Hərbçilərin futbol üzrə birinci Dünya kuboku
yarışları ölkəmizdə keçiriləcək
Fevralın 27-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Beynəlxalq Hərbi İdman Şurası (CİSM) arasında "Beynəlxalq Hərbi İdman Şurasının 1-ci Dünya futbol kubokunun təşkili haqqında" müqavilə imzalandı.
Müqavilə sənədini Azərbaycan Respublikası müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədov və Beynəlxalq Hərbi İdman Şurasının, həmçinin Kamerun Milli Olimpiya və İdman Komitəsinin prezidenti Hamad Kalkaba Malboum imzaladılar.
İmzalanma mərasimində çıxış edən müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədov bildirdi ki, Bakıda keçiriləcək hərbçilərin futbol üzrə birinci Dünya kuboku yarışlarının yüksək səviyyədə təşkil edilməsi və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə Müdafiə Nazirliyi və Beynəlxalq Hərbi İdman Şurası arasında müqavilə imzalanıb.
"Azərbaycan Respublikası ikinci dəfə müstəqillik əldə etdikdən sonra hər sahədə olduğu kimi, idman sahəsində də böyük uğurlar əldə edib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinə rəhbərliyə başladıqdan sonra ölkəmizdə idman və bədən tərbiyəsi hərəkatı sürətlə inkişaf edib. Bunun nəticəsi olaraq Azərbaycan idmançıları qısa müddət ərzində dünyada keçirilən yarışlarda və Olimpiya oyunlarında böyük uğurlar əldə olunub.
Azərbaycanda idman və fiziki hazırlıq hərəkatı Silahlı Qüvvələrdə də möhkəm əsaslar üzərində qurulub. İndiyədək Azərbaycan Beynəlxalq Hərbi İdman Şurası çərçivəsində cüdo, güləş, boks üzrə dünya çempionatlarını keçirib və bu qurumun Avropa Konfransına ev sahibliyi edib. Azərbaycan Silahlı Qüvvələri 1995-ci ildən Beynəlxalq Hərbi İdman Şurasının üzvüdür və indiyədək bu qurum çərçivəsində keçirilən dünya və Avropa çempionatlarında 170-dən çox medal qazanıb. Beynəlxalq Hərbi İdman Şurası tarixində ilk dəfə keçiriləcək birinci futbol kubokuna ev sahibliyinin Azərbaycana etibar edilməsi çox sevindirici haldır. İndi qarşımızda duran əsas vəzifə çempionatın yüksək səviyyədə keçirilməsini təmin etməkdir. Artıq bu məqsədlə müdafiə, gənclər və idman nazirliklərinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsinin üzvlərindən ibarət Təşkilat Komitəsi yaradılıb və fəaliyyətə başlayıb”, - deyə nazir müavini bildirdi.
Qeyd edək ki, bakıda keçiriləcək yarışlarda 16 ölkədən 500 idmançının iştirakı nəzərdə tutulub. Bu tədbirin işıqlandırılması üçün beynəlxalq kütləvi informasiya vasitələrinin də Bakıya gəlişi gözlənilir. Yarışlar "Şəfa", "Dalğa Arena", "Bayıl" və "Zirə" stadionlarında keçiriləcək.
Beynəlxalq Hərbi İdman Şurasının prezidenti Hamad Kalkaba Malboum tədbirin təşkili üçün Azərbaycan dövlətinə təşəkkürünü bildirdi. Kamerunlu qonaq onu da qeyd etdi ki, tədbirin keçirilməsinin planlaşdırılması 2 il əvvələ təsadüf edir. "Bizim bu tədbirlər minlərlə hərbçini bir araya gətirir, dostluq məqsədi daşıyır. Azərbaycan bu tədbirin təşkilində bizə öz yardımını göstərməklə sülhsevər ölkə olduğunu göstərir. Biz gələcəkdə minlərlə idmançılarımız ilə birlikdə burada keçirilən tədbirlərdə iştirak edəcəyik. İnanıram ki, bu yarış yüksək səviyyədə keçiriləcək”, - deyə o əlavə etdi.
Azərbaycanın bütün beynəlxalq yarışları keçirməyə imkanı olduğunu deyən Hamad Kalkaba Malboum vurğuladı ki, nəzərdə tutulan 16 komandandan artıq 15-i seçilib. Bir komandanın adı isə yaxın günlərdə məlum olacaq. Bu komanda martda Hollandiya ilə Kipr arasında keçiriləcək oyunun nəticəsində məlum olacaq.
Məlumat üçün bildirək ki, yarışa Asiya qitəsindən Oman, Qətər, İraq, Bəhreyin, Amerika qitəsindən Braziliya, ABŞ, Kanadan, Afrika qitəsindən Kamerun, Əlcəzair, Keniya, Fil Dişi Sahili, Mali, Avropa qitəsindən Almaniya, Fransa komandaları qatılacaqdır. Birincilikdə 16-cı komanda isə ev sahibi kimi Azərbaycan olacaq. Yarışın püşkatması bu il aprelin 29-da, açılışı iyulun 2-də, bağlanış mərasimi isə iyulun 14-də keçiriləcək. Məlumat üçün bildirək ki, Beynəlxalq Hərbi İdman Şurası (CİSM) üçüncü dünya miqyaslı hərbi idman təşkilatıdır. CİSM-in məqsədi idman və fiziki məşqlər vasitəsi ilə iştirakçı ölkələr arasında daimi əlaqələr yaratmaqdır. Bu qurum 1948-ci il fevralın 18-də Fransada yaradılıb. Həmin iclasda Lüksemburq, Hollandiya, Belçika və Danimarka nümayənədələri bira araya toplaşaraq CİSM-i yaradıblar.
Qısa zaman ərzində öz fəaliyyətini genişləndirən bu təşkilat Beynəlxalq Olimpiya Komitəsi tərəfindən də tanınıb. Hazırda 137 üzv ölkəni özündə birləşdirən CİSM, dünya qitələrarası və regional yarışları keçirən dünyanın ən böyük idman təşkilatlarından biridir.
Azərbaycanın Beynəlxalq Hərbi İdman Şurasına üzv olduğu zamandan bu günədək ölkəmizin hərbçi idmançıları CİSM çərçivəsində keçirilən Avropa və dünya çempionatlarında, həmçinin beynəlxalq turnirlərdə 170-dən çox medal qazanıblar.