Sonuncu “xoşbəxt” Bakı, medallardan kənarda qalan “Xəzər Lənkəran” və məğlubiyyətə bərabər qələbə qazanan AZAL

Sonuncu “xoşbəxt” Bakı, medallardan kənarda qalan “Xəzər Lənkəran” və məğlubiyyətə bərabər qələbə qazanan AZAL


Ötən həftəsonu Topaz Premyer Liqasında təsnifat mərhələsinə yekun vurulub. İlk "altılığ”a son vəsiqənin taleyinin müəyyənləşən XXII turda sevinən tərəf "Bakı” olub. Təsnifat mərhələsinin qalibi olan "Neftçi” isə ən yaxın izləyicilərindən bir qədər də uzaqlaşıb. Çünki turun mərkəzi oyununun iştirakçısı olan "İnter”lə "Qarabağ” heç-heçə etməklə, liderdən xal fərqinə görə bir qədər də geri düşüblər. 

Topaz Premyer Liqası
XXII tur
3 mart
"Kəpəz” - "Simurq” - 1:1 (1:1)
Qollar: Şahin Kərimov, 11 - Mario Bojiç, 55.

"Kəpəz”: 16. Xəyal Zeynalov, 2. Cəmşid Məhərrəmov,
6. Məhərrəm Hüseynov, 7. Pərvin Paşayev, 11. Fərid Quliyev, 15. Şahin Kərimov (k), 18. Nikolay Svejentsev, 25. Elgiz Kərəmli, 29. Georgi Sepiaşvili, 30. Vladislav Serebyakov, 88. Bujamin Asani.
"Simurq”: 1. Dmitri Kramarenko, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 6. Anderson Olivyera, 12. Tomislav Buşiç, 13. Aleksandr Şemonayev, 19. Nicat Qurbanov, 25. Mario Bojiç, 27. Bəxtiyar Soltanov, 28. Nenad Kiso.
Hakimlər: Anar Salmanov, Cavanşir Yusifov, Namiq Hüseynov, Tahir Əhmədov.
Bakı. "Dalğa Arena” stadionu.
İlk dövrədəki oyun - 1:2

Təsnifat mərhələsinin son turunun oyunlarına "Dalğa Arena” stadionunda start verilib. "Kəpəz” burada "Simurq” klubunu sınağa çəkib. Matçda hesabı 11-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Şahin Kərimov açıb. Qoldan sonra hücumlara atılan qonaq komanda fasilədən sonra hesabı bərabərləşdirib. Oyunun 55-ci dəqiqəsində Mario Bojiç rəqib qapısına yol tapıb. Nəticədə, oyun 1:1 hesabı ilə başa çatıb. Bununla da, "Simurq” 2013-cü ildə keçirdiyi 5-ci oyunda (biri kubok) da qələbəyə həsrət qalıb. Zaqatala klubu 4 çempionat matçında 9 xal itirib. Gəncəlilər isə 120 gündən sonra 1 xal qazanıblar.

"Bakı” - "Rəvan” - 2:1 (1:1)
Qollar: Mariu. Pena, 19, 57- Şəhriyar Rəhimov, 12.

"Bakı”: 82. Edin Nuredinoski, 27. George Popxadze,
5. Aqil Nəbiyev, 25. Şəhriyar Əliyev, 14. Elvin Əliyev, 8. Junior Vilson, 10. Lukas Mario Horvat, 88. Cavid Hüseynov, 11. Elvin Məmmədov (k), 24. Marius Pena, 23. Rauf Əliyev.
"Rəvan”: 1. Lukaş Sapela, 3. Miloş Zeçeviç (k), 4. Nodar Məmmədov, 8. Tural Axundov, 10. Mindauqas Kalonas,
13. Şəhriyar Rəhimov, 14. Juan Manuel Varea, 17. Ramazan Abbasov, 18. Samuel Barlay, 27. Nuran Qurbanov, 28. Emin Mustafayev.
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Ramiz Əsədov, Sərxan İsmayılov.
Bakı. "Bakı”nın təlim-məşq bazasının stadionu.
İlk dövrədəki oyun - 1:1

