Azərbaycan futbolu 2012-ci ildə: təhlillər, nəticələr və gələcəyə baxış

Azərbaycan futbolu 2012-ci ildə: təhlillər, nəticələr və gələcəyə baxış

2012-ci il Azərbaycan futbolu üçün bir çox əlamətdar hadisələrlə yadda qaldı. AFFA futbolun inkişaf etdirilməsi istiqamətində ötən il ciddi işlər gördü. Ölkənin bir nömrəli milli komandası 2012-ci ildə uğurlu nəticələr əldə etməklə xalqımızı sevindirdi. Klublarımız isə əvvəlki illərdən fərqli olaraq, bu dəfə qitə miqyaslı yarışlarda ölkəmizi uğurla təmsil etdilər. "Neftçi” avroliqanın qrup mərhələsində oynamaqla ölkəmiz üçün tarixi uğura imza atdı.
İnanırıq ki, futbolumuzda ötən il arzu edilən, lakin reallaşmayan nailiyyətlərə 2013-cü ildə nail olacağıq. Təbii ki, milli komandamızın seçmə mərhələləri tarixində ən yaxşı göstərici əldə etməsi və avrokuboklara qatılacaq klublarımızın qrup mərhələsində daha da uğurla çıxış etmək arzusu lap öndə durur...

Rövnəq Abdullayev növbəti dəfə
AFFA-nın prezidenti seçildi
Martın 9-da AFFA-nın inzibati binasında assosiasiyanın növbəti hesabat-seçki konfransı keçirilib. Konfransı giriş sözü ilə açan AFFA prezidenti Rövnəq Abdullayev hesabat dövrü ərzində futbolun inkişafı məqsədilə AFFA tərəfindən həyata keçirilən tədbirlər barədə qısa məlumat verib. Sonra konfransın gündəlikdəki məsələlərlə bağlı çıxışlar olub. Çıxışlar başa çatdıqdan sonra konfrans nümayəndələri yekdilliklə AFFA-nın hesabat dövrü ərzindəki fəaliyyətinin qənaətbəxş olması barədə qərar qəbul ediblər.
Baş katib Elxan Məmmədov gündəlikdəki növbəti məsələnin AFFA prezidenti vəzifəsinə seçkilərin keçirilməsi olduğunu deyib. Baş katib qeyd edib ki, bu vəzifəyə 1 nəfərin - Rövnəq İbrahim oğlu Abdullayevin namizədliyi irəli sürülüb və Nizamnamənin 33-cü maddəsinin 7-ci bəndinə əsasən, nümayəndələrin mütləq çoxluğu gizli səsvermə tələb etməzsə, qərarlar açıq səsvermə ilə qəbul olunur. Beləliklə, AFFA prezidenti vəzifəsinə seçkilər açıq səsvermə yolu ilə keçirilib və Rövnəq Abdullayev yekdilliklə növbəti 4 il müddətinə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilib.
Sonra İcraiyyə Komitəsinin üzvlərinin seçkisi keçirilib. Baş katib məlumat verib ki, İcraiyyə Komitəsindəki 10 vakant yerə eyni sayda - 10 nəfər namizəd irəli sürülüb. Nizamnaməyə uyğun olaraq, Peşəkar Futbol Liqasından 4, Regional Futbol Federasiyasından 2, Sahə Futbol Federasiyasından 2 və İctimai Futbol Təşkilatlarından 2 nəfər İcraiyyə Komitəsinə üzv seçiləcək. Nizamnamənin müvafiq maddəsinə uyğun olaraq, İcraiyyə Komitəsinə də seçkilər açıq səsvermə yolu ilə keçirilib. Beləliklə, adları aşağıda göstərilmiş şəxslər - Peşəkar Futbol Liqasından Rauf Əliyev, Hafiz Məmmədov, Ələkbər Məmmədov, Kazbek Tuayev; Regional Futbol Federasiyalarından Cahangir Hacıyev, İsgəndər Cavadov; Sahə Futbol Federasiyalarından Mahir Məmmədov, Mirkamil Rəhimov; İctimai Futbol Təşkilatlarından isə Elmar Qasımov və Elşad Nəsirov növbəti 4 il üçün İcraiyyə Komitəsinin üzvü seçiliblər.
