"Neftçi” PFK-nın bazasında klubdaxili iclas keçirilib. Klubun prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə keçirilmiş toplantıda klub rəhbərliyi, məşqçilər heyəti və futbolçular iştirak ediblər. "Simurq” klubu ilə oyunda qeyri-etik davranışı səbəbindən qırmızı vərəqə ilə cəzalandırılmış futbolçu Cavid İmamverdiyev klub prezidentinə müraciət edərək, ilk dəfə belə bir davranışa yol verdiyini və səhv addım atdığını deyib. Məşqçilər heyəti və futbolçular da Cavid İmamverdiyevin bir daha belə səhv addım atmayacağına əminliklərini ifadə ediblər. Futbolçu bunun bir daha təkrarlanmayacağına söz verib.
""Simurq”la oyunda emosional davranmaqla səhvə yol verdim. İndiyə kimi heç bir halda rəqib futbolçulara qarşı qeyri-etik davranışım olmamışdı. Təbii ki, səhvimi başa düşürəm və bunun bir daha təkrarlanmayacağına söz verirəm. Klub rəhbərliyi və məşqçilər heyətindən mənə sonuncu dəfə şans vermələrini istədim. Söz verirəm ki, azarkeşlərimiz Avropa Liqası oyunlarında gördükləri Cavid İmamverdiyevi ilk "altılıq” oyunlarında da izləyəcəklər”, - deyə o bildirib.