Su üzərindən zirvəyə yüksələn kanoe şahzadəsi - I hissə 

Su üzərindən zirvəyə yüksələn kanoe şahzadəsi - I hissə 

1962-cı il fevral ayının 25-də Almaniyanın Brandenburq an der Havel əyalətində anadan olan Bircit Fişer ölkəsini kanoe idman növündə şöhrətin zivəsinə yüksəldən idmançılardan biri hesab olunur. Təsadüfi deyil ki, xanım Fişerin medal kolleksiyasında təkcə Olimpiya Oyunlarının 8, dünya çempionatlarının isə 28 qızıl medalı yer alıb. Bu nəticə ilə o, idman tarixində ən çox medal qazanan idmançılar arasında liderliyi hələ də qorumaqdadır. Olimpiya Oyunlarında atçılıq idman növündə 8 medal qazanan İzabel Vertlə (qəzetimizin ötən saylarında onunla bağlı yazı dərc olunub - red) Bircit Fişerin adı qoşa çəkilir.

“Olimpiya dünyası” qəzeti olaraq “Olimpiya çempionu olan zərif idmançılar” rubrikası altında bu dəfə məhz xanım Bircitin həyatından bəhs edən yazını çoxsaylı oxucularına təqdim edirik. Qərara aldıq ki, İzabel Vert kimi Bircit də öz həyat yolu və idmançı karyerasını öz sözləri ilə ifadə etsin.

“İdmana kumirsiz gələn idmançılardan biri olmuşam”

Hər kəs həyatı öz düşüncələri ilə yaşayır. Amma onun da öz qaydaları var. Bəzən düşüncələr qaydalarla ayaqlaşmır və arxa plana keçir. Mən deməzdim ki, düşüncələrim bu vaxta qədər arxa planda olub. Həyatın qaydaları ilə paralel öz düşüncələrimi də diqtə etməyə çalışmışam. İdman mənə hər şeyin yaxşısını bəxş edib. Nə qazanmışamsa, idmana borcluyam. Əgər idmançı olmasaydım, yəqin ki heç kim Bircit Fişerdən bu qədər danışıb, bu qədər yazmazdı. Hər halda istedadımı bu sahəyə kökləyib, şöhrətin zirvəsinə yüksəlmişəm. Maraqlıdır ki, başqa sahədə belə bir nailiyyət əldə edə bilərdim?

Kayaka qədər iki-üç yaşımda ilk dəfə qayığa oturmuşam. Atamla birlikdə su üzərində dayanıb, böyük həyəcan keçirirdim. Hər tərəf su ilə əhatə olunmuşdu. Mən suyun gözəlliyini həmin vaxt elə də də dərk etmirdim. Bircə onu bilirdim ki, qayıq su üzərində küləyin gücü qarşısında acizdir. Zaman keçdikcə suya valeh oldum. Artıq özümü qayıqda sərbəst hiss edirdim. Buna qədər özümü üzgüçülüyə həsr etmişdim. Üzgüçülük bilmədən suya və qayığa hökm oxumaq qətiyyən mümkün deyil. Qorxunu dəf edib, arzularımı həyata keçirməyin vaxtı yetişmişdi. Atam məndə bu sevgini hiss edirdi. O, qızının arzularını həyata keçirən və ona bu sahədə dəstək verən atalardan biri olub. Bu dəstək mənə hər zaman güc verib. On dörd yaşında idmana kumirsiz gələn idmançılardan biri olmuşam. Yox, elə demək istəmirəm. Yəni heç bir idmançıdan ilham almamışam.  Atam və ailəm mənim üçün elə kumir hesab olunur. 

“Olimpiya Oyunlarının əzəmətini gənc yaşımda hiss etmişəm”

Müxtəlif yarışlarda iştirak edib, uğurdan və qələbədən zövq almışam. 1978-ci ildə Belqradda, 1979-cu ildə isə Duysburqda (dördnəfərlik qayıq, 500 m) eyni növdə dünya çempionatının qızıl medalını qazandım. Artıq hamı məndən danışır, mənə inam bəsləyirdi. Olimpiya Oyunlarının əzəmətini gənc yaşımda hiss etmişəm. On səkkiz yaşımda fürsət yarandı ki, bu cür nəhəng bir idman yarışında kayakla bacarığımı bütün dünyaya sübut edim. 1980-ci ildə Moskvada öz arzumu həyata keçirdim. Həmin Olimpidada 500 metr məsafəyə yarışlarda finişə bütün rəqiblərimdən əvvəl çatdım. Həmin vaxt medalımın nə vaxt veriləcəyini, onu boynumdan nə vaxt asılacağını düşünürdüm. Medal boynumdan asılanda uğur rəmzi olan qızıl medal bütün bədənimi isitmişdi. Özümü bütövlükdə qızıl medalla əhatələnmiş görürdüm. Moskvadan qalan digər xatirələrim də var. Keçmiş  SSRİ-nin mərkəzi şəhərində atletlər kəndini indiyə qədər xatırlayıram. Oradakı atletlər kəndində oğlanlar qızlar tamamilə ayrı yerdə yerləşmişdilər. Biz onları yalnız diskotekada görə bilirdik. Həmin vaxt Almaniya iki hissədən ibarət idi. Mən federativi deyil, demokratiki (Şərqi Almaniya) təmsil edirdim. Doğma ölkəmdə mənim uğurum yüksək qiymətləndirilmişdi. Moskvadan sonra növbə Los Ancelesə çatmışdı. Mən artıq Olimpiada ilə nəfəs alan idmançılardan birinə çevrilmişdim. Siyasətlə məşğul olmuram. Heç vaxt istəməmişəm idman siyasətin qurbanı olsun. Bu dediklərimin mənası var.