Sonra komissiya və komitə sədrləri konfrans tərəfindən təsdiqlənib. Muxtar Babayevin Apelyasiya və Ekspert Komissiyasının, Xaqani Məmmədovun Hakimlər Komitəsinin, Gülağa Cabbarovun Hakim-İnspektorlar Komitəsinin, Tofiq Fətullayevin isə İntizam Komitəsinin sədri vəzifəsində fəaliyyətini davam etdirməsi barədə qərar qəbul olunub.
AFFA prezidenti Rövnəq Abdullayev çıxış edərək, növbəti dəfə ona etimad göstərdiklərinə görə konfrans iştirakçılarına və ölkə futbol ictimaiyyətinə minnətdarlığını bildirib, Azərbaycan futbolunun inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini deyib.
Həmin gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin yeni seçkilərdən sonra ilk iclası keçirilib. Aparılan müzakirələrdən sonra Rauf Əliyev AFFA-nın I vitse-prezidenti, Elşad Nəsirov vitse-prezidenti seçilib. AFFA-nın baş katibi Elxan Məmmədovla müqavilənin müddəti 4 il uzadılıb.

FİFA prezidenti Azərbaycanın
təşkilatçılığını dəstəklədi
AFFA-nın prezidenti Rövnəq Abdullayev ötən il həm FİFA-nın prezidenti Yozef Blatter, həm də UEFA-nın prezidenti Mişel Platini ilə bir neçə dəfə görüşdü.
FİFA və AFFA rəhbərləri arasında 2012-ci ildə ilk görüş Rusiyanın Sankt-Peterburq şəhərində oldu. Son illər ölkəmizdə futbolun inkişafı naminə həyata keçirilən kompleks tədbirlər barədə dünya futbol qurumunun rəhbərinə məlumat verən AFFA prezidenti bu sahədə dövlət başçısının qayğısını xüsusilə qeyd etdi. Rövnəq Abdullayev bildirdi ki, ölkəmizdə idmanın, o cümlədən futbolun inkişafına daim diqqət yetirən və köməklik göstərən Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə son illər infrastrukturun genişləndirilməsi istiqamətində xeyli işlər görülüb. "Hazırda ölkəmizin müxtəlif ərazilərində stadionlar inşa olunur. Dövlət başçımızın və sizin iştirakınızla 2011-ci ildə Bakıda Olimpiya stadionunun təməlqoyma mərasimi keçirildi. AFFA-nın Futbol Mərkəzindəki "Dalğa Arena”nın açılışında isə siz də iştirak etdiniz. Ölkəmiz FİFA U-17 qadınlararası dünya çempionatına hazırlaşır. Turnirin yüksək səviyyədə təşkili üçün mütəmadi işlər aparılır. Respublika Prezidenti bu mötəbər çempionatın lazımi səviyyədə keçirilməsini daim nəzarətdə saxlayır, müvafiq tapşırıqlarını verir və həyata keçirilən tədbirlərlə mütəmadi tanış olur. Ölkə rəhbərinin sərəncamı ilə Azərbaycanda 2012-ci ilin "İdman ili” elan olunması dövlətin idmana son dərəcə böyük qayğısının məntiqi nəticəsidir. Bu çempionatın başlanma vaxtını göstərən sayğacın isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən işə salınması ölkə ictimaiyyəti arasında böyük rezonansa səbəb oldu. Bir sözlə, biz FİFA ilə əməkdaşlığımızı daim genişləndirməyə, verilən tövsiyələrə layiqincə əməl etməyə və birgə layihələri yüksək səviyyədə həyata keçirməyə çalışırıq”, - deyə AFFA prezidenti bildirdi.
