"Topçular”ın isə səfər
qələbəsi növbəti mərhələ üçün kifayət etmədi
Bu həftə UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin cavab oyunlarına yekun vurulub. Keçirilən oyunlardan sonra növbəti mərhələyə vəsiqə qazanan komandaların adlarına aydınlıq gəlib.
Kubok uğrunda mübarizəni davam etdirəcək 8 komanda 5 ölkəni təmsil edir. İspaniyanın 3, Almaniyanın 2 komandası ilə yanaşı, Fransa, İtaliya və Türkiyə yığmaları da 1/4 finalda çıxış ediblər. Bu dəfə 1/4 finalda İngiltərə klubu yer almayıb. Bu isə turnirin tarixində nadir hadisədir. Sonuncu dəfə ingilislərsiz 1/4 final 1995/96-cı illər mövsümündə qeydə alınmışdı. 17 ildən sonra belə uğursuzluqla üzləşən britaniyalılar ardıcıl 16 mövsüm 1/4 finalda, ən azı, 1 klubla təmsil olunurdular. Sevindirici haldır ki, 1/4 finalda iştirak edəcək komandalar arasında Türkiyənin "Qalatasaray” klubu da var.

"Barselona” evdə oynasa da, işi daha çətin idi. İtaliyada Milanın eyniadlı təmsilçisi ilə oyunda 2 cavabsız qol buraxan kataloniyalılar bu məğlubiyyətin əvəzini çıxmalı idilər. "Barselona” istədiyinə nail olaraq "Nou Kamp”da şou göstərib. Rəqibin ilk oyundakı qollarına ispanlar hər iki hissədə 2 qolla cavab veriblər. Matça hücumlarla başlayan meydan sahibləri oyunun ilk 40 dəqiqəsində Messinin 2 qolu ilə hesabda önə keçiblər. Fasilədən sonra daha iki dəfə fərqlənən kataloniyalılar növbəti mərhələyə vəsiqə qazanıblar. Maraqlıdır ki, turnirin tarixində indiyədək belə hal olmamışdı. Məsələ burasındadır ki, evdə 2 qol vuraraq, səfərdə 0:4 hesabı ilə uduzub, turnirlə vidalaşan yalnız "Milan” klubu olub.
Qeyd edək ki, Lionel Messi ÇL-də qollarının sayını 58-ə çatdırıb. O, "Milan”a vurduğu 2 qolla Avropanın ən nüfuzlu klub turnirində bombardirlər siyahısında ikinci yerə çıxıb.
Turnirin qarşılaşmalardan biri Azərbaycan futbol azarkeşləri üçün böyük maraq kəsb edirdi. Belə ki, qardaş ölkə - Türkiyənin "Qalatasaray” klubu səfərdə "Şalke” klubunun qonağı olub. İlk matçda qalib müəyyənləşməmişdi (1:1) və bunun üçün hər şeyə "Veltins Arena”da aydınlıq gələcəkdi. Oyunda azarkeşlər 5 qolun şahidi olublar. Əvvəlcə meydan sahibləri hesabı açsalar da, sonra qonaqlar 2 dəfə fərqlənərək fasiləyə üstün yollanıblar. İkinci hissədə isə "Şalke” hesabı bərabərləşdirməyə nail olub. Lakin sonradan meydana daxil olan Umut Bulut komandasına qələbə gətirən qola imza atıb - 2:3. Bununla da, "Qalatasaray” Almaniyada 1/4 finala vəsiqə qazanıb. Maraqlıdır ki, "Qalatasaray” tarixində ikinci dəfə 1/4 finala vəsiqə qazanıb. İstanbul təmsilçisi həm ilk, həm də sonuncu dəfə bu uğura 2000-2001-ci illər mövsümündə nail olub. Beləliklə, "Qalatsaray” 12 ildən sonra yenidən 1/4 finalda mübarizə aparacaq.

Doğma azarkeşlər önündə "Bavariya”ya 1:3 hesabı ilə məğlub olan İngiltərənin "Arsenal” klubu "Alyans Arena”da bunun əvəzini çıxmağa çalışıb. Oyuna surətli hücumlarla başlayan "topçular” erkən qolla hesabı açaraq fasiləyə üstün yollanıblar. İkinci hissədə də London klubu meydan sahiblərini daha bir dəfə mərkəzdən başlamağa məcbur edib. Lakin "Arsenal”ın bundan artığına gücü çatmayıb və "Bavariya” ilk matçda vurduğu qollar sayəsində növbəti mərhələyə yüksəlib.
İspaniya təmsilçisi "Malaqa” Pireney də səfər məğlubiyyətinin əvəzini çıxmalı idi, Portuqaliyada 1:0 hesabı ilə qalib gələn "Porto” isə cüzi üstünlüyünü qorumağa çalışacaqdı. Lakin "Malaqa” hər hissədə vurduğu 1 topla adını növbəti mərhələyə yazdırmağı bacarıb.
UEFA Çempionlar Liqası
12 mart
"Barselona” (İspaniya) - "Milan” (İtaliya) - 4:0
Qollar: Messi, 5; 40, Vilya, 55, Alba, 90.
İlk oyun - 0:2
"Şalke” (Almaniya) - "Qalatasaray” (Türkiyə) - 2:3
Qollar: Noyştedter, 18, Bastos, 63 - Altıntop, 37, Burak, 42, Umut, 90+4.
İlk oyun - 1:1
13 mart
"Bavariya” (Almaniya) - "Arsenal” (İngiltərə) - 0:2
Qollar: Jiru, 3, Koselni, 85.
İlk oyun - 3:1
"Malaqa” (İspaniya) - "Porto” (Portuqaliya) - 2:0
Qollar: İsko, 43, Santa Krus, 77.
İlk oyun - 0:1