Martın 4-də Xocahəsən qəsəbəsində yeni futbol meydançası istifadəyə verildi. 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov son illər Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğuladı. O bildirdi ki, bu gün Azərbaycanda bir çox idman növləri inkişaf etdirilir.
İsmayıl İsmayılov vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının məntiqi nəticəsi olaraq son illər ölkəmizin paytaxtı Bakı şəhəri dünyanın idman mərkəzlərindən birinə çevrilib. Təkcə paytaxtda deyil, bölgələrdə də Olimpiya idman komplekslərinin tikilərək istifadəyə verildiyini diqqətə çatdıran nazir müavini orta təhsil məktəblərində də xüsusi idman infrastrukturunun yaradıldığını bildirdi. Natiq dedi ki, yaradılan idman infrastrukturu gənclərin asudə vaxtının səmərəli təşkil olunması istiqamətində atılan önəmli addımlardan biridir.
İdmançılarımızın ötən il beynəlxalq yarışlarda 735 medal qazandığını bildirən İsmayıl İsmayılov 2012-ci ildə respublikamızda 50-dən artıq mötəbər yarışın təşkil olunduğunu diqqətə çatdırdı.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov yeni futbol meydançasının istifadəyə verilməsini yüksək qiymətləndirdi. O bildirdi ki, idmançıların yetişməsi üçün ölkəmizdə hər cür şərait vardır. Hazırda respublikamızın çox yerində bu cür idman infrastrukturu fəaliyyət göstərir, bir neçə Olimpiya idman kompleksi isə inşa olunur. Bununla yanaşı, idmançılarımız da beynəlxalq yarışlarda ölkəmizi müvəffəqiyyətlə təmsil edir və üçrəngli bayrağımızı dünya arenalarında layiqincə dalğalandırırlar.
Vüsar İsmayılov qeyd etdi ki, bütün bu uğurların və nailiyyətlərin əsasında ölkə başçısı İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı dayanır. Çox sevindirici haldır ki, Azərbaycan gənclərinin də idmana böyük həvəsi vardır.
Sonra Azərbaycanın dövlət himninin səsləndirildi. Açılış mərasimindən sonra qəsəbənin yeniyetmə komandaları arasında yoldaşlıq oyunu keçirildi.
Qeyd edək ki, meydança 0,55 hektar ərazidə inşa olunub. O, hərəsində 63 oturacaq olan iki tribunadan ibarətdir.
Meydançanın ətrafında eni 3 metr, uzunluğu 65 metr olan iki qaçış zolağı vardır. İdman obyektində həmçinin soyunub-geyinmə otağı, 5 duş kabinəsi, kombi sistemi üçün otaq və su anbarı fəaliyyət göstərir. Meydançanın ətrafında yaşıllıq zolağı salınıb və 250-dək şam ağacı əkilib.