"Dalğa Arena”da keçirilən oyundan bir saat sonra başlayan dörd qarşılaşmadan üçü ilk "altılığ”a son vəsiqənin taleyi baxamından daha önəmli idi. Medallar uğrunda mübarizə aparmaq şansı olan "Bakı” "Rəvan”ı, "Xəzər Lənkəran” "Sumqayıt”ı, AZAL isə "Qəbələ”ni qəbul edirdi. "Bakı”nın taleyi öz əlində olsa da, digər iki komanda paytaxt derbisinin nəticəsini gözləməli idi. Belə ki, həm "Xəzər Lənkəran”, həm də AZAL-a "Bakı”nın büdrəməsi lazım idi. AZAL isə "Bakı” ilə yanaşı, "Xəzər Lənkəran”ın da xal itirməsinə ümid etməli idi.
Amma "Bakı” rəqiblərinin sevinməsinə imkan verməyib. Düzdür, oyuna "Rəvan” fəal başlayıb və Şəhriyar Rəhimov tezliklə hesabı açıb. Lakin "zolaqlılar” hesabı bərabərləşdirməyə müvəffəq olublar. Marius Pena rəqib qapısına yol tapıb. Bu futbolçu fasilədən sonra da diqqət mərkəzinə düşüb. İkinci hissədə də qol vuran M. Pena komandasına vacib qələbə qazandırıb. Beləliklə, ilk "altılığ”a son vəsiqə "zolaqlılar”a qismət olub.

"Xəzər Lənkəran” - "Sumqayıt” -2:2 (1:1)
Qollar: Robert Alvis, 15 (pen.), 72 (pen.) - Mirzağa Hüseynpur, 4, Orxan Əliyev, 50.

"Xəzər Lənkəran”: 30. Antonio Doblas, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 6. Robert Alviz, 8. Eder Bonfim,
9. Uğur Pamuk, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit,
35. Lusiano Olguin, 55. Ağabala Ramazanov, 99. Marin Orsuliç.
"Sumqayıt”: 1. Səlahət Ağayev, 4. Samir Abasov (k), 7. Pərdis Fərcad Azad, 8. Aqşin Muxtaroğlu, 9. Orxan Əliyev, 17. Emin Cəfərquliyev, 21. Məhəmməd Mirzəbəyov, 76. Can Akgün, 77. Mirzağa Hüseynpur, 92. Bəxtiyar Həsənalızadə, 95. Murad Doymuş.
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, İsgəndər Əliyev, İnqilab Məmmədov.
Lənkəran. Şəhər mərkəzi stadionu.
İlk dövrədəki oyun - 1:1

