«Bu yarışda iştirak bizim üçün böyük təcrübə idi»

«Bu yarışda iştirak bizim üçün böyük təcrübə idi»


Oktyabrın 18-də paytaxtımızda start götürən Bakı-2015 ilk Avropa Oyunlarının proqramına daxil olan dağ velosipedi idman növü üzrə sınaq yarışı başa çatdı.
Azərbaycan yığma komandası yarışda 3 kişi velosipedçi ilə təmsil olundu. Velosipedçilərimizdən Aqşin İsmayılov, Murad Sultanov və Orxan Məmmədov qüvvəsini sınadı.
Qeyd edək ki, 21 kişi təmsilçinin iştirakı ilə keçirilən yarışda yığmamızın üzvlərindən Aqşin 14-cü, Orxan 18-ci, Murad isə 19-cu pillədə qərarlaşıb.
Yarış başa çatdıqdan sonra yığmamızın üzvü Aqşin İsmayılov fikirlərini «Olimpnews.az» saytının əməkdaşları ilə bölüşdü:
- Velosiped idmanı yeni inkişaf yoluna qədəm qoyub. Bu yarışda iştirak bizim üçün böyük təcrübə idi. Qısa zaman ərzində məşq etməyimizə baxmayaraq əzmlə mübarizə apardıq. İnanıram ki, Bakı-2015 Avropa Oyunlarınadək daha yaxşı məşq edərək nəticəmizi yaxşılaşdıracağıq.