Cənub bölgəsində məktəb şagirdlərinin sağlam həyat tərzinin təbliği, idmanın inkişafı və idmana cəlb olunması istiqamətində görüşlər davam edir. Olimpnews.az xəbər verir ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı sayəsində baş tutan növbəti görüş Masallı S.Tağıyev adına Digah 4 saylı tam orta ümumtəhsil məktəbində olub.
Həndbol idman növünün inkişafı məqsədilə keçirilən görüşdə Masallı rayonu üzrə gənclər və idman sektorunun müdiri S.Cahangirov, Azərbaycanın Həndbol Federasiyasının məşqçisi, Əməkdar bədən tərbiyəsi və idman xadimi V.Əliyev, Əməkdar məşqçi S.Məmmədov, müəllimlər və şagirdlər iştirak ediblər. Masallı rayonu üzrə gənclər və idman sektorunun müdiri S. Cahangirov çıxışı zamanı bildirib ki, komanda idman növləri, cəmiyyətin formalaşması üçün mühüm sosial rol oynayır və rayonumuzda həndbol idman növünün inkişafı yeniyetmə və gəncləri zərərli vərdişlərdən uzaq salır, onları məqsədyönlü, intizamlı və sağlam həyat tərzinə sahib vətəndaşlar kimi yetişdirir. Həmçinin görüş iştirakçılarına həndbol idman növünün tarixindən, bu idman növünün insan sağlamlığı üçün faydasından, regionda həndbol bölməsinin fəaliyyətə başlaması və cəlb olunmuş idmançılara göstərilən qayğı və dəstəkdən ətraflı söhbət açılıb.