Görüş zamanı dünya çempionatı ilə bağlı görülən işləri əks etdirən videoçarxlar monitor vasitəsilə beynəlxalq futbol qurumu rəhbərliyinin diqqətinə çatdırıldı. Həmçinin bununla bağlı çap olunan kitablar qonaqlara təqdim olundu.
Azərbaycanda keçiriləcək 17 yaşınadək qadınlar arasında dünya çempionatı ilə bağlı hazırlıq işlərindən razı qaldığını deyən FİFA prezidenti Yozef Blatter çempionatın yüksək səviyyədə keçiriləcəyinə əvvəlcədən əmin olduğunu dedi: "Çünki dövlətinizin başçısı İlham Əliyevin idmana, xüsusilə də futbola olan sevgisini və bu növün inkişafı üçün necə böyük həvəslə çalışdığını yaxşı bilirəm. Bundan əlavə, çempionatla bağlı təqdim etdiyiniz sosial və mədəni proqramlar da bizi sevindirir. Buna görə də tam əminliklə deyə bilərəm ki, bu cür layihələr çempionata xüsusi töhfə verəcəkdir”, - deyə o əlavə etdi.

FİFA prezidenti Yozef Blatterin ölkəmizə bütün səfərlərinin futbolun inkişafı və əməkdaşlığın genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini deyən AFFA prezidenti Rövnəq Abdullayev onu dünya çempionatının açılış mərasiminə dəvət etdi. Beynəlxalq futbol qurumunun rəhbəri bu dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirdi. Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edirdilər.
Ölkəmizdə keçirilən dünya çempionatı çərçivəsində AFFA rəhbərliyi FIFA-nın vitse-prezidenti, beynəlxalq futbol təşkilatının İcraiyyə Komitəsinin üzvü İssa Hayatou ilə görüşdü və fikir mübadiləsi apardılar. Bundan başqa, bir çox Avropa və dünya futbol federasiyalarının rəsmiləri də çempionat dövründə ölkəmizdə səfərdə oldular. FİFA-nın Avropada futbolun inkişafı üzrə meneceri Yeva Paskue, UEFA-nın Hakimlər Konvensiyasının Azərbaycan üzrə məsul nümayəndəsi Donald Makvikar, Milli Assosiasiyaların İnkişafı Departamentinin rəisi Tyerri Favre, qadın futbolunun inkişafı üzrə əlaqələndiricisi Emili Şav, stadionlar və infrastruktur üzrə eksperti David Pertriaşvili, Təhsil Şöbəsinin üzvü Daniel Rayser, "Hat-trik” proqramı üzrə meneceri Yozef Kliment və stadionların ot örtüyü üzrə mütəxəssisi Markus Keller, həmçinin Qazaxıstan Futbol Federasiyasının baş katibi Sayan Hamitcanov Bakıya səfər etdilər. Rəsmi qonaqlar AFFA-nın baş katibi Elxan Məmmədovla görüşərək fikir mübadiləsi apardılar.
Ötən il AFFA prezidenti Rövnəq Abdullayev "Bakı” futbol klubu ilə əməkdaşlıq şərtlərini müzakirə etmək üçün ölkəmizə gələn İspaniyanın "Atletiko” (Madrid) klubunun baş meneceri Migel Angel Gil Marinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. Görüş zamanı qonaqlara ölkəmizdə futbolun inkişafı, infrastruktur layihələrinin həyata keçirilməsi, eləcə də bu istiqamətdə görülən digər işlər barədə ətraflı məlumat verildi. AFFA prezidentinə "Atletiko” (Madrid) klubunun futbol köynəyini təqdim edən qonaqlar "Bakı” futbol klubunun bazası ilə də tanış oldular.

