“Messi pis oğlandır!”

“Messi pis oğlandır!”

İspaniyanın "AS” qəzetinin şef redaktoru Tomas Ronsero FİFA-nın versiyasına görə, dünyanın ən yaxşı futbolçusu "Barselona”lı Lionel Messi barədə fikirlərini belə ifadə edib: "Bilirsiniz, Messidən zəhləm getdiyini nə vaxt anladım? Bu, iki il əvvəl baş verib. "Bernabeu” stadionunda "El Clasico” zamanı argentinalı qüvvətli zərbə ilə topu "Real”ın azarkeşlərinin oturduğu tribunaya göndərdi. Top bir qoca kişinin sifətinə dəydi və az qala, onda beyin silkələnməsi olacaqdı.
Messi topun hara uçduğunu gördü. Gördü ki, bir nəfəri "nokdauna” saldı. Belə vəziyyətdə normal oğlanın reaksiyası necə olardı? Zərərçəkənə əl sallayaraq üzr istəmək. Axı bu tam təbii işdir! Amma təəssüf ki, belə olmadı. Messi arxasını çevirərək meydanın mərkəzinə tərəf qaçdı. Düşündüm ki, yəqin futbolçu oyun zamanı emosiyalara qapanıb necə hərəkət etməli olduğunu anlamayıb. Amma qarşılaşma bitdikdən sonra da ondan üzrxahlıq sözləri eşitmədik. Məgər nümunəvi insan özünü beləmi aparmalıdır? Yaşlı insanı vurasan, sonra da özünü elə göstərəsən ki, sanki, heç nə olmayıb? Messini müqəddəs bir insan kimi təqdim etməyə çalışırlar. Guya o, ideal xarakterli ədəbli oğlandır. Bir neçə mövsüm əvvəl İspaniya superkuboku oyununda "Real”a qol vuran Messi madridlilərin ehtiyat oyunçular skamyasına nəzər salıb kiməsə səciyyəvi jest ("danışan ördək”) göstərdi, yəni "nə oldu, indi susdunuz?”
"Real”ın ehtiyat oyunçular skamyasına tərəf tüpürməsini, Koentraonu provokasiyaya təhrik edərək dirsəklə vurmasını yadınıza salın. Futbolda nəyə isə nail olan istənilən oyunçuda qəribə xüsusiyyətlər əmələ gəlir. Bu mövsüm Messinin necə əclaf olduğuna qəti şəkildə əmin olduq. O, "Selta”nın oyunçusunun kürəyinə alçaqcasına zərbə vurdu.  Bəs Vilyanın üstünə qışqırmaq normal haldır? Ay oğlan, sən kimə səsini qaldırırsan? İspaniya yığmasının tarixində ən məhsuldar oyunçu tituluna layiq görülən Messinin, məncə, iki sifəti var. İctimaiyyətə təqdim olunan xoş sifət və real sifəti hansını ki, onlar uzun müddət gizlətməyə çalışıblar. Onlar kimdir? Messi ilə işləyən güclü təbliğat maşını. Bu insanlar uzun müddət hamıya Leonun mələk olduğu fikrini sırıyıblar. Mənim üçün çox gülməli məsələdir.
Messi ilə görüşsəm, əlbəttə, əlini sıxaram. O, əla oyunçudur, axmaq deyiləm ki, bunu inkar edim. Amma Messi pis oğlandır. İnsan həmişə özünü ələ almağı bacarmalıdır. Axı həyat təkcə futboldan ibarət deyil”.