Kikboksinqə maraq artır

Kikboksinqə maraq artır

Ölkəmizdə bütün idman növləri inkişaf edir, gənclərin idmana olan marağı getdikcə çoxalır. Gənc nəslin idmanla məşğul olması üçün respublikamızda hər cür şərait var. İdmançılar qazanılan nailiyyətlərdən daha da həvəslənir, bu sahəyə daha çox maraq göstərirlər. Bu isə öz növbəsində sağlam gəncliyin yetişməsinə gətirib çıxarır. Bu çətin, lakin şərəfli islə məşğul olmaq üçün idmançıda dözüm, səbr və cəsarət olmalıdır. Bu xüsusiyyətləri özündə birləşdirən idmançı mütləq uğur qazanır.
Bu gün paytaxtımızda və bölgələrimizdə müasir standartlara cavab verən komplekslər istifadəyə verilir, idman qurğuları, stadionlar tikilir. İdmançılarımızın sayı getdikcə artır. Onların arasında Avropa, dünya və Olimpiya çempionları yetişir. Bu idmançılar yerli və beynəlxalq yarışlarda Azərbaycanımızın bayrağını ucaldır, himnimizi səsləndirirlər. İdman vasitəsilə ölkəmiz daha çox tanınır, vətənimizə maraq artır.
Respublikamda fəaliyyət göstərən idman ocaqları, federasiyalar idmanın inkişafına, gənclərin sağlam həyat tərzində yaşamasına xidmət göstərir. Belə federasiyalardan biri də Azərbaycan Kikboksinq Federasiyasıdır (AKF). Federasiya rəhbərliyi yeniyetmə və gənclərin kikboksa olan marağının artması və onların sağlam ruhda inkişaf etməsi üçün yarışlar, tədbirlər keçirir. Bu yarışlar yüksək səviyyəsi və rəngarəngliyi ilə seçilir. Böyük zəhmətin , peşəkar əməyin nəticəsidir ki, kikboksçularımız Avropa və dünya çempionatlarında rəqiblərinə böyük üstünlüklə qalib gəlməyi bacarırlar. Kikboksinq Federasiyasının rəhbərliyi idmançılara diqqət və qayğı ilə yanaşır. Bu yanaşma idmançıların yerli və beynəlxalq yarışlarda qələbə qazanmasına zəmin yaradır. Federasiyanın rəhbərliyi yerli və beynəlxalq yarışların yüksək səviyyədə təşkilinə də xüsusi diqqət ayırır.


Kikboksinq ən çox müraciət olunan idman növlərindəndir

Kikboksçularımızın nailiyyətləri, federasiyanın həyata keçirdiyi tədbirlər, qarşıdakı yarışlarla bağlı məlumat almaq üçün AKF-nin vitse-prezidenti Ramiz Quliyevlə söhbət etdik. O bildirdi ki, Azərbaycan Kikboksinq Federasiyası yaradılandan bu günə qədər böyük inkişaf yolu keçib. Federasiyanın prezidenti Adil Əliyevin böyük əməyi sayəsində kikboksinq bu gün ən çox müraciət olunan idman növlərindəndir. Olduqca maraqlı, lakin çətin idman növü olan kikboksinqlə məşğul olan idmançılar sabahın ən layiqli əsgərləridir. Bu idman növü vasitəsilə yeniyetmələr yaxşı döyüşməyi öyrənir. Axı, hər bir əsgər yaxşı döyüşməyi bacarmalıdır. Bu, özünü müdafiə etməkdə, vətəni düşməndən qorumaqda onlara kömək edir. Kikboksinqin inkişafı üçün əlindən gələni əsirgəməyən Ramiz müəllim yığma komanda ilə birgə bir çox dünya ölkələrində keçirilən yarışlarda iştirak edib, öhdəsinə düşən işi böyük həvəslə yerinə yetirməyə çalışıb. O, bildirdi ki, ötən il olduğu kimi 2012-ci il federasiya üçün olduqca uğurlu illərdən olub. Kikboksçularımız müxtəlif beynəlxalq tədbirlərdə iştirak edib, bayrağımızı yüksəklərə qaldırıblar. Belə ki, 2012-ci ilin oktyabr ayında Türkiyədə keçirilən Avropa çempionatında 16 kikboksçu ölkəmizi təmsil edib və 2 gümüş, 3 bürünc olmaqla, 5 medal qazanıblar. Slovakiyada yeniyetmələr və gənclər arasında keçirilən dünya çempionatında isə idmançılar vətənə 17 medalla (1 qızıl, 4 gümüş, 12 bürünc) qayıdıblar. Bundan başqa, kikboksçular ölkə çempionatlarında da həvəslə yarışıb, çox sayda medallar əldə ediblər.
Ötən il sentyabrın 14-dən 22-dək Polşanın Krınitsa şəhərində kikboksinq üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatı keçiriib. Yarışda ölkəmizin idman şərəfini yeniyetmə və gənclərdən ibarət yığmanın baş məşqçisi, Əməkdar məşqçi Hikmət Hacıyevin rəhbərliyi altında millimizin 25 üzvü qoruyub. Təmsilçilərimiz bu yarışda uğurla çıxış edərək vətənə 17 medalla dönüblər (2 qızıl, 2 gümüş, 13 bürünc).

