Dünən AFFA-nın inzibati binasında Topaz Premyer Liqasının fevral ayının ən yaxşı futbolçusu, ən gözəl qolun müəllifi və çempionatlarımız tarixində vurulan 10 000-ci qolun müəllifinin mükafatlandırılma mərasimi oldu. Tədbirdə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev, "Azəridmanservis” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru Azər Məhərrəmov və KİV nümayəndələri iştirak edirdilər.
Mərasimdə çıxış edən Ramin Musayev yerli futbolçuların iki nominasiya üzrə fərqlənməsindən məmnun qaldığını bildirdi: "İstər ayın futbolçusunun, istərsə də ən yaxşı qolun müəllifinin seçilməsi səsvermə yolu ilə edilib. Topaz-la birgə ilk tədbir olduğuna görə bunun AFFA-nın binasında keçirilməyini istədim. Sevindirici haldır ki, 10 000-ci qolun müəllifi, eləcə də fevral ayında vurulan ən yaxşı qolun müəllifi yerli futbolçudur. "Neftçi”nin hücumçusunu da təbrik edirəm. Doğurdan da, Nikolas Kanales "ayın futbolçusu” seçilməyə layiq idi. Son vaxtlar mənə sual verirlər ki, bombardirlər siyahısında niyə yerli oyunçu yoxdur? Amma bunun günahkarı mən deyiləm”.
PFL prezidenti Topaz-la müqavilə imzaladıqdan sonra əldə edilən uğurlardan da danışdı: "Əvvəlki iki illə müqayisədə oyunların bir başa yayımının sayı iki dəfə artıb. Çalışacağıq ki, I divizionda keçirilən matçların da yayımına nail olaq. Bununla bağlı Topaz rəhbərliyi ilə görüşümüz olacaq. Tədbirdən sonra onlardan bu məsələdə bizə kömək etmələrini xahiş edəcəyik. Çünki orada oynayan gənc futbolçuların buna ehtiyacı var”.
Ramin Musayev I diviziondan Topaz Premyer Liqasına komandanın gəlib-gəlməyəcəyinə də aydınlıq gətirdi. O, bir komandanın premyer liqada oynamaq istədiyini dəqiqləşdirdiyini qeyd etdi: "İndi desəm ki, yayda aşağı dəstədən Topaz Premyer Liqasına iki komanda gələcək və vədə yetişəndə bu baş verməsə, onda mən neyləyəcəyəm? Aşağı divizionda çıxış edən klublarla maraqlanmışam. Onlardan birinin gəlmək istədiyi dəqiqləşib. Adını açıqlamayacağam, həmin komanda hazırda çempion olmaq uğrunda mübarizə aparır. Lisenziya da alıblar. Ancaq ikinci komanda sual altındadır. Əgər hansısa komanda Topaz Premyer Liqasında oynamaq istəmirsə, biz onu məcbur edə bilmərik. Belə bir imkanımız olsa idi, onda çempionatı 12 yox, 18 komanda ilə keçirərdik”.
Azər Məhərrəmov çıxış edərək, PFL-lə əməkdaşlığı daha da artıracaqlarını vurğuladı: "Bildiyiniz kimi, Topaz 3 il müddətinə adını Premyer Liqaya verib. Müqavilə imzalandıqdan sonra müəyyən tədbirlər həyata keçirilib. Reklamlar verilir, oyunların birbaşa yayımlanmasına nail oluruq. Bu gün keçirilən tədbirdə isə üç nominasiya üzrə qaliblər mükafatlandırılacaqlar. İlk aylar üçün bu qədər işlər görmüşük”.
Çıxışlar başa çatdıqdan sonra ən yaxşıların adları açıqlandı. Əvvəlcə səhnəyə Asif Məmmədov dəvət olundu. PFL-in rəsmi saytında aparılan sorğunun nəticələrinə əsasən, "İnter” klubunun futbolçusu Asif Məmmədovun "Xəzər Lənkəran”ın qapısına vurduğu qol fevral ayının ən gözəl qolu hesab edildi. A. Məmmədova 1000 manat və xüsusi mükafat verildi. Qeyd edək ki, ən gözəl qolun seçilməsində 22 000 nəfər iştirak edib. Ən gözəl qolun müəllifi seçildiyi üçün xoşbəxt olduğunu vurğulayan "İnter” klubunun futbolçusu milli komandada çıxış etmək istədiyini də qeyd etdi: "Əvvəllər məni milli komandaya dəvət etməyəndə bunu onunla izah edirdilər ki, komandanda müntəzəm oynamırsan. Ancaq indi çempionat başlayandan bütün oyunlarda çıxış etmişəm. Mənim üçün maraqlıdır ki, Berti Foqts niyə məni milliyə çağırmır? Hətta millimizin üç günlük toplanışına da çağırılmadım. Halbuki həmin toplanışa birinci divizion və əvəzedici komandalardan futbolçular çağrılmışdılar. Belə çıxır ki, yəqin, Berti Foqts məni tanımır. O, milli komandaya gələndən eyni futbolçuları çağırır. Nəticə də göz qabağındadır. Tək özümü demirəm. Bir neçə futbolçu var ki, millidə oynamağa layiqdir. Həmin futbolçular bu gün öz komandalarının heyətində sabit çıxış edirlər. Araz Abdullayevin adını çəkə bilərəm. Lakin nədənsə Berti Foqts onlara təklif göndərmir”.
37 KİV nümayəndəsi arasında keçirilən sorğunun nəticələrinə əsasən, "Neftçi” klubunun hücumçusu Nikolas Kanales ötən ayın ən yaxşı futbolçusu seçildi. Çilili futbolçuya təşkilatçılar tərəfindən 1500 manat və xüsusi mükafat təqdim edildi. O, ən yaxşı futbolçu seçildiyi üçün şad olduğunu bildirdi: "Şadam ki, məni ayın ən yaxşı futbolçusu seçdilər. Deməli, meydana əbəs yerə çıxmamışam. Amma bu təkcə mənim uğurum deyil, bütün komandanın əməyi var. Ona görə də "Neftçi”ni təbrik edirəm. Bundan sonra da bu mükafata layiq olduğumu sübut etməyə çalışacağam”.
Topaz Premyer Liqasının 14-cü turunda "Neftçi” ilə oyunda "Bakı”nın futbolçusu Elvin Məmmədovun vurduğu qol isə Azərbaycan futbolun da 10 000-ci qol kimi tarixə düşdü. Elvin Məmmədova da PFL və Topaz tərəfindən xüsusi mükafat təqdim edildi.
Rahib Səmədov,
Azər Əlizadə