Milli Olimpiya Komitəsinin, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinova "İdman veteranları" İctimai Birliyinin prezidenti seçilib.
Olimpnews.az xəbər verir ki, bu barədə qərar Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan "İdman veteranları" İctimai Birliyinin ümumi yığıncağında verilib.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb. Ardınca Zemfira Meftaxetdinova təşkilatın fəaliyyətinə dair 2024-cü ildən ötən dövr ərzində görülən işlər barədə hesabatı təqdim edib.
Ardınca Z. Meftaxetdinovanın "İdman veteranları" İctimai Birliyinə preizdent seçilməsi qərara alınıb.
Tamilla Bünyadova birinci vitse-prezident, Rafiq Hacıyev və Elşad Nərimanov vitse-prezidentlər, Tərlan Həsənov, Şamil Əbdülrəhmanov, Lyudmila Şubina, Əhməddin Rəcəbli və Nigar İbrahimova isə İdarə Heyətinin üzvləri seçiliblər.
Eyni zamanda, İctimai Birliyin Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb və səsvermə nəticəsində yeni redaksiya qəbul olunub.
Gənclər və İdman Nazirliyinin müşaviri Nurlana Məmmədzadə çıxış edərək "İdman veteranları" İctimai Birliyinin ümumi yığıncağı, nizamnaməsi və onun yeni redaksiyası barədə təqdimatla çıxış edib.
Sonda Zemfira Meftaxetdinova göstərilən etimada görə təşəkkür edib.


