Qətər FİFA-ya və UEFA-ya meydan oxuyur?

Qətər FİFA-ya və UEFA-ya meydan oxuyur?

"The Times” nəşrinin yazdığına görə, Qətərin əmir ailəsi FİFA və UEFA-nın təşkil etdiyi klubların dünya çempionatı və Çempionlar Liqasını kölgə altına salacaq böyük planlar qurur. Belə ki, "Dream Football League” (DFL, Arzuların Futbol Liqası) adlanan liqanın fəaliyyətə başlaması nəzərdə tutulub.

Yaxın aylarda açıqlanacaq plana əsasən, DFL 24 nəhəng klubu özündə birləşdirəcək. Onların arasında "Barselona” və "Mançester Yunayted” klubları da var. Turnirə qatılacaq hər bir kluba təkcə iştirak haqqı üçün 210 milyon avro ödəniləcək. Halbuki ötən mövsüm Çempionlar Liqasının qalibi "Çelsi” cəmi 56 milyon avro qazanıb.
24 komandadan dördü - "Mançester Yunayted”, "Mançester Siti”, "Arsenal” və "Çelsi” İngiltərəni təmsil edəcəklər. Bu komandalar, "Barselona” və Qətər İdman Sərmayələrinin himayədarlıq etdiyi PSJ də daxil olmaqla 16 klub DFL-in daimi üzvü olacaq. Qalan 8-i isə uğurlu nəticələrə malik komandalar arasından seçiləcək.
2015-ci ildə start götürməsi planlaşdırılan turnirin iki ildən bir yaz aylarında Qətər və digər qonşu ölkələrdə təşkil olunacağı gözlənilir.
Qətərin Futbol Assosiasiyası (QFA) təşkil ediləcəyi ehtimal olunan turnirə aidiyyəti olmadığını bəyan edib. Bundan başqa, QFA yayılan xəbərin doğruluğunu təsdiqləyən heç bir faktın olmadığını bildirib.
Onu da qeyd etmək lazımdır ki, "The Times”dakı məlumatın martın 10-da Fransanın "Les Cahiers du Football” nəşrindəki uydurma yazıya əsaslanması istisna olunmur.