Alpinistlərimiz Elbrus zirvəsini fəth ediblər

Alpinistlərimiz Elbrus zirvəsini fəth ediblər


Azərbaycan alpinistləri Avropanın ən yüksək zirvəsi olan Elbrusa (5642 m) uğurla qalxa bilib.
Komandanın tərkibinə Azərbaycan Alpinizm Federasiyasının (AAF) idmançıları, Nikoil bankın alpinist qrupu və "Murov” ekstremal idman klubunun üzvləri daxil olub. Hər üç qrupun birgə layihəsi olan ekspedisiyanın rəhbərliyini təcrübəli alpinist, AAF-nın prezidenti İsrafil Aşurlı həyata keçirib. Məlumat üçün qeyd edək ki, həmin ekspedisiya İsrafil Aşurlının Elbrus zirvəsinə qalxma sayını 14-ə çatdırdı.
Avqustın 9-da başlayan alpinistlərin səfəri çox çətin hava şəraitində keçib. Alpinistlər iqlimə uyğunlaşmaq üçün ilk gündə 3800 m hündürlüyündə yerləşən düşərgəyə qalxıblar. Onlar İkinci gün 4200 m-dək, üçüncü gün isə 4800 m-dək qalxıblar. Bir günlük istirahətdən sonra - beşinci gün, komanda zirvə istiqamətində yola çıxıb. Güclü külək və şaxtaya baxmayaraq, avqustun 13-də alpinistlər Elbrus zirvəsində Azərbaycan bayrağını sancıblar.