“İdman siyasətin qurbanına çevrilməli deyil”

Okeanın o tayında yarışmaq üçün dörd il gözləmişdim. Ardıcıl Olimpiya çempionu olmaq əsas məqsədim idi. Lakin məndən asıl olmayaraq, bu məqsədimə çata bilmədim. Los Anceles Olimpiadasını Şərqi Almaniya boykot etdi və nəticədə həmin dövrün almaniyalı idmançıları mübarizədən kənarda qaldılar. Çox məyus idim. Oradakı medalı başqa birisi qazandı. Bax buna buna görə deyirdim ki, idman siyasətin qurbanına çevrilməli deyil. Uzun müddət özümü toplaya bilmədim. Karyeramın əla bir dövründə bir çempionluğu necə əldən vermək olardı. Ruhdan düşmək barədə söz gedə bilməzdi. Əksinə çox iddialı idim. Bunun nəticəsidir o müddət ərzində 15 dəfə dünya çempionu titulunu heç kimə güzəştə getmədim. Fərdi, iki və dörd nəfərlik qayıda 500 metr məsafəni qızıl medalla yekunlaşdırdım.         

Məndə belə bir qorxu yaranmışdı ki, Seulda da boykot mövzu olaraq qalsın. Amma boykotun Cənubi Koreyaya heç bir aidiyyatı yox idi. Səkkiz ilin tamamında mən komanda ilə birlikdə Asiya sınağına yollandım. Üç fərqli kateqoriyada mübarizə aparmaq imkanım oldu. İki və dördənəfərlik qayıqda Olimpiya Oyunlarının üçqat çempionu adına layiq görüldüm. Lakin fərdi yarışda deyəsən bir az qüvvəm çatmadı, ona görə də gümüş medalla kifayətləndim. 

1992-ci ildə Barselonada keçirilən olimpidada qızılın yanında bir gümüş medalı boynumdan asdılar. Seulda fərdi növdə qazandığım medalı bu dəfə İspaniyada qızılla sığortalamışdım. Bəli, qarşıdakı Olimpiada yenə də ABŞ-da idi. Amma həmin vaxt siyasi məsələlər çoxdan öz həllini tapmışdı. 1990-cı il 7 oktyabr tarixindən etibarən Almaniya vahid bir sərhədi əhatə edirdi. “Şərqi” və “federativ” sözləri bizim üçün arxivə göndərilmişdi. 

“Sübut etdim ki, yaş sadəcə rəqəmlərdən ibarətdir”

Almaniya ABŞ-dakı, daha doğrusu Antlantadakı Oyunlara iddialı yollanmışdı. Ölkəmiz olimpiadada mənim kimi neçə-neçə idmançının gücünə arxalanırdı. Los Ancelesdə etmək istədiyimi Atlantada həyat keçirdim. Təyyarəyə minib Almaniyaya qayıdanda boynumda qızıl və gümüş medal var idi. Deyəsən yenə də ənənəyə sadiq qalmışdım. Artıq qızıl medal qazanmağa vərdiş etmişdim. Gümüş medali məni daha məsuliyyətli olmağa sövq edirdi. Mənə işarə edirdi ki, sona qadər mübarizə aparıb, fəxri kürsüdə ən yüksəkdə yer almaq istəmirsən? Sidneydə medalımın səsi məni ayıltdı. Öz məsafəmdə iki və dördnəfərlik kayakda iki qızılı da biz götürdük. Nəhayət Olimpiadanın vətənində, 2004-cü ildə Afinada bir qızıl və bir gümüş medal qazanıb, yolu gənclərə verdim. Həmin vaxt 42 yaşım var idi. Olimpiadanın ən yaşlı iştirakçısı idim. Kanoe tarixində belə bir şey hələ baş verməyib. Sübut etdim ki, yaş sadəcə rəqəmlərdən ibarətdir. Etiraf edim ki, meydanı təntənə ilə tərk etmək lazımdır. Mən acgöz deyiləm, sadəcə mübarizədən zövq alıram. Həyata baxışım belədir. Yeri gəlmişkən, Afinadan sonra 2005-ci ildə Zaqrebdə dünya çempionatının gümüş və bürünc medalını da zəfər kolleksiyama aparmışdım. Bürunc medal məncə hər şeyi açıq-aşkar bildirirdi. 

(ardı var)

Hazırladı:

Anar Əhmədov

Su üzərindən zirvəyə yüksələn kanoe şahzadəsi - I hissə  Su üzərindən zirvəyə yüksələn kanoe şahzadəsi - I hissə  Su üzərindən zirvəyə yüksələn kanoe şahzadəsi - I hissə  Su üzərindən zirvəyə yüksələn kanoe şahzadəsi - I hissə