Ölkəmizdə keçirilən dünya
çempionatından bizə nə qaldı?
Azərbaycanda idmanın inkişafı daim dövlətin diqqət mərkəzindədir. Son illər ölkənin bir çox şəhərlərində Olimpiya idman kompleksləri tikilib istifadəyə verilib, xüsusilə gənclər arasında idmanla məşğulluğun daha geniş yayılması üçün çoxsaylı tədbirlər həyata keçirilib. Azərbaycanda mötəbər beynəlxalq səviyyəli idman yarışları, o cümlədən dünya və Avropa çempionatları keçirilib, həmin yarışlarda Azərbaycan idmançıları uğurla iştirak ediblər.
Ölkəmizdə idmanın futbol növünə də xüsusi qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 10 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Həmin Dövlət Proqramında qadın futbolunun inkişafı və milli yığma komandaların dünya və Avropa çempionatlarında iştirakının təmin edilməsi məsələlərinə xüsusi önəm verilib. Artıq bu istiqamətdə bir sıra layihələr həyata keçirilir.
Şübhəsiz ki, 2012-ci ilin ən maraqlı hadisəsi ölkəmizdə "FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan-2012”nin keçirilməsi idi. Azərbaycanın futbol tarixində ilk dəfə idi ki, ölkəmiz belə bir mötəbər yarışa ev sahibliyi edirdi. Bu, bir daha göstərir ki, respublikamız, doğrudan da, idman ölkəsidir. Çempionatın Bakı və Lənkəranda keçirilməsi üçün AFFA tərəfindən böyük işlər görülmüşdü. Futbol federasiyası turnirqabağı təşkilatçılıq məsələləri ilə bağlı bütün çətinlikləri həll edərək dünya çempionatının yüksək səviyyədə keçirilməsinə nail oldu. Ölkə Prezidenti çempionatın Bakı və Lənkəranda yüksək səviyyədə keçirilməsi üçün öz dəstəyini əsirgəmədi və bununla bağlı bir neçə sərəncam imzaladı. Bu isə respublikamızda kütləviləşməkdə olan futbola ölkə rəhbəri tərəfindən göstərilən qayğını bir daha nümayiş etdirdi.
Çempionatın açılışından bir gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev FİFA-nın prezidenti Yozef Blatterin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Görüşdə FİFA U-17 qadınlar arasında futbol üzrə dünya çempionatının Azərbaycanda keçirilməsinin önəmi qeyd edildi, çempionata hazırlıq işlərinin yüksək səviyyədə təşkil olunduğu bildirildi. Görüş zamanı ölkəmizdə idmanın, o cümlədən futbolun inkişafına yüksək dövlət qayğısının göstərildiyi vurğulandı, paytaxtda və regionlarda idman infrastrukturunun yaradılması ilə bağlı ardıcıl tədbirlərin həyata keçirildiyi bildirildi.
FİFA prezidenti Yozef Blatter FİFA U-17 qadınlar arasında futbol üzrə dünya çempionatının xüsusi medalını və FİFA-nın vımpelini dövlətimizin başçısına təqdim etdi.
Azərbaycan Prezidenti FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan-2012”nin təntənəli açılış və bağlanış mərasimlərində iştirak etdi. Dövlət başçısı Milli Olimpiya Komitəsinin 20 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə "FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012”nin yüksək səviyyədə təşkil olunduğunu qeyd etmişdir: "Ölkəmizdə bir neçə mötəbər beynəlxalq yarış keçirilmişdir. Mən onların içərisində qızlar arasında futbol üzrə dünya çempionatını xüsusilə qeyd etmək istəyirəm. Çünki bu, bizim üçün birinci təcrübə və çox uğurlu təcrübə idi. Çünki həm FİFA, həm UEFA-nın prezidentləri Azərbaycanda keçirilmiş bu çempionatı yüksək qiymətləndirmişlər. Çempionat üç həftəyə yaxın keçirilmişdir və bütün məsələlər yüksək səviyyədə həll olunmuşdur. Biz bütün təşkilati məsələlərdə həmişə olduğu kimi, yüksək səviyyədə idik. Bu çempionat tarixə artıq ən uğurlu çempionatlardan biri kimi daxil edilibdir. Azərbaycanda digər beynəlxalq tədbirlər də keçirilir. Artıq biz bu prosesə öyrəşmişik. Hər həftə, demək olar ki, hər hansı bir beynəlxalq tədbir keçirilir. Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi bir daha ölkəmizin idman ölkəsi olduğunu göstərir”.