"Xəzər Lənkəran” nəinki ilk "altılığ”a düşə bilməyib, hətta ev oyununda növbəti dəfə xal itirib. Hesabı oyunun 4-cü dəqiqəsində qonaq komanda açıb. Mirzağa Hüseynpur lənkəranlıları oyuna mərkəzdən başlamağa məcbur edib. Bundan sonra hücumlara atılan meydan sahibləri matçın 15-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsi vurmaq imkanı qazanıblar. Roberto Alviz rəqib qapıçı üçün seçim yeri qoymayıb. Fasilədən sonra növbəti dəfə Lənkəran stadionuna sükut çöküb. Qonaq komandanın heyətində Orxan Əliyev fərqlənib. Meydan sahibləri bunun cavabını yalnız matçın sonlarına yaxın veriblər. Alviz ikinci dəfə təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib - 2:2. Nəticədə, "Xəzər Lənkəran”ın ikinci "altılığ”a düşməsi ilə Topaz Premyer Liqasının bəzəyi olan "Böyük oyun”ların bu mövsüm bir daha keçirilməyəcəyi dəqiqləşib. Çünki bu möhtəşəm derbinin digər iştirakçısı "Neftçi” birinci "altılıq”da mübarizə aparacaq. Qeyd edək ki, 2009-cu ildən keçirilən "altılıq” iştirakçıları arasında ilk dəfə "Xəzər Lənkəran”ı görə bilməyəcəyik. Belə ki, ardıcıl 4-cü il keçirilən bu formatda lənkəranlılara indi yer "tapılmayıb”.
Halbuki cənublular bunadək "altılığ”a rahat düşərək, mükafatçılardan biri olurdu. Düzdür, 2010-cu ildə 4-cü olan "Xəzər Lənkəran” sonrakı 2 ildə gümüş medal yiyələnmişdi. İndi isə demək olar ki, Lənkəran təmsilçisinin çempionatı mükafatsız başa vuracağı artıq dəqiqləşib. Buna baxmayaraq ikinci "altılıq”da mübarizə aparacaq cənubluların, avrokuboklara çıxmaq şansı qalır.
Yeri gəlmişkən, "Xəzər Lənkəran”ın xorvatiyalı futbolçusu Roberto Alvizin bu oyunda iki qol vurmaqla yadda qalıb. Cənub klubunun 9 illik tarixində 66-cı dəfə futbolçusu 1 oyunda 2 qol vurub. Lakin təsnifat mərhələsinin son turundakı bu iki qol əvvəlkilərdən fərqlənib. Belə ki, lənkəranlıların tarixində ilk dəfə 1 futbolçu eyni matçda vurduğu hər 2 qolu 11 metrlik cərimə zərbəsindən gerçəkləşdirib. "Xəzər Lənkəran”da indiyədək 11 metrlik cərimə zərbələrlə 2 qol vuran futbolçu olmamışdı. Alviz buna nail olan ilk oyunçu kimi tarixə düşüb.
AZAL - "Qəbələ” - 6:1 (1:1)
Qollar: Viktor İqbekoyi, 19, Cavid Tağıyev, 47, 64, Branislav Arsenyeviç, 75, Zohair Benouahi, 80, Con Oluremi, 89 - Mustafa Dabo, 14.

AZAL: 12. Cahangir Həsənzadə (k), 15. Oskars Klava, 3. Usim Nduka, 20. Branislav Arsenyeviç, 6. Tagim Novruzov, 17. Viktor İqbekoyi, 7. Cavid Tağıyev, 11. Zohair Benouahi, 99. Orxan Həsənov, 2. Juan Fransisko, 16. Junior Nildo.
"Qəbələ”: 30. Anar Nəzirov, 3. Vurğun Hüseynov, 4. Amit Quluzadə, 5. Luka Zinko, 8. Kristian Pulhak, 10. Luis Paulo Hilario, 14. Mustafa Dabo, 15. Omar Kalabane, 16. İfeanyi Emeqara, 26. Daniel Lopes Kruz, 27. Rəşad Abdullayev (k).
Qırmızı vərəqə: Vurğun Hüseynov, 85.
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov.
Bakı. "AZAL Arena” stadionu.
İlk dövrədəki oyun - 0:0

AZAL isə hər şeyin "acığını” "Qəbələ”dən çıxıb. Ramiz Məmmədovun yetirmələri Bakıda böyük hesabla məğlub olub. Halbuki, hesabı oyunun 14-cü dəqiqəsində "Qəbələ”dən Mustafa Dabo açmışdı. Lakin qoldan sonra irəli atılan AZAL cəmi bir neçə dəqiqə sonra Viktor İbekoyinin qolu ilə hesabı bərabərləşdirib. Hücumları davam etdirən meydan sahibləri qol vurmaqda davam ediblər. 17 dəqiqə ərzində 2 dəfə qol vuran Cavid Tağıyev AZAL-ı 3:1 hesabı ilə önə keçirib. Bundan başqa, Branislav Arsenyeviç, Zohair Benuahi, Con Olufemi də "Qəbələ”nin qapısına yol tapıblar. Lakin 6:1 hesablı qələbə AZAL-ın ilk "altılığ”a düşməsi üçün kifayət etməyib. Qeyd edək ki, qarşılaşmanın son dəqiqələrində Vurğun Hüseynov qırmızı vərəqə alaraq, qonaq komandanı azlıqda qoyub. İlk "altılıq”da yer alan "Qəbələ”nin final mərhələsi ərəfəsində böyük hesabla məğlub olmasının komandaya necə təsir edəcəyi maraqla gözlənilir.

