"Qarabağ” klubu daha bir transferi reallaşdırıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, qış fasiləsində Kristian Torres, Elvin Musazadə, Branimir Subaşiç, Reynaldonun ardından komanda daha bir transferi həll edib.
"Xəzər Lənkəran”da çıxış edərkən yaxşı oyun göstərən Emeka Opara rəsmən "Qarabağ” klubundadır. 28 yaşlı hücumçu ötən həftə Bakıya gəlib və "Qarabağ”la rəsmi müqaviləyə imza atıb. Nigeriyalı futbolçu yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb. Afrikalı futbolçu "Qarabağ”a uğur qazanmaq üçün gəldiyini söyləyib: "”Qarabağ”dan təklif gələndə düşünmədən razılaşdım. Hələ Azərbaycanda oynayarkən yeni komandamın oyun üslubunu bəyənirdim. Bəlli sistemə malik komandada oynamaq futbolçu üçün yaxşıdır. Bilirəm ki, "Qarabağ” çempionluq üçün mübarizə aparır. Hazırda liderdən 3 xal geridə qalırıq. Bu fərqi aradan qaldırmaq mümkündür. Azərbaycan çempionatının səviyyəsinə bələdəm. Burada yaxşı oynamaq üçün nəyin lazım olduğunu bilirəm. Komandanın heyətindəki futbolçuların əksəriyyətini tanıyıram. "Qarabağ”a uğur qazanmaq üçün gəlmişəm. Komandanın sevilən futbolçusu olmaq istəyirəm. Bunun üçün meydanda can qoymaq lazımdır. İnanıram ki, mayda qızıl medalları məhz "Qarabağ” qazanacaq”.
Qeyd edək ki, Opara əvvəl "Sahel”, "Kayzerslautern”, "Xəzər Lənkəran” və "Əl Naser”də forma geyinib.