Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Gənclər arasında boks üzrə ikiqat Avropa çempionu, dünya ikincisi, Çexiyada keçirilən Avropa çempionatında qızıl medal qazanan Bilalhəbəşi Nəzərovla görüşüb.
Olimpnews.az xəbər verir ki, görüşdə çempionun məşqçisi Ayaz Baxşıyev, Astara Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Cəbrayıl Məmmədov da iştirak ediblər. 
Rayon rəhbəri qazanılan yüksək nailiyyətə görə Bilalhəbəşi Nəzərovu təbrik edib. Gənc boksçu isə yüksək diqqət və qayğıya görə icra başçısına minnətdarlığını  bildirib, bundan sonra da müntəzəm məşqlərlə üzərində daha çox çalışacağını, beynəlxalq boks yarışlarında uğurla çıxış edərək Azərbaycan Bayrağını daim yüksəklərə qaldırmaq üçün əlindən gələni edəcəyini deyib.
Məşqçi Ayaz Baxşıyev də icra başçısına minnətdarlıqdan sonra yetirməsinin çevik, çalışqan, tapşırıqların icrasına maksimum səy göstərən bir gənc olduğunu, gələcəyinə inandığını,eləcə böyük ümidlər bəslədiyini bildirib. 
 
            
                                
                                
                                
                                
                                
                                
                                
                                
                                
                                
        
                        
                        
                        
                        
                        
                        
                        
                        