Dünya çempionatının açılış mərasimində iştirak edən FIFA prezidenti Yozef Blatter və digər rəsmi qonaqlar mundialın yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğuladılar. FIFA prezidenti xarici mətbuata açıqlamasında ölkəmizdə keçirilən çempionat haqda bunları dedi: "Biz Azərbaycanda 17 yaşına qədər qızlar arasında Dünya kuboku keçirirdik. Bu, yeni mədəni mühitdə yarışlar keçirilməsi ideyasının reallaşdırılmasına gözəl nümunədir. Azərbaycan qeyri-adi ölkədir. Biz ilk dəfə müsəlman ölkəsində qadınlar arasında çempionat keçirdik. Azərbaycan müsəlman ölkəsidir. Onlar qadınlar arasında çempionatı öz ölkəsində təşkil etdilər. Bu, bütün dünyaya, bütün başqa mədəniyyətlərə ciddi siqnaldır: qızlar və qadınlar bu oyunu oynaya bilərlər. Lakin bəzi müsəlman ölkələrində qadınlar başqa ölkələrdəki qadınların malik olduğu hüquqların heç də hamısından istifadə etmək imkanına malik deyildir. Ona görə də bu hadisə çox önəmlidir. Mən Azərbaycan Prezidenti cənab İlham Əliyevlə söhbət etdim və çempionatın yaxşı təşkil olunması münasibətilə onu təbrik etdim. Bu hadisə bütün dünyada qadın futbolunun inkişafı üçün çox böyük əhəmiyyət kəsb edəcək, bütün dünyada qadınların hüquqları ilə bağlı vəziyyətin daha da yaxşılaşmasına müsbət təsir göstərəcəkdir”.
Çempionatın açılış mərasimində dünya şöhrətli "Cirque du Soleil” sirki xüsusi olaraq bu çempionat üçün hazırladığı proqramla çıxış etdi. Sonra dünya şöhrətli müğənni Cenifer Lopesin möhtəşəm ifası azarkeşlərin bayram əhval-ruhiyyəsini daha da artırdı. Daha sonra Azərbaycanın və Kolumbiyanın 17 yaşınadək qadınlardan ibarət milli komandaları yaşıl meydana daxil oldular. Azərbaycan Prezidenti İlham Əliyev və FİFA-nın prezidenti Yozef Blatter komandaların oyunçularını, hakimləri təbrik edərək, onlara uğurlar arzuladılar.
22 gün davam edən çempionatda azarkeşlər bir-birindən maraqlı oyunların şahidi oldular. Burada Yaponiya, Koreya Xalq Demokratik Respublikası, Çin, Nigeriya, Qana, Qambiya, ABŞ, Kanada, Meksika, Braziliya, Uruqvay, Kolumbiya, Yeni Zelandiya, Fransa, Almaniya və ev sahibi Azərbaycanın milli komandaları birincilik uğrunda mübarizə apardılar. Turnirin finalında Fransa və Koreya Xalq Demokratik Respublikasının komandaları qarşılaşdı. Final oyununu izləyənlər arasında Azərbaycan Prezidenti İlham Əliyev, Avropa Futbol Federasiyaları Assosiasiyasının prezidenti Mişel Platini, FIFA İcraiyyə Komitəsinin üzvü Lidia Nsekera, beynəlxalq və milli futbol qurumlarının rəhbərləri var idi.
Çempionatda Fransa komandası qalib gəldi. Həlledici oyunun əsas hissəsi heç-heçə başa çatdı (1:1). Oyunsonrası 11 metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən (7:6) fransızlar "FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012”nin kubokuna sahib oldular. Sonra təntənəli mükafatlandırma mərasimi keçirildi. Əvvəlcə çempionatın ən məhsuldar futbolçusu, ən yaxşı qapıçısı və ən yaxşı oyunçusu mükafatlandırıldı. Çempionatı üçüncü yerdə başa vuran Qana millisinə bürünc medallar təqdim olundu. Final oyununda məğlub olan Koreya Xalq Demokratik Respublikasının komandası gümüş medallarla mükafatlandırıldı. Çempionatın qalibi Fransa yığmasına qızıl medallar və dünya çempionatının kuboku təqdim olundu. Mükafatları Azərbaycan Prezidenti İlham Əliyev, UEFA-nın prezidenti Mişel Platini, FIFA İcraiyyə Komitəsinin üzvü Lidia Nsekera və başqaları təqdim etdilər. Mükafatlandırma mərasimindən sonra yaşıl meydançadakı səhnəyə çıxan dünya şöhrətli müğənni Şakiranı 27 min azarkeş hərarətlə qarşıladı.
Bununla da, Azərbaycanın ev sahibliyi etdiyi daha bir dünya çempionatı başa çatdı. Beynəlxalq yarışların təşkilində böyük təcrübəsi olan ölkəmizin tarixində ilk dəfə 17 yaşınadək qadınlar arasında dünya çempionatı yüksək səviyyədə keçirildi. Bu, Azərbaycanda keçirilən ilk böyük FIFA tədbiri və Avrasiyada təşkil edilən ilk U-17 qadınlararası dünya çempionatı idi.
Təbii ki, dünya çempionatından bizə standartlara cavab verən stadionların tikilməsi və yenidən bərpası, ölkəmizdə qadın futbolunun inkişafı və xoş əhval-ruhiyyə qaldı. Çempionatın respublikamızda təşkil olunması ölkəmizdə idmanın bu növünə marağın daha da artmasına səbəb oldu, Azərbaycanın nüfuzlu beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsini daha da zənginləşdirdi. Dünya çempionatının oyunları paytaxt Bakı ilə yanaşı, Lənkəran şəhərində də keçirildi. Çempionat üçün beşi Bakıda, biri isə Lənkəranda olmaqla, altı stadion ayrılmışdı. Bu stadionlardan üçü mundiala hazırlıq işləri çərçivəsində inşa olunmuşdu. Azərbaycan Prezidenti əsaslı təmir edilən Tofiq Bəhramov adına Respublika stadionunun və Bakının Nizami rayonunun 8-ci Kilometr qəsəbəsində tikilən yeni stadionun açılış mərasimində iştirak etmişdi. Xəzər rayonunun Binə qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə AFFA tərəfindən FİFA standartları səviyyəsində tikilən yeni stadionun açılışında isə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdi.
2012-ci il ölkəmiz üçün digər əlamətdar hadisələrlə də yadda qaldı. Türkiyənin İstanbul şəhərində keçirilən UEFA İcraiyyə Komitəsinin iclasında Azərbaycan futbolu üçün mühüm qərar qəbul olundu. Belə ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, 17 yaşınadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatı 2016-cı ildə Azərbaycanda keçiriləcək. Bundan başqa, hərbçilərin futbol üzrə dünya çempionatı 2013-cü ildə Azərbaycanda təşkil olunacaq. 2020-ci ildə Avropa çempionatının bəzi oyunları da Bakıda keçirilə bilər. Bunun üçün AFFA Bakı şəhərinin namizədlik ərizəsini UEFA-ya göndərib.
Rahib Səmədov

(ardı var)