Pərdis isə "Turan”a təkbaşına qalib gəldi
Bu həftə Topaz Premyer Liqasında final mərhələsinin startı verilib. Üç gün ərzində keçirilən 6 oyundan 3-də meydan sahibləri qələbə qazanıb. Tur liderin büdrəməsi ilə əlamətdar olub. Lideri izləyən "İnter” qələbə qazanmaqla xal fərqini 1-ə endirib.
Birinci oyun günü yalnız bir matç təşkil olunub. Yeganə oyunda böyükhesablı nəticə qeydə alınıb. İkinci "altılıq”da iştirak edən "Sumqayıt” doğma azarkeşlər önündə "Turan” klubunu sınağa çəkib. Matç Pərdis Fərzad-Azadın "benefis”i ilə yadda qalıb. Belə ki, yığmamızın qarşıdakı rəsmi oyunlarına çağırılmağından ruhlanan milliləşdirilən hücumçu hələ birinci hissədə vurduğu 4 qolla matçın qəhrəmanı olub. Nəticədə, Pərdisin vurduğu qollardan sonra "Sumqayıt”a turnir cədvəlində "Turan”ı geridə qoyaraq, 9-cu pilləyə yüksəlib.
İkinci oyun günü 3 qarşılaşma olub. Qonaqlar bu dəfə də qələbə üzünə həsrət qalıblar. Belə ki, "Sumqayıt”ın qələbəsini ev sahiblərindən "Rəvan”la "Simurq” davam etdirib. Hər ikisi rəqibinə 1:0 hesabı ilə qalib gəlib. Bununla da, "Xəzər Lənkəran”dan ölkə kubokundakı məğlubiyyətin əvəzini çıxan "Rəvan” turnir cədvəlində qərarlaşdığı 11-ci pilləni "Turan”a verərək, 10-cu yerə qalxıb.
"Simurq” isə bu qələbə sayəsində "Qarabağ”la xallarını bərabərləşdirib və şəxsi oyunlara görə zaqatalalılar 3-cü pilləyə yüksəliblər. Qeyd edək ki, bu komandalar arasında təsnifat mərhələsində keçirilən oyunların birində heç-heçə (0:0), digərin isə ağdamlıların qələbəsi (2:1) qeydə alınıb. Zaqatalalılar rəqib meydanında vurduqları qola görə üstünlük qazanıblar.

"Bakı” evdə lider "Neftçi” klubu ilə qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib. Özlərini qonaq kimi aparmayan "neftçilər” hesabı açan tərəf olublar. Birinci hissənin sonllarında Araz Abdullayevin uzaqdan vurduğu top rəqib qapıçı üçün qarşısıalınmaz olub. Fasilədən sonra irəli atılan meydan sahibləri bir neçə dəfə qol vurmaq imkanı qazanıblar. Lakin "zolaqlılar” bunlardan yalnız birindən istifadə edə biliblər. Matçın başa çatmasına 8 dəqiqə qalmış komanda yoldaşından ötürmə alan Marius Pena başı ilə topu qapıdan keçirib - 1:1. Bununla da, lider "Neftçi” vacib 2 xal itirib. "Bakı” isə bu il məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib.
Son oyun günündə daha 2 qarşılaşma təşkil olunub. "İnter” səfərdə "Qəbələ” üzərində qazandığı qələbə sayəsində lider "Neftçi” ilə xal fərqini minimuma endirib. Bununla da, "bankçılar” uğursuz seriyaya son qoyaraq, çempionluq uğrunda mübarizəsini davam etdirir. "İnter” hələ birinci hissədə vurduğu 2 qolla oyunun taleyini həll edib. Qəbələlilər fasilədən sonra hesab arasındakı fərqi azaltsalar da, onların bundan artığına gücləri çatmayıb.
İkinci "altılıq”da keçirilən oyunda da qonaqlar qalib gəliblər. Hər halda, 7-ci yerdə qərarlaşan AZAL-ın son pillənin sahibi "Kəpəz”i məğlub etməkdə çətinlik çəkməyəcəyi gözlənilən idi. Nəticədə, "təyyarəçilər” qələbə sayəsində ən yaxın izləyicisi, növbəti turda qonağı olacağı "Xəzər Lənkəran”ı 4 xallıq fərqlə qabaqlayırlar.
Topaz Premyer Liqası
XXIII tur
11 mart
"Sumqayıt” - "Turan” - 4:0
Qollar: Pərdis Fərcad Azad, 6; 8; 19; 23.
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Coşqun Həsənov, Anar Salmanov.
Bakı. "Bayıl Arena” stadionu.
12 mart
"Simurq” - "Qarabağ” - 1:0
Qol: Rəşad Eyubov, 32.
Hakimlər: Rəhim Həsənov, İsgəndər Əliyev, Zeynal Zeynalov, Ömər Paşayev.
Zaqatala. Şəhər stadionu.
"Bakı” - "Neftçi” - 1:1
Qollar: Marius Pena, 82 - Araz Abdullayev, 44.
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elşən Acalov, Ramiz Məhərrəmov.
Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
"Rəvan” - "Xəzər Lənkəran” - 1:0
Qol: Xuan Manuel Varea, 90 (pen.).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ramil Diniyev.
Bakı. "Bayıl Arena” stadionu.
13 mart
"Qəbələ” - "İnter” - 1:2
Qollar: Viktor Mendi, 62 - Asif Məmmədov, 26, Yuri Fomenko, 29.
Hakimlər: Vüsal Əliyev, Azər Əsgərov, İlham Əliyev, Feyzulla Feyzullayev.
Qəbələ. Şəhər stadionu.
"Kəpəz” - AZAL - 1:3
Qollar: Fərid Quliyev, 54 - Junior Nildo, 18, 30-pen, Viktor İqbekoyi, 46.
Hakimlər: Elçin Məmmədov, Nahid Əliyev, Rahil Ramazanov, Tahir Əhmədov.
Bakı. "Dalğa Arena” stadionu.