüsal isə ilk turda ukraynalı Vasil Mixaylova 1:3 hesabı ilə məğlub olsa da, növbəti turda zədəli fransalı Huqo Kueno üzərində texniki qələbə qazanıb. Son turda isə yunanıstanlı Xristos Xristoforidisə 4:0 hesabı ilə qalib gəlib.
Sahib Dadaşov qrup lideri, Vüsal Əliyev isə ikinci yerin sahibi kimi yarımfinala yüksəlib. Finalın bir addımlığında təmsilçilərimiz üz-üzə gəlib və Vüsal Sahibi 3:2 hesabı ilə məğlub edib.
S.Dadaşov R.Zoidzeyə 4:2 hesabı ilə qalib gələrək bürünc medal qazanıb. V.Əliyev isə finalda V.Mixaylova 2:3 hesabı ilə məğlub olub və yarışı gümüş medalla başa vurub. 90 kq çəki dərəcəsində İbrahim Yusubov A qrupunda amerikalı Yakob Bumqardner (3:0), yunanıstanlı Mixail Akritidis (3:1) və gürcüstanlı Davit Xutsişviliyə (3:2) qalib gəlib. Qrup lideri kimi yarımfinala vəsiqə qazanan təcrübəli güləşçimiz amerikalı Cabari Ayronsa da qalib gəlib -4:1. İbrahim Yusubov finalda ukraynalı Oleksey Yakovçuka 2:1 hesabı ilə qalib gələrək çempion olub.
Dünya Seriyasının final mərhələsi başa çatdıqdan sonra bütün 5 mərhələdə güləşçilərin topladıqları xallar hesablanıb və hər çəki üzrə yekun üçlük müəyyənləşib. Nəticədə bu il çimərlik güləşində debüt edən Vüsal Əliyev 80 kq çəki dərəcəsində dünya çempionu olub. İbrahim Yusubov isə 90 kq-da eyni nəticəyə imza atıb. Beləliklə, təcrübəli güləşçimiz dördqat dünya çempionu ünvanına sahib çıxıb.
Qeyd edək ki, ilk dəfə bir mövsümdə 2 təmsilçimiz böyüklər arasında çimərlik güləşi üzrə dünya çempionu adını qazanıb.
Azərbaycanın iki çimərlik güləşçisi dünya çempionu olub
