1924-cü ildən keçirilən “Ağ Olimpiada” yaranma tarixinə görə yay Olimpiya Oyunlarından (1896) daha gəncdir. Qış idman növü olan fiqurlu konkisürmə yarışları ilk dəfə 1908-ci ildə Londonda keçirilən IV Yay Olimpiya Oyunlarının proqramında nümayiş etdirilib. İştirakçıların sayı az olduğundan, bu növ üzrə yarışlarda rəqabət zəif olub. İkinci dəfə qış idman növləri 1920-ci ildə Antverpen Yay Olimpiya Oyunlarının proqramına daxil edilib.
Müasir Olimpiya Hərəkatının banisi Pyer de Kuberten hələ XX əsrin əvvəllərində qış idman növləri üzrə ayrıca Olimpiya Oyunlarının keçirilməsi barədə təklif vermişdi. Beynəlxalq Olimpiya Komitəsi (BOK) Kubertenin bu təklifini dəfələrlə müzakirə etsə də, müsbət nəticəyə gələ bilməmişdi. Çünki Skandinaviya ölkələri bununla razılaşmaq istəmir, İsveç və Norveçin idman nümayəndələri isə bu təklifin lüzumsuz olduğunu hesab edirdilər. Onlar iddia edirdilər ki, qış idman növləri üzrə məşhur idmançılar onsuz da, 1901-ci ildən ənənvi keçirilən Şimal Oyunlarında iştirak edirlər və bu oyunlarla yanaşı, ayrıca Qış Olimpiya Oyunlarının keçirilməsinə ehtiyac yoxdur.
Lakin Olimpiya ideyalarının və prinsiplərinin təbliğində əvəzsiz xidmətləri olan mübariz insan Pyer de Kuberten bu əhəmiyyətli məsələdə yüksək əzmkarlıq və qətiyyət nümayiş etdirdi. Onun təklifi ilə BOK-un 1922-ci ildə keçirilən Paris sessiyasında əsas müzakirə mövzusu qış idman növləri üzrə Olimpiya Oyunlarının keçirilməsi oldu. Nəhayət, uzun sürən diplomatik danışıqlardan sonra baron narazı ölkələrlə razılıq əldə edə bildi. Paris sessiyanın qərarına görə, I Qış Olimpiya Oyunlarının 1924-cü ildə keçirilməsi planlaşdırıldı. 1991-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin sessiyasında, 1994-cü ildən başlayaraq, yay Olimpiya Oyunlarının qış Olimpiya Oyunları ilə növbəli keçirilməsi və oyunlar arasında 2 illik fasilənin təmin edilməsi haqqında qərar qəbul edildi. XVII Qış Olimpiya Oyunlarının 1994-cü ildə, XXVI Yay Olimpiya Oyunlarının isə 1996-cı ildə keçirilməsi planlaşdırıldı. O vaxtdan etibarən yay və Qış Olimpiya Oyunları ikiillik fasilə ilə növbəli keçirilir.
Qeyd edək ki, indiyədək cəmi 24 qış Olimpiya oyunları keçirilib. İkinci Dünya müharibəsi ilə əlaqədar olaraq, 1940-1944-cü illərdə nəzərdə tutulan qış olimpiadaları keçirilməyib.
Azərbaycan idmançılarının iştirak etdiyi Qış Olimpiya Oyunları
Azərbaycan idmançılarının Olimpiya Oyunlarında iştirakını təmin etmək Milli Olimpiya Komitəsinin başlıca vəzifələrindəndir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev 2006-ci il iyul ayının 28-də Qusar rayonunda Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimində Şahdağın ətəyinin qış idman növlərindən dağ xizəkçiliyi üçün çox əlverişli olduğunu bildirmiş və bu sahənin inkişafının vacibliyini vurğulamışdı. Hazırda Şahdağ qış və yay turizm kompleksi qış idman növlərinin təbliği və inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən baza rolunu oynayır.
Müstəqil Azərbaycanın Qış Olimpiya Oyunlarında iştirakı 1998-ci ildən başlayır. İdmançılarımız 1998-ci ildə Yaponiyanın Naqano, 2002-ci ildə ABŞ-ın Solt-Leyk-Siti, 2006-cı ildə İtaliyanın Turin, 2010-cu ildə Kanadanın Vankuver, 2014-cü ildə Rusiyanın Soçi, 2018-ci ildə isə Cənubi Koreyanın Pxençxan şəhərində mübarizə aparıblar. 1998-ci il fevralın 1-də Naqanodakı (Yaponiya) Olimpiya kəndində Azərbaycanın dövlət bayrağı qaldırılması ölkənin idman həyatı üçün əlamətdar hadisə kimi yadda qalıb. Bu hadisə Azərbaycanın adını ilk dəfə Qış Olimpiya Oyunlarının salnaməsinə həkk edib.
Naqano-1998
Azərbaycan Naqano-1998 Olimpiadasında 5 idmançı ilə mübarizə aparıb. Fevralın 7-dən 22-dək keçirilən Oyunlarda ölkəmizi fiqurlu konkisürmə idman növü üzrə fərdi yarışlarda Yuliya Vorobyova (qadınlar), İqor Paşkeviç (kişilər), cütlüklərin yarışında isə İnqa Rodionova və Aleksandr Onişşenko təmsil edib. Y.Vorobyova 16-cı, İqor Paşkeviç 16-cı və İ.Rodionova-A.Onişşenko cütlüyü yarışları 18-ci yerdə başa vurub. Dağ xizəyi idman növü üzrə təmsilçimiz Elbrus İsakov isə səhəti ilə əlaqədar yarışlarda iştirak edə bilməyib.
Solt-Leyk-Siti-2002
2002-ci ildə ABŞ-ın Solt-Leyk-Siti şəhərində keçirilən XIX Qış Olimpiya Oyunlarında Azərbaycan Olimpiya yığması ikinci dəfə iştirak edib. Fevralın 8-dən 24-dək davam edən Oyunlarda ölkəmiz iki idman növü - fiqurlu konkisürmə və dağ xizəyi üzrə yarışlarda 4 idmançı ilə təmsil olunub.
Cütlüklərin fiqurlu konkisürmə yarışlarında ölkəmizi təmsil edən Kristina Freyzer və İqor Lukanin qısa, məcburi və sərbəst çıxışlardan sonra 32 ölkənin nümayəndələri arasında 17-ci yeri tutub.
Fiqurlu konkisürmə üzrə kişilərin fərdi yarışlarında Azərbaycanı təmsil edən Sergey Rılov yarışlara həmvətənlərindən tez qatılsa da, imkanlarından aşağı səviyyədə çıxış edib. Dağ xizəkçisi Elbrus İsakov slalom yarışında birinci cəhddə məsafənin yarısını keçə bilib və mübarizəni dayandırmalı olub.
Turin-2006
2006-cı ildə təşkil olunan “Ağ Olimpiada”ya İtaliyanın Turin şəhəri ev shaibliyi edib. Fevralın 10-dan 26-dək keçirilən yarışlarda Azərbaycan idmançıları üçüncü dəfə təmsil olunub. Oyunlarda ölkəmizi fiqurlu konkisürmə yarışlarında Kristina Freyzer və İqor Lukanin cütlüyü təmsil edib. 23 ölkə idmançısının iştirak etdiyi yarışda Kristina Freyzer və İqor Lukanin cütlüyü olimpiadanı 18-ci pillədə başa vurub.
Vankuver-2010
2010-cu il fevralın 12-dən 28-dək Kanadanın Vankuver şəhərində keçirilən XXI Qış Olimpiya Oyunlarında ölkəmiz dağ xizəyi idmanının slalom və nəhəng slalom yarışlarında 1 kişi və 1 qadın atletlə təmsil olunub. Nəhəng slalom yarışlarında Azərbaycanı Sedrik Noçs təmil edib. Qadınların nəhəng slalom yarışlarında isə Qaya Bassani Antivari mübarizə aparıb. Təmsilçilərimizdən Qaya Bassani Antivari 66-cı, Sedrik Nots isə 79-cu yeri tutub.
Soçi-2014
2014-cü il fevralın 7-dən 23-dək Rusiyanın Soçi şəhərində XXII Qış Olimpiya Oyunları keçirilib. Ölkəmizi dağ xizəyinin slalom yarışlarında Patrik Braxner (kişilər), Qaya Bassani Antivari (qadınlar) və fiqurlu konkisürmə cütlüyü Aleksey Sitnikov və Yuliya Zlobina təmsil ediblər. Kişilərin nəhəng slalom yarışında Patrik Braxner turniri 54-cü pillədə başa vurub. Fevralın 22-də keçirilən slalom yarışlarında isə Patrix Braxner finiş xəttinə çata bilməyib və mübarizəni nəticəsiz yekunlaşdırıb. Qadınların slalom yarışında mübarizə aparan Qaya Bassani Antivari isə turnirdə çıxış etməyib. Yuliya Zlobina və Aleksey Sitnikov dueti isə Soçi Olimpiadasında 148.65 balla 12-ci pillədə qərarlaşıb. Bu, Azərbaycan komandasının indiyədək keçirilən qış olimpiadalarında ən yüksək göstəricisidir.
Pxençxan-2018
XXIII Qış Olimpiya Oyunları 2018-ci il fevralın 9-25-də Cənubi Koreyanın Pxençxan şəhərində keçirilib. Dünyanın 92 ölkəsindən Oyunlara qoşulan idmançılar arasında Azərbaycan dağ xizəkçiliyinin slalom növü üzrə Avstriya əsilli atlet Patrik Braxnerlə təmsil olunub. Bu, ölkəmizin Qış Olimpiya Oyunlarında 6-cı dəfə iştirak etdiyi idman tədbiri idi.
İdmançımız Patrik Braxner Olimpiada zamanı iştirak etdiyi məşqlərdə ümidverici nəticələr göstərsə də, o, rəsmi yarışda finişə çata bilməyib. Beləliklə, təmsilçimiz ilk cəhddə uğursuz çıxış etdiyindən, mükafatçıların müəyyənləşdirildiyi ikinci yürüşdə iştirak etməyib. İdmançımız yekunda 68-ci yeri tutub.
Pekin-2022
Sayca 24-cü dəfə təşkil olunan Qış Olimpiadasına Çinin paytaxtı Pekin şəhəri ev sahibliyi edib. 2022-ci il fevralın 4-dən 20-dək keçirilən Oyunlarda 91 ölkədən ümumilikdə üç minədək idmançı qüvvəsini sınayıb. Pekin Olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edib. Yarışda fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayıb. Təmsilçilərimizdən Y.Ryabova Pekin-2022-dəki mübarizəsini 179,97 xalla başa çatdırıb. İdmançımız bu nəticə ilə yarışı 15-ci sırada başa vurub. V.Litvintsev isə sərbəst proqramda 155,04 xal toplayıb və yarışın ümumi nəticəsinə əsasən 239,19 xalla 18-ci pillədə qərarlaşıb.
Azər Əlizadə


