Platini FİFA-nın prezidenti olmaq istəyir?

Platini FİFA-nın prezidenti olmaq istəyir?

FİFA-nın prezidenti Yozef Blatter Beynəlxalq Futbol Federasiyasının nizamnaməsindəki mümkün dəyişikliklərlə bağlı deyib ki, UEFA-nın öz təkliflərini irəli sürməməli, öz milli federasiyaları ilə məsləhətləşməlidir. 

Qeyd edək ki, Avropa Futbol İttifaqı FİFA prezidentinin səlahiyyət müddətinin maksimum 12 il olmasını istəyir ki, bu da dünya futbol qurumunun korrupsiyaya qarşı baş məsləhətçisi Mark Pitin tövsiyə etdiyi müddətdən dörd il çoxdur. Bundan başqa, UEFA FİFA-nın bütün məmurları üçün 72 yaş həddində məhdudiyyət qoyulmasını və FİFA İcraiyyə Komitəsinin üzvlərinin FİFA Konqresində təsdiqlənmədən birbaşa qitə konfederasiyaları tərəfindən təyin olunmasını təklif edib.
"Reuters” agentliyi Blatterin sözlərini belə təqdim edib: "Gözlənilirdi ki, FİFA-nın Konqresində bütün milli federasiyalar dəyişikliklərlə bağlı öz fikirlərini bildirəcəklər. Qitə konfederasiyalarından qərar verməyi deyil, məsləhətləşmələr aparmağı xahiş etmişik. Əgər qərarı onlar verəcəksə, onda FİFA-nın Konqresini keçirməyin nə mənası var?”
FİFA-ya 1998-ci ildən rəhbərlik edən Blatterin dördüncü müddəti 2015-ci ildə başa çatacaq. UEFA prezidenti Mişel Platini isə Blatteri əvəzləməyə əsas namizəd sayılır.