"Xəzər Lənkəran” klubunun yeni baş məşqçisi Con Bencamin Toşak olacaq. 64 yaşlı britaniyalı mütəxəssislə bugünlərdə müqavilə imzalanıb. O, martın 15-də komandaya qoşulacaq.
Con Toşak 1949-cu ildə Uelsin Kardiff şəhərində anadan olub. O, peşəkar futbolçu karyerasını 16 yaşında doğma şəhərində başlayıb. C. Toşak çıxış etdiyi liqada ən gənc oyunçu olmaqla rekord müəyyənləşdirib, və bu rekord 41 il davam edib. Con futbolçu karyerası ərzində "Kardiff Siti” (1965-1970), "Liverpul” (1970-1978) və "Svensi Siti” (1978-1984) klublarında oynayıb, həmçinin U-23 Uels milli komandasının və Uelsin əsas millisinin şərəfini qoruyub.
Con Toşak zəngin məşqçilik karyerası ilə diqqəti cəlb edir. Belə ki o, karyerası ərzində 16 klubu, o cümlədən "Real”, "Real Sosyedad”, "Deportivo” və "Beşiktaş” kimi nüfuzlu klubları çalışdırıb və bu klublarda bir çox uğurlara imza atıb. Britaniyalı mütəxəssis "Svensi Siti” klubu ilə Uels kubokunu (1980/81, 1981/82, 1982/83), "Real Sosyedad”la İspaniya kubokunu (1986/87), "Real”la ölkə çempionluğunu (1989/90), "Deportivo” ilə Superkuboku (1995), "Beşiktaş”la Türkiyə kubokunu (1997/98) qazanıb.
Con Toşak karyerası ərzində 3 dəfə milli komandaya başçılıq edib. 2 dəfə Uels yığmasına təyinat alan bu məşqçi 1994-cü ildə qısa müddətdə bu vəzifəni tutub. 2004-10-cu illərdə isə onun Uels millisində fəaliyyəti uzunmüddətli olub. Bundan sonra isə o, Makedoniyaya üz tutub və 2011-12-ci illərdə bu ölkənin yığmasını çalışdırıb.