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan beynəlxalq turnirdə də idmançılarımız rəqiblərinə qalib gəldilər. Bu, bir daha sübut edir ki, Azərbaycan kikboksçuları dünyanın tanınmış kikboksçularından heç də geri qalmır, əksinə, onlardan daha da güclüdürlər.
Vitse-prezident onu da qeyd etdi ki, bu günlərdə kikboksinq üzrə XX Azərbaycan çempionatı keçirilib. "Çempionat olduqca maraqlı keçdi. İdmansevərlərin yarış iştirakçılarını dəstəkləməsi onları daha da ruhlandırdı. İdmançılarımızı bütün çəki dərəcələrində fəal iştirak etdilər. Qarşıda yetirmələrimizi beynəlxalq yarışlar gözləyir. İnanırıq ki, idmançılarımız bundan sonra da ölkəmizi yerli və beynəlxalq yarışlarda layiqincə təmsil edəcəklər”, - deyə Ramiz müəllim bildirdi.
Xatırladaq ki, Azərbaycan Kikboksinq Federasiyası 22 illik tarixə malikdir. Bu zaman ərzində federasiya idmanın inkişafı və kütləviləşməsinə öz töhfələrini verib. Kikboksinq üzrə ilk qızıl medalımız 1995-ci ildə Ukraynanın Kiyev şəhərində wako versiyası üzrə keçirilən dünya cempionatında əldə olunub. Həmin yarışda çıxış edən digər iki kikboksçumuz da vətənə medallarla qayıdıblar. Bu ilk nailiyyətlərdən sonra kikboksinq milli komandası beynəlxalq arenada qazandığı nailiyyətlərə start verib. Milli komandanın ilk idmançıları və veteranlarından Roman Tağıyev, Canpolad Budaqov, Ceyhun Şadlinski, Eduard Məmmədov, Emil Kərimovun adını çəkmək olar. Beynəlxalq arenada ilk qızıl medallara Fariz Məmmədov, Şaban Şahpələngov, Elçin Bayramov kimi idmançılar sahib olublar.
Qeyd etmək lazımdır ki, federasiyanın fəaliyyəti son illər daha da sürətlənib. Kişilərdən ibarət yığma komandanın baş məşqçisi Ehram Məcidov, gənclər və yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi Hikmət Hacıyev həm də respublikanın əməkdar məşqçiləridir. Əməkdar məşqçi Fəxrəddin Quliyev, məşqçilər Ceyhun Abbasov, Rəhim Allahverdiyev, Elşən Abdurəhmanov yığma komandanın təcrübəli mütəxəssisləridir. Onlar kikboksinqin sirlərini idmançılara böyük həvəslə öyrədirlər.
Yığma komandanın hazırlıq səviyyəsi, idmançıların psixoloji vəziyyəti federasiya rəhbərliyini maraqlandıran önəmli məqamlardandır. Sirr deyil ki, idmanla məşğul olan və uğur qazanan bütün idmançıların fiziki hazırlığı ilə bərabər, onların psixoloji vəziyyəti də önəmli yer tutur. Bu baxımdan, kikboksçularımız federasiya rəhbərliyinin daim diqqətindədir. Qeyd edək ki, idmançıların problemləri ilə maraqlanan, onlara səmimi münasibət göstərən federasiya prezidenti Adil Əliyev belə məqamlara xüsusi diqqət yetirir. Bu, ömrünü idmansız təsəvvür etməyən federasiya rəhbərinin idmançılara verdiyi dəyərdən irəli gəlir. Unutmaq olmaz ki, rəhbərlik tərəfindən diqqət, qayğı və səmimiyyət görən idmançılar daim qələbəyə can atır, daha böyük uğurlara nail olmağa çalışırlar.
Qeyd edək ki, bu gün ölkəmizdə fəaliyyət göstərən klub və cəmiyyətlərdə 10 minə yaxın yeniyetmə və gənc kikboksla məşğul olur. Ölkədə fəaliyyət göstərən 100-ə yaxın klub və cəmiyyətlərdə gənc idmançılar bu idman növünün sirlərinə yiyələnirlər. Kikboksa olan maraq getdikcə artmaqdadır.
Jalə Rzabəyli