"Turan” - "Neftçi” - 2:3 (1:2)
Qollar: Antonio Rukavina, 35, Ender Günlü, 83 - Flavinyo, 11, Araz Abdullayev, 61, Cavid İmamverdiyev, 75.

"Turan”: 28. Andrey Popoviç,
2. Dmitri Pospelov, 3. Anatoli Stukalov,
6. Mikayıl Rəhimov, 26. Aleksandr Krustkeviç, 19. Asəf Qədiri, 25. Antonio Rukavina, 10. Ender Günlü (k), 23. İrakli Beraya, 17. Fərmayıl Əliyev, 11. Salif Ballo.
"Neftçi”: 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz,
5. İqor Mitreski, 9. Flavinyo, 11. Nikolas Kanales, 15. Erik Ramos, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 22. Mahir Şükürov, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə.
Hakimlər: Elvin Əsgərov, İlham Əliyev, Rza Məmmədov, Feyzulla Feyzullayev.
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
İlk dövrədəki oyun - 1:2

"Neftçi” səfərdə "Turan” klubunun qonağı olub. Hesabı paytaxt klubunun üzvü Flavinyo açıb. Lakin birinci hissənin sonlarına yaxın Antonio Rukavina hesabı bərabərləşdirib. Matçın başa çatmasına 30 dəqiqə qalmış Araz Abdullayev və Cavid İmamverdiyev "Turan”ın qapısına növbəti qollarını vurublar. Son dəqiqələrdə Ender Günlü fərqi azaltsa da, bu qol, sadəcə, matçın yekun nəticəsini müəyyənləşdirib - 2:3. Bu nəticə "Neftçi”nin final mərhələsinə lider kimi başalması üçün kifayət edib.
Maraqlı məqamdır ki, Topaz Premyer Liqasında "ağ-qaralar”ın ənənəsi davam edir. Məsələ burasındadır ki, "altılıq” sistemi ilə keçirilən ardıcıl 4-cü çempionatda da təsnifat mərhələsinin bombardiri "Neftçi”nin futbolçusu olub.
Geridə qalan 22 turda 20 dəfə rəqib qapılarına yol tapan çilili Nikolas Kanales həm klub üzvlərinin seriyasını davam etdirib, həm də onlara əsl bombardirin necə olduğunu göstərib. Belə ki, əvvəlki 3 mövsümdə təsnifat mərhələsinin bombardirləri o qədər də çox qol vurmamışdılar.
"Altılıq” sisteminin tətbiq olunmağa başladığı 2009/10-cu illər mövsümündə ilk 22 turda hamıdan çox qol vuran Adrian Neaqa olmuşdu. Həmin vaxt "Neftçi”nin rumıniyalı legioneri 9 qolla hamıdan öndə idi. Bakılıların çempion olduğu növbəti 2 mövsümdə isə Bahodir Nasimov təsnifat mərhələsində hamıdan öndə olub. Özbəkistanlı hücumçu 2010/11-ci illər mövsümündə 15, 2011/12-ci illər mövsümündə isə 13 qol vurmuşdu.

"Qarabağ” - "İnter” - 0:0 (0:0)

"Qarabağ”: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 14. Rəşad Sadıqov (k),
17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 24. Admir Teli, 32. Toğrul Bilallı, 70. Vaqif Cavadov.
"İnter”: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski,
11. Asif Məmmədov, 15. Vladimir Levin (k), 18. İlya Kandelaki, 20. Brüs Abdulaye, 21. Arif Daşdəmirov, 25. İbrahima Niasse, 28. Baçana Sxadadze, 30. Yuri Fomenko, 47. Abdulla Abatsiyev.
Hakimlər: Vüsal Əliyev, Vaqif Musayev, Nahid Əliyev, Orxan Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk dövrədəki oyun - 1:1

Tura və təsnifat mərhələsinə "Qarabağ” - "İnter” oyunu ilə yekun vurulub Bu oyunun nəticəsi ikinci pilləni hansı komandanın tutacağını müəyyənləşdirəcəkdi. Komandalar 90 dəqiqə ərzində qol vura bilməyiblər və qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Bununla da, "İnter” final mərhələsinə ikinci, "Qarabağ” üçüncü pillədə yollanıb.

Rahib